525.Az

Könüllərdə, yaddaşlarda yaşamaq haqqı - Vətəni qibləgah edən şəhidlər


 

Könüllərdə, yaddaşlarda yaşamaq haqqı - <b style="color:red">Vətəni qibləgah edən şəhidlər </b>

Zaqatalada beşmərtəbəli evin sonuncu mərtəbəsində yaşayır şəhid Sərxan Bayramovun ailəsi. Əslində valideynləri Oqtay da, Həlimət də gəncdirlər. Hər ikisinin 50 yaşları ancaq olar. Ancaq tale çiyinlərinə elə bir yük qoyub ki...

Şəhidimizin anası Həlimət Bayramovanın söhbətindən öyrəndik ki, oğlu ilə son görüşləri bu il martın 20-də olub. Mart ayının 22-də Sərxan üçün qız qapısına elçi gediblər, aprelin 10-da da nişan aparacaqdılar... Ancaq aprel ayının 10-da oğlunun üçrəngli Azərbaycan bayrağına bükülmüş tabutunu gətirdilər evinə.

- Mən onun toyuna hazırlaşırdım. Xonçalar tutacaqdım... Bu evin hər küncündə, hər qapısında, aynasında Sərxanın xatirəsi, əksi var. Son zamanlar söhbət edəndə mənə deyirdi ki, ana, sən möhkəm ol! Bəlkə də özü bilirmiş ki, ömrü yarıda qırılacaq...

Söhbəti arandan, dağdan gətirib, mətləbə yetirirəm, Oktay Bayramovdan oğlu Sərxanı soruşuram. Cavabı belə olur:

- Özüm çilingərəm. Sərxana da öyrətmişdim sənətimi. Əsgərliyə getdi. Bir gün dedi ki, Xüsusi Təyinatlı Bölməyə yazılmaq istəyir. Böyük qardaşı Harun da hərbçidir. O Ali Hərbi Akademiyanı bitirib. 8-ci sinfi bitirəndən sonra Sərxanın sənədlərini Naxçıvanskı adına hərbi litseyə verdik. Qəbul olunmadı. Necə ağlayırdı, necə tökürdü gözünün yaşını. Bu sənəti sevirdi. Uşaqlıq şəkillərinin içərisində də hərbi formada bir şəkli var. Bütün ümidlərimizi, arzularımızı yarımçıq qoydu Sərxan. Aprelin 1-dən 2-nə keçən gecə erməni qəsbkarları torpaqlarımızda qəfil döyüşlərə başlayanda, bizim əsgərlərimiz şücaət göstərib, döyüşlərin ilk günündə kəşfiyyatçı oğlum Sərxan da onların sıralarında olmaqla, Tərtər istiqamətində Talış yüksəkliyinin alınmasında iştirak edib. Sonra da şəhid olub. Yəqin ki, qalibiyyətdən xəbər tutub, onun qanı bahasına torpaqlarımızın kiçik bir hissəsinin azad olunduğunu bilib...

Həlimət Bayramova Sərxan haqqında daha xoş xatirələr yazılsın deyə, müəllimləri və dostları ilə əlaqə saxlamağımızı xahiş etdi. Biz 5-ci mərtəbədən həyətə enəndə məhəllədə qonşuları gördük. Əminə, Nəsihət və Vüqarı. Sərxan Bayramov haqqında yazmaq istədiyimizi biləndə Əminə bacı dedi:

- Sərxan ölmək üçün yox, yaşamaq üçün doğulmuşdu. Onu məhəlləmizdə sevməyən adam yox idi. Çox yaxşı uşaq idi. Haraya baxırıqsa yeri görünür. Axırıncı dəfə görəndə ona dedim ki, bala, qayıt gəl, ata-anan təkdir evdə. Dedi ki, xala, bəs, mən getməsəm, kim gedəcək?! Şəhid olsam, ağlamayın. Hələ də anasına deməmişik bu sözü. Üzünə baxa bilmirik Həlimətin. Ancaq neyləyək, Vətən yolunda şəhid olub, onun qanı ilə torpağımız azad edilib.

Qalibiyyət şəhidimiz Sərxan Bayramov Zaqatalada şəhid Nizami Hüseynov adına rusdilli orta məktəbi bitirib. Nizami Hüseynov 1994-cü ildə Qarabağ uğrunda döyüşlərdə həlak olub. Bu gün həmin məktəbdə Sərxanı da şəhid kimi anırlar. Məktəbin müəllimləri Larisa Əsgərova və Sərxanın sinif rəhbəri olmuş Nərgiz Ədilovadan soruşduq vətən oğlunu. Larisa Əsgərova dedi:

 - Bizim rayonun 192 şəhidi var. 2-5 aprel döyüşlərində isə məktəbimizin sevimli şagirdi Sərxan Bayramovu da itirdik. Söz xatirinə demirəm, elə şagirdlər var ki, onlar müəllimlərin və məktəbin yadında həmişə qalır. Sərxan bir başqa şagird idi. Onu hamı sevirdi. Onun yoxluğunu qəbul etmək çox çətindir. İndi o bizim məktəbin, rayonun, Azərbaycanın fəxridir. 40 gün məktəbin foyesində onun şəklini saxladıq. Məktəblilər Zaqatalanın dağlarından, düzlərindən topladıqları tər-təzə çiçəkləri hər gün gətirib, onun şəklinin önünə qoyaraq ehtiram göstərdilər. İndi də şəkli qəhrəmanlar sırasında asılıb.

Nərgiz Ədilovanın dedikləri:

- Mən Sərxangilin sinif rəhbəri, həm də riyaziyyat müəlliməsiyəm. Elə suyuşirin, istiqanlı, həyatsevər uşaq az-az olar. Məktəbi bitirsə də, bu ünvanı unutmamışdı. Nə zaman Zaqatalaya gəlirdisə, mütləq bizə baş çəkirdi. Sərxanın qara xəbəri hamını sarsıtdı. Aprelin 11-də səhər düzülüşündə qocaman müəllimimiz Ənvər Məhyəddinov ağlaya-ağlaya uşaqlara Sərxan Bayramovun şəhid olması xəbərini verdi. Uşaqların üzünə baxa bilmirdik. O gündən sonra məktəblilərimizin də ruhu dəyişib elə bil, hamısının başında qəhrəmanlıq havası var.

Namiq Abbasov, dostu: "Qardaşım kimi idi Sərxan. Sinfə ilk ayaq basan gündən onunla dost olduq. Hətta, sinif yoldaşımız İnaranın xatirə dəftərindəki "Ən yaxın dostun kimdir?" sualının cavabında da ikimiz  bir-birimizin adını yazmışdıq. Məktəbdən sonra əsgərlik ayırdı bizi. Əsgəri xidmətimizi başa vurandan sonra yenidən doğma Zaqatalaya qayıtdıq. Sərxanla yaşıd olsaq da, o mənə həmişə böyük kimi yol göstərər, məsləhətlər verərdi. İndi Sərxan yoxdur. Bakı da, Zaqatala da mənə yaddır, hara çıxıramsa, Sərxanı görürəm... Onun yerini heç vaxt, heç kim doldura bilməyəcək".

İnara Hüseynova, sinif yoldaşı:

- Mən indi uzaqlardayam - Hollandiyada yaşayıram. Tale hərəmizi bir tərəfə atıb. Sonuncu dəfə 2013-ci ildə görmüşdüm Sərxanı. Təsadüfən Zaqatalada üz-üzə gəldik. Çox sevindik. 5 dəqiqə vaxtımız oldu danışmağa. Onun həlak olması xəbərini eşidəndə imtahanda idim. Sonra əmisi oğlu Muradla danışdım, qara xəbəri təsdiqlədi. Artıq 3-cü aydır ki, Sərxan yoxdur sıramızda. Ancaq inana bilmirik yoxluğuna. Sərxan daima bizim qəlbimizdə yaşayacaq...

Aprel ayında qoşunların təmas xəttində Ermənistan silahlı birləşmələrinin təxribatlarının qarşısını alarkən şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq hərbi qulluqçusu, gizir Sərxan Oqtay oğlu Bayramov ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalla təltif edlib. 

 





14.06.2016    çap et  çap et