Ötən ilin sonunda “Azərbaycan-2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası təsdiq edildi. Bu sənəd ölkə həyatının bütün sahələrində inkişaf siyasətinin əsas strateji hədəflərini özündə ehtiva edir. Konsepsiyada müasir təhsil sisteminin formalaşdırılması, səhiyyə sahəsində yeniliklər, əhalinin sosial müdafiəsinin təkmilləşdirilməsi kimi vəzifələr qoyulub. Konsepsiyada əminliklə vurğulanır ki, 2020-ci ildə Azərbaycan iqtisadi və siyasi cəhətdən inkişaf etmiş, bütün sahələrdə rəqabət qabiliyyətli ölkə olacaq. Azərbaycanın ən ucqar kəndlərində belə, vətəndaşların rahat gündəlik həyatı üçün lazımi bütün kommunikasiyalar, səhiyyə və təhsil xidmətləri təmin ediləcək. Bəs bu milli fəaliyyət planında bələdiyyələrin yeri haradadır? Axı yerlərdə xidmətlərin təşkilində bələdiyyələrin üzərinə böyük yük düşür. Bir çox qanunlarda təhsil, səhiyyə və digər sahələrdə bələdiyyələrin xidmət göstərməsi nəzərdə tutulub. Elədirsə, bu konsepsiyada bələdiyyələrin inkişafına baxış nədən ibarətdir?
Əvvəlcə konsepsiyanın özünə nəzər yetirək. Sənədin “Qanunvericiliyin təkmilləşdirilməsi və institusional potensialın gücləndirilməsi” hissəsində qeyd olunur ki, “bələdiyyələrin potensialının gücləndirilməsi və bələdiyyə idarəçiliyi sahəsində ixtisaslaşmış kadrların hazırlanması” ilə bağlı tədbirlər görüləcək. Lakin tədbirlərin nədən ibarət olacağı haqqında burada hansısa bir qeyd yoxdur. Konsepsiyada həmçinin qeyd olunub ki, müasir yanaşma çərçivəsində yerli özünüidarəetmə orqanlarının iqtisadi qərarların qəbul olunmasında çevikliyi artırılacaq: “Kənd yerlərinin inkişafı istiqamətində xüsusi layihələr həyata keçiriləcək, infrastrukturun və sosial xidmətlərin yaxşılaşdırılması tədbirləri davam etdiriləcək. Regionlarda və kəndlərdə də yol problemi daim diqqətdə saxlanılacaq və nəqliyyat sektoruna tələbin qarşılanması məqsədilə müvafiq addımlar atılacaq”.
Konsepsiyada bələdiyyələrin yerlərin inkişafındakı tədbirlərdə hansı rol oynayacağı göstərilmir. Bəs yerli özünüidarə orqanları təmsilçiləri bu istiqamətdə hansı təklifləri gözləyirlər? Söhbət etdiyimiz bələdiyyə üzləri konsepsiyanın nəticəsini gözləmədən indidən fəaliyyətə keçməyin tərəfdarıdırlar. Qəsəbə Bələdiyyələri Assosiasiyasının sədri Hümbət Hüseynov deyir ki, yerli özünüidarə orqanlarının inkişafı naminə indiyə kimi müxtəlif səviyyələrdə təkliflər veriblər: “Assosiasiyanın xətti ilə həm Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş mərkəzinə, həm də digər qurumlara təkliflər paketi hazırlayıb təqdim etmişik. Amma neçə illər ərzində təəssüf ki, təkliflərimiz əksəriyyəti qəbul edilməyib, həyata keçirilməyib. Məncə, 2020-ci ili gözləmək lazım deyil, elə bu gündən işləməyə başlayıb həmin dövrə kimi tam inkişafa nail olmaq mümkündür”.
ƏMLAKIN SƏNƏDİ YOXDURSA, VERGİSİ NECƏ TOPLANSIN?
Bu günkü reallığa gəlincə, Hümbət Hüseynov deyir ki, bələdiyyələrin bəzi sahələrdə səlahiyyətlərlə, bəzən isə maliyyə mənbələri ilə təmin olunmasına ehtiyac var: “Amma bizim deməyimizlə deyil ki, neçə illərdir deyirik, amma səlahiyyət artırmaq əvəzinə öhdəlik artırılır. Yəqin nə vaxt lazım biləcəklərsə, hissə-hissə bu səlahiyyətlər veriləcək”. Hazırda bələdiyyələrin yeganə maliyyə mənbəyinin əmlak və küçə reklamlarından olan vergidən gəldiyini deyən H.Hüseynov bu sahədə də problemlərin olduğunu söyləyir: “Məsələn, Rəsulzadə qəsəbəsində əmlak vergisi yığmaq çətindir. Çünki bu ərazidə minlərlə ev sənədsiz evdir. Əmlakı təsdiqləyən sənəd yoxdursa, biz necə onun vergisini toplayaq? Gərək ümumi sənədləşmə olsun. O qədər belə problemlər var ki”.
Yeri gəlmişkən, Qəsəbə Bələdiyyələri Assosiasiyasının təkliflərindən biri də fiziki şəxslərlə yanaşı, hüquqi şəxslərin də əmlak vergisinin bələdiyyələrə verilməsi ilə bağlıdır. İstənilən halda, H,Hüseynlov ümid edir ki, 2020-ci ilə kimi yerli özünüidarə orqanlarının şində əsaslı dönüş yaranacaq.
BƏLƏDİYYƏ İLƏ ƏHALİ ARASINDA GƏRGİNLİK OLMAZDI
Xətai bələdiyyəsinin üzvü Məhərrəm Həsənov isə hesab edir ki, hazırda yerli özünüidarəetmədə ən ciddi problem icra hakimiyyətləri ilə bağlıdır. Səlahiyyətlərin bölüşdürülməsində toqquşma yarandığından, icra hakimiyyətlərinin bələdiyyənin inkişafında maraqlı deyillər: “Əgər yerli idarəetmə bələdiyyələrə verilsəydi, Azərbaycan regionlarında son dövrlər müşahidə edilən gərginliklər də baş verməzdi. Çünki bələdiyyə birbaşa insanlarla işləyir, hər kəsi tanıyır, onların problemləri ilə bilavasitə tanışdır. Lokal problemlərin həlli də məhz bələdiyyələrə verilməlidir. Əgər biz Azərbaycanda bələdiyyələrin Avropadakı səviyyəyə qalxmasını istəyiriksə, gərək onlara həmin imkanları yaradaq”.
XAÇMAZ BƏLƏDİYYƏSİ 2020-Nİ GÖZLƏMİR
Bəzi bələdiyyələr isə 2020-ci ilə gözləmədən artıq öz fəaliyyətlərində köklü dəyişiklik ediblər. Məsələn, Xaçmaz şəhər bələdiyyəsi ərazisindəki hər bir əmlakı vergiyə cəlb etməyin yolunu tapıb. Bələdiyyənin vergi müfəttişi Elnur Məmmədov deyir ki, onlar əmlakın qiymətləndirilmə metodikasını hazırlayıblar, bunu Ədliyyə Nazirliyindən qeydiyyata aldırıblar. İndi vətəndaşların ödəməli olduğu əmlak vergisi həmin metodika ilə hesablanır. Bundan əlavə, ərazidəki əmlak siyahıya alınıb, xüsusi uçot sistemi yaradılıb. Bura vətəndaşlara aid zəruri məlumatlar daxil edilib: Bilməliyik ki, vətəndaşın hansısa sosial güzəştə malikdirmi, təqaüdçüdürmü və s.
Daşınmaz əmlak idarəsi 1999-cu ilə uyğun hesablama formulu ilə işləyir. Bu isə real vəziyyəti əks etdirmir. Biz real qiymətləndirmə aparırıq, əmlakın dəyərini bazar qiymətinə uyğun hesablayırıq”. Metodika 2 ildir tətbiq olunsa da, artıq vergi yığımının artımına müsbət təsirini göstərib. Hətta reklam vergisinin toplanılmasında da irəliləyişlər müşahidə olunur. Odur ki, E.Məmmədov dövlətin yardımı ilə yanaşı bələdiyyələrin özlərinin təşəbbüskarlığının artırmağın tərəfdarıdır.
Mülki Cəmiyyətə Doğru Mərkəzinin rəhbəri Abil Bayramov hesab edir ki, “Azərbaycan-2020: Gələcəyə baxış” inkişaf konsepsiyasından bələdiyyələrin gələcəyi o qədər də işıqlı görünmür. Çünki bu sənədə yerli özünüidarə prizmasından baxanda görünür ki, əksmərkəzləşmə, yerli idarəetmə islahatlarına münasibətdə konkret islahat istiqamətlərini nəzərdə tutan konseptual yanaşma yoxdur.
Ümumilikdə ekspertlər hesab edirlər ki, Azərbaycanda yerli özünüidarənin səmərəliliyini təmin etməyə mane olan bir sıra problemlər mövcuddur. Bura bələdiyyələrin statusu, funksiya və səlahiyyətləri, yerli özünüidarə orqanlarının fəaliyyətinin maliyyə-iqtisadi əsasları, yerli idarəetmənin təşkili və s. kimi məsələlərlə bağlı problemlər aiddir. Həmin problemlərin həlli, xüsusilə yerli idarəetmənin təşkilinin mövcud sistemin təkmilləşdirilməsi üçün konseptual yanaşmanı özündə əks etdirən razılaşdırılmış strategiyanın qəbulu vacibdir.
Fərəh SABİRQIZI`
çap et