525.Az

El ağsaqqalı Əşrəf kişi: 100-ün bir addımlığında...


 

El ağsaqqalı Əşrəf kişi: 100-ün bir addımlığında...<b style="color:red"></b>

90 elə-belə yaş deyil. Bu yaşda olan insan artıq böyük ömür yaşayıb, ailə qurub, ev tikdirib, dost-tanış tapıb, oğul-uşaq, nəvə-nəticə sahibidir.
 
Kənd yerlərində hörmətli kişilərə dayı, əmi, qağa, bəzən də xüsusi ehtiram ifadəsi olaraq, kişi deyə müraciət edirlər. Kişi sözü bizlərdə ən böyük tituldur. Haqqında söhbət açacağım el ağsaqqalımız, 90 yaşı bugünlərdə tamam olan Əşrəf kişiyə - Məmmədov Əşrəf Məhərrəm oğluna da kənddə hamı Əşrəf kişi, övladları isə qağa deyirlər.

Əşrəf kişi 1926-cı ilin iyul ayının 1-də, Beyləqan rayonunun İkinci Şahsevən kəndində anadan olub. Bu kənddə böyüyüb, boya-başa çatıb, ailə həyatı qurub, yaxşı övladlar tərbiyə edib, dostlar qazanıb.

O, Xanım xala ilə ailə həyatı qurub. Əl-ələ verib, kolxozda işləyib, xoş günlər keçiriblər. Kolxozda mexanizator işləyib, briqadir olub. Bir sözlə, çəkdikləri zəhmət onları nümunəvi ailə sahibi edib.

Ailə elə ictimai, psixoloji aləmdir ki, dünya xalqları ona müxtəlif anlayışlı mehriban adlar verirlər. Azərbaycanlılar ailəni ən müqəddəs mühit hesab edirlər. Ailə elə bir evdir ki, dünyanın bütün sevinc və kədəri bu kiçik yuvaya sığa bilər.

Bəs xoşbəxt ailə nə deməkdir? Onun xoşbəxtliyini necə təyin etmək olar?

Bütün bu suallara cavab vermək üçün Əşrəf kişinin ailəsi ilə tanış olmaq lazımdır.

Əşrəf kişinin 10 övladı - 5 oğlu, 5 qızı, 32 nəvəsi, 16 nəticəsi var. Mehribançılığa görə Əşrəf kişinin ailəsi nümunəvidir. Övladları ailə qurub, ev-eşik sahibi olublar, zəhmətlə dolanır, əl-ələ verib işləyirlər. Əşrəf kişinin həyat yoldaşı Xanım xala qəhrəman anadır. Uşaqların tərbiyəsində, zəhmətə bağlı olmasında böyük əməyi var. Hamısını eş-eşik sahibi ediblər, gözəl ailələri var.

Əşrəf kişi maşın həvəskarıdır. 90 yaşında da özünün "Jiquli" maşınını özü idarə edir. 40 ildir ki, maşın sürür, bir dəfə də qəza törətməyib. Sağlamlığı yerindədir. İşdən qalmır, ona verilmiş pay torpağında təsərrüfatla fəal məşğul olur. Əmək veteranıdır. Dövlət onun əməyini qiymətləndirib, orden və medallarla təltif edib.

Yaxınlarının Əşrəf kişi haqqında dediklərindən 

Paşa (böyük oğlu): - Atam ağsaqqalımız, böyüyümüz, yol göstərənimizdir. Bizə həmişə zəhmətkeş və işgüzar olmağı məsləhət görür, pis işlərdən uzaq olmağa çağırır, "yaxşılıq etmək əsl kişi işidir" deyir.

İsmayıl (qardaşı): - Qardaşım həmişə zəhmətkeşlik, işgüzarlıq, halallıq öyrədib bizə. Fəxr edirəm ki, Əşrəf kimi qardaşım var.

Kamal (oğlu): - Atamla fəxr edirəm. Bizə düzgün yol göstərib. 90 yaşın mübarək, ata! Sənə cansağlığı arzulayıram.

Cəmilə (qızı): - Atam başımızın tacıdır. Onunla fəxr edirik. Ata, səni 90 yaşının tamam olması münasibətilə təbrik edirəm. Anamla birlikdə bundan sonra sizə çoxlu xoş günlər arzulayıram.

Rüfət (nəvəsi): - Babam bizi həmişə yaxşı oxumağa həvəsləndirir. Düzgünlüyü təlqin edir. Mən babamı çox istəyir, onunla fəxr edirəm.

Çox hörmətli Əşrəf kişi! 90 yaşınız mübarək olsun! Hələ neçə-neçə gözəl illər yaşayasınız. Övladlarınız, nəvələriniz, nəticələrinizlə birlikdə həmişə elə-obaya, vətənə dayaq olun. Evinizin işığından evlərə, ürəklərə işıq düşsün, qəhrəmanlıq işığı, qeyrət işığı yayılsın. Eviniz həmişə urvatlı və bərəkətli olsun!

Əyyub MƏMMƏDOV
Tibb elmləri namizədi, Əməkdar həkim
Beyləqan rayonu

 





16.06.2016    çap et  çap et