525.Az

AMEA Naxçıvan Bölməsində Heydər Əliyev lektoriyasının növbəti məşğələsi


 

AMEA Naxçıvan Bölməsində Heydər Əliyev lektoriyasının növbəti məşğələsi <b style="color:red"></b>

Dünən AMEA Naxçıvan Bölməsində Heydər Əliyev lektoriyasının 15 iyun-Milli Qurtuluş Gününə həsr olunan "Heydər Əliyev dərsləri" adlı 71-cı məşğələsi keçirilib.

Bölmənin sədri, akademik İsmayıl Hacıyev  "Ümummilli lider Heydər Əliyev: qayıdışdan qurtuluşa" adlı məruzəsində bildirib ki, 1991-ci ildə dövlət müstəqilliyini elan edən Azərbaycan ağır problemlər burulğanına yuvarlanmışdı. Artıq 1993-cü ilin yazında ölkədaxilində vəziyyət böhran həddinə çatmışdı. Azərbaycan torpaqlarının bir hissəsi ermənilər tərəfindən işğal olunmuş, yüz minlərlə yurddaşımız öz doğma ocaqlarından qaçqın, köçkün vəziyyətinə düşmüşdü. Belə bir vaxtda xalq yeganə düzgün yolu seçdi - dünya şöhrətli siyasi xadim Heydər Əliyevi təkidlə ölkə rəhbərliyinə dəvət etdi.

"1993-cü il iyunun 9-da xalqın təkidli tələbi ilə görkəmli dövlət xadimi Heydər Əliyev Bakıya getdi. Onminlərlə insan Bakı hava limanına axışaraq öz müdrik xilaskarını qarşıladı.
 
1993-cü il iyunun 15-də xalqın qətiyyətli istəyi gerçəkləşdi: ulu öndər Heydər Əliyev Azərbaycan Respublikasının Ali Sovetinə sədr seçildi",  - deyən İsmayıl Hacıyev qeyd edib ki, 1993-cü il oktyabrın 3-də xalqın böyük dəstəyi ilə prezident seçilən görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi on il müddətində son dərəcə böyük işlər görüb.

Vurğulanıb ki, ulu öndərin milli maraqlara əsaslanan çoxşaxəli siyasət strategiyası bu gün onun layiqli davamçısı prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda ölkəmizin hərtərəfli və sürətli inkişafı, baş verən əsaslı dəyişikliklər, xarici siyasətimizdəki uğurlar, insanların rahatlığı naminə həyata keçirilən qlobal layihələr Azərbaycanın qüdrətli dövlət olduğunu təsdiq edir.

Daha sonra sənədli filmə baxış olub.

Nərgiz İSMAYILOVA

 





16.06.2016    çap et  çap et