525.Az

Saatlıda "Heydər Əliyev fenomeni: qurtuluşdan inkişafa doğru" mövzusunda konfrans


 

KONFRANSDA MƏTBUAT ŞURASININ VƏ SAATLI RAYON İCRA HAKİMİYYƏTİNİN "MUĞANIMIZ - TARİXİMİZ, SƏRVƏTİMİZ" MÖVZUSUNDAKI BİRGƏ MÜSABİQƏSİNİN QALİBLƏRİ MÜKAFATLANDIRILIB

Saatlıda "Heydər Əliyev fenomeni: qurtuluşdan inkişafa doğru" mövzusunda konfrans <b style="color:red"></b>

Dünən Saatlıda "Heydər Əliyev fenomeni: qurtuluşdan inkişafa doğru" mövzusunda konfrans keçirilib.

Konfransı giriş sözü ilə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Sıraqəddin Cabbarov açaraq bildirib ki, Ümummilli Lider Heydər Əliyevin 1969-cu ildə birinci dəfə hakimiyyətə gəlişi ilə həyata keçirdiyi tədbirlər Azərbaycanın keçmiş müttəfiq respublikaları arasındakı nüfuzunun artmasına səbəb olmuşdu. Qısa müddətdə bütün istiqamətlərdə dinamik inkişaf əldə edilmiş və götürülmüş temp xalqın milli özünüdərkinə də yol açmışdı. Nəticə etibarilə Ulu Öndərin fəaliyyəti müstəqil Azərbaycan üçün bir növ baza yaratmışdı. Azərbaycanın ikinci dəfə dövlət müstəqilliyini əldə etməsində də bu bazanın mühüm rolu olmuşdu. Müstəqilliyin qorunub saxlanması isə bilavasitə Heydər Əliyev şəxsiyyətinə xas qətiyyətin, prinsipiallığın və yüksək idarəçilik təcrübəsinin təntənəsi idi. Bu mənada onun 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı böyük tarixi əhəmiyyət daşıyan hadisədir.

Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, Heydər Əliyev şəxsiyyəti bütün dövrlər üçün öyrənilməsi vacib olan məktəbdir. Ə.Amaşov çıxışında Ulu Öndər Heydər Əliyevin jurnalistikanın missiyasına hər zaman böyük önəm verdiyini də diqqətə çatdırıb. O bildirib ki, Ümumilli Liderin həyata keçirdiyi tədbirlər vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu prosesində medianın rolunu xüsusi vurğulayıb. Bunun nəticəsi idi ki, Azərbaycanda söz, ifadə və mətbuat azadlığının istər hüquqi əsasları yaradıldı, istərsə də maddi-texniki bazasının qurulması prosesinə start verildi.

MŞ İdarə Heyətinin üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, Heydər Əliyevin reallaşdırdığı məqsədyönlü siyasət medianın struktur və məzmun baxımından yenidən qurulmasına səbəb oldu. İlk növbədə söz və ifadə azadlığının konstitusion əsasları formalaşdırıldı. Ana qanunda təsbit olunmuş əsaslar hüquqi normativ bazanın həm təkmilləşdirilməsi, həm də beynəlxalq standartlara uyğun şəkildə yaradılması üçün çıxış nöqtəsinə çevrildi.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli Heydər Əliyevi ölkəsi və xalqı üçün böyük fədakarlıqlar edən, cəfalara qatlaşan tarixi lider kimi xarakterizə edib. Ulu Öndərin miras qoyduğu irsin öyrənilməsinin zəruriliyini vurğulayan V.Səfərli istər rəhbərlik etdiyi qurumun, istərsə də digər təşkilatların bu mövzuda gerçəkləşdirdiyi tədbirlərin 15 iyun Milli Qurtuluş Gününün mahiyyətini təbliğ etmək baxımından əhəmiyyətini əsaslandırıb.

İctimai Yayım Şurasının sədri, Bakı Dövlət Universitetinin Jurnalistika fakultəsinin dekanı Cahangir Məmmədli çıxışını Heydər Əliyev şəxsiyyətinin jurnalistikaya, ümumən media ictimaiyyətinə diqqət və qayğısını isbatlayan fikirlər üzərində qurub. O bildirib ki, Ulu Öndər hakimiyyətdə olduğu bütün dövrlərdə ictimai fikrin dirçəlişinə təkan verib. Bu istiqamətdəki tədbirləri dəstəkləyərək Azərbaycanı daim ucalarda görmək istəyini reallığa çevirib.

Konfransda Azərbaycan Mətbuat Şurasının və Saatlı Rayon İcra Hakimiyyətinin 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş "Muğanımız - tariximiz, sərvətimiz" mövzusundakı müsabiqənin qalibləri də mükafatlandırılıb. Müsabiqə ilə bağlı məlumat verən MŞ sədri Ə.Amaşov bildirib ki, müsabiqəyə yazı qəbulu aprelin 15-dən may ayının 30-dək davam edib. Bu mddətdə 30-dan artıq yazı daxil olub. Materialların müəllifləri ölkənin qəzet, elektron media portalı daxil olmaqla ölkənin 19 kütləvi informasiya vasitəsində çalışan jurnalistlərdir. Materiallar 5 ekspert tərəfindən qiymətləndirilib: "Öncədən deyim ki, müsabiqədə 10 həvəsləndirici mükafat nəzərdə tutulurdu. Elə oldu ki, ekspertlər sonda iki iştirakçının eyni bal topladığını müəyyənləşdirdilər. Buna görə də 10 deyil, 11 həvəsləndirici mükafat sahibimiz var. Bundan başqa 3 nəfər üçüncü, 2 nəfər ikinci yerə layiq görülüb. Nəhayət müsabiqəmizdə 1 qalib var".

Daha sonra "Muğanımız - tariximiz, sərvətimiz" mövzusundakı müsabiqənin qaliblərinə diplomlar və pul mükafatı təqdim olunub. Qeyd edək ki, müsabiqə üzrə birinci yerin sahibi 1000, ikinci yerin sahibləri 800, üçüncü yerin sahibləri isə 500 manat məbləğində pulla mükafatlandırılıblar. 11 həvəsləndirici mükafat sahibinin hər birinə 100 manat təqdim edilib.

 





16.06.2016    çap et  çap et