525.Az

“İndi biz tarixi həm yaratmalı, həm də yazmalıyıq” - Fotolar


 

Səfir: “Qazaxıstanla əlaqələrimiz o qədər mükəmməl səviyyədədir ki...”

“İndi biz tarixi həm yaratmalı, həm də yazmalıyıq” - <b style="color:red">Fotolar</b>

Azərbaycan diplomatı Rəşad Məmmədovun xüsusi təqdimata ehtiyacı yoxdur.

Onun Azərbaycan və Qazaxıstan arasındakı apardığı uğurlu diplomatik siyasətin nəticələri hər iki ölkədə hiss olunmaqdadır. Azərbaycan Respublikasının Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Eynəddin oğlu Məmmədovn 43 yaşı var. İxtisası hüquqşünasdır. 1992-ci ildə könüllü olaraq Vətən savaşına qatılıb. Ədəbiyyatımızı, tariximizi, mədəniyyətimizi dərindən bilir. Atası Eynəddin Məmmədov Gəncədəki Kənd Təsərrüfatı Universitetinin professorudur, bir neçə kitab müəllifidir. Özü ailəlidir. Üç övladı var. Azərbaycan, ingilis, rus, qazax, dillərində mükəmməl danışır.

“Azərbaycanla Qazaxıstanın tarixi bağlılığın yaşı əslində min illərdir. Bizi kökümüz, qanımız, genetik yaddaşımız , adət-ənənlərimiz, türkçülüyümüz bağlayır” – bu fikirləri Rəşad Məmmədov söhbətimizin lap əvvəlində söylədi.

2008-ci ildə Qazaxıstan prezidenti Nursultan Nazarbayevin təşəbbüsü ilə Qərbi Qazaxıstanın Aktau şəhərində ikinci diplomatik nümayəndəlik təsis edildi. Azərbaycan prezidenti İlham Əliyev də Qazaxıstanda ikinci diplomatk korpusu təsis etdi. Aktauda - dəniz limanının dünyaya çıxış imkanı olan şəhərdə - diplomatik korpusun açılması həm Qazaxıstan tərəfin, həm də bu dövlətlə təməlli diplomatik əlaqələri olan Azərbaycan tərəfin də maraqlarına da uyğun gəlirdi. Elə həmin ilin sentyabr ayında Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə Qazaxıstanın Qərb bölgəsinin Aktau şəhərində ikinci diplomatik nümayəndəliyimiz yaradıldı. Həmin ildən Rəşad Məmmədov gənc diplomat kimi Aktauda baş konsul kimi fəaliyyətə başladı. Bunla da Azərbaycan-Qazaxıstan arasında yeni dövr başlandı. Və 2015-ci il dekabrın 23-də isə R.Məmmədov Azərbaycan Respublikasının Qazaxıstanda fövqəladə və səlahiyyətli səfiri təyin olundu. Azərbaycan və Qazaxıstan arasında “yeni dövrün” nədən ibarət olduğunu isə, Rəşad Məmmədovun cavablarından biləcəksiniz.

Cavabları diqqətinizə çatdırmazdan əvvəl Mangistau vilayətinə kiçik bir ekskurs edək.

Hələ bizim eradan 1000 il əvvəl Manqistau yarımadasından Böyük İpək yolu keçirdi. Yazılı mənbələrdə Manqistauya “Manqışlak” da deyirlər. Qədim Turan dövlətinin dəvə karvanlarının izləri var bu səhra və dənizlər diyarında. Ərazilər Xivəni Avropa və Yaxın Şərq ilə birləşdirib. Arxeoloji tapıntılardan da aydın olur ki, burada hər zaman köçəri və oturaq tayfalar yaşayıb. IX əsr ərəb coğrafiyaşünası Əl İstəhari yazırdı: “Mən o yerlərdə Siyah Kuhdan başqa gözəl bir məkan görmədim. Siyah Kuhda (Qara dağ deməkdir.) türk tayfaları yaşayır, bu türk tayfaları da quz tayfaları ilə müharibə etdiklərindən gəlib Siyah Kuh dağının ətrafına sığınıblar. Həqiqətən də Manqışlakda böyük qara bir dağ var. Manqışlak həm də Səlcuq sultanı Alp-Arslanın adı ilə bağlıdır. O zamankı qıpçaklar Alp Arslana tabe idilər. Alp Arslan da 1065-ci ildə burada tikdiyi müdafiə qalasının adını Manqışlak qoymuşdu. İllər qərinələrə, qərinələr əsrlərə çevrildi. Dünyanın düzəni dəyişdi. Və Xəzər ətrafında yaşayan qədim xalqların bu günümüzə qədər gəlib çıxan insanları həmin torpaqlardan, ərazilərdən yox olmadı. Kökləri dərin olduğundan yeni formasiyada yaşamaq şansı qazandı.

Tarixin hər dönəmində iqtisadi və geosiyasi region sayılan Manqistau vilayəti 1950-ci illərdə Sovet dönəmində də əhəmiyyətini itirmədi. Geoloqlar burada nadir yeraltı sərvətlərin olmasının fərqinə vardılar. Üzdən saralmış və qumlu səhra təsiri bağışlayan bu bərəkətli diyarda, yerin altında neft, qaz və uran tapdılar. Qazaxıstana insanların miqrasiyası, gəlib-getməsi, heç kəsdə təccüb doğurmadı. Kimlərəsə vətən, kimlərəsə çörək yeri, iş və qazanc mənbəyi oldu.
 
-Rəşad müəllim, Aktau bir dəniz şəhəridir. Bu şəhərin Azərbaycanla, azərbaycanlılarla nə qədər bağlılığı var?

- Tarixdən də məlum olduğu kimi, əsrlər ötəndən sonra, Manqistau vilayətini 1950-ci illərdə SSRİ məkanında sənaye şəhərinə çevirmək qərara alındı. Qazaxıstanın Qərb vilayətinin Aktau, Atırau və Janaozen şəhərləri xüsusi əhəmiyyət kəsb eməyə başladı. Nəzərə alanda ki, Qazaxıstanın ərazisi bizim Azərbaycandan dəfələrlə böyükdür və bir vilayəti 2-3 Azərbaycan boydadır, üstəgəl ölkənin bir vilayətindən digər vilayətinə getmək üçün bəzən 1000 kilometr yol qət etməlisən, bu böyük yol ayrıclarında və birləşmələrində zaman və iqtisadi itkilər az olsun deyə, Azərbaycan Aktau, Janaozen və Atrau şəhərləri üçün ən yaxın təchizat və idarəçilik mərkəzi seçildi. Həmin illərdən başlayaraq, Qərb vilayətində neft çıxarılmaı sahəsində təchizat birbaşa Azərbaycandan təmin olunmağa başladı. Və Qazxıstanın Neft Şirkəti də Azərbaycanın tabeçiliyinə keçdi. Buranın şəhərsalma, neftçıxarma, dəmiryolu nəqliyyatında daşınmalarında çalışmaq üçün Azərbaycandan da xeyli işçi qüvvəsi cəlb olundu. Bakıdan 300 kilometr məsafədə yerləşən Aktauya işləməyə gələn insanlardan kimisi taleyini bu yerlərə bağlayıb, kimlərsə də qazanc və pul dalınca gəldiyindən, sonradan bu yerləri tərk etdilər. Ancaq bir çoxları şəhərin və vilayətin tarixinə öz adlarını qızıl hərflərlə yazıblar. Janaozen şəhərində azərbaycanlılar ilk açıq karyer tipli yataqlardan uran çıxarılmasında iştirak ediblər. Bundan başqa sürətli neytronlarda atom reaktoru zavodunun tikintisində də azərbaycanlıların əməyi çox olub. Bu yeniliklə də şəhərə şirin suyun verilməsinə, yeni enerji ocaqlarının yaranmasına müvəffəq oldular. Bizim mütəxəssislər Manqiştau vilayətində həm Kaşaqanı, həm də qurudakı yataqları kəşf ediblər. Azərbaycanlılar ilk quyuları qazıblar, şəhərsalmada iştirak ediblər, dəmir yolunun çəkilməsində xidmətləri olub.

Beləcə, qardaş Qazaxıstanın təkcə iqtisadiyyat deyil, hər sahəsində azərbaycanlıların imzasını görmək olar. Lakin bunları indiyə qədər arayan, axtaran, üzə çıxaran olmamışdı. Aktauda Baş konsulluğumuz yarandığı ilk gündən Qərb vilayətində yaşayan soydaşlarımızın üzləşdikləri problemlər, həyat tərzi, diaspora quruculuğu yönmündə fəaliyyəti ilə maraqlanmağa başladıq.

Bu gün Aktauda, Atırauda əsas tikinti sektorlarında azərbaycanlı iş adamları öz vəsaitləri ilə mühüm və vacib iqtisadi layihələrini tətbiq etdilər. Azərbaycan və Qazaxıstan Dəniz limanları arasında ilk layihənin həyata keçirilməsində iştirak etdik. Layihə “Qazaxıstan Dəmir Yolu” SC, “Çin Dəmir Yolları”, “Azərbaycan Dəmir Yolları” QSC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə birgə həyata keçirilir. Layihə çərçivəsində tranzit və xarici ticarət yüklərinin cəlb edilməsi, həmçinin yükdaşıma həcminin artırılması məqsədilə rəqabətə davamlı vahid dəmir yolu tarifləri və hərəkətin təşkili yanaşmasının tətbiqi nəzərdə tutulur. Bu marşrutun işə düşməsi üzv ölkələrin ixracat və tranzit potensialının yüksəldilməsinə, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun rəqabət gücünün artırılmasına təkan verəcək. Eyni zamanda, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu Avropa ölkələrindən olan yükgöndərənlər üçün də cəlbedici və sərfəli olmaq imkanlarına malikdir. Sentyabrda ikinci konteyner qatarının Çin-Qazaxıstan-Azərbaycan-Gürcüstan-Türkiyə marşrutu üzrə hərəkət etməsi planlaşdırılır.

- Azərbaycan həqiqətlərinin yayılması yönümündə də bir çox işlər görmüsünüz. Bəlkə bu haqda da danışasınız?

- Türklər tarixi yaradıb, ancaq yazmayıb. Bizim torpaqlarımızı işğal edən düşmən ermənilər tarix yaratmayıb, ancaq tarixə sahib çıxıb, ağlına gələni yazıblar. İndi isə biz tarixi həm yaratmalı, həm də yazmalıyıq. Bu tarixi həqiqətlərin təhrif olunmaması üçün Manqistau və Atrau vilayətlərinin iki böyük şəhərinin universitetlərində Azərbaycan Tarixi və Mədəni İrsinin Öyrənilməsi Mərkəzləri yaratmışıq. Bu mərkəzlərdə tariximiz, ədəbiyyatımız öz əksini tapıb. Dövlətimizin və qardaş dövlətin bayramlarını , ağrılı-acılı tarixlərini də təhsil ocağındakı mərkəzlərdə qeyd edirik. Qonşuluğumuzda yaşayan monoetnik dövlət olan erməni düşmənlərimiz bizi qeyri-xalqlara qarşı dözümsüz kimi qələmə vermək istəsələr də, biz onların bu təbliğatını doğru həqiqətlərimizlə ifşa edirik. Bu gün Azərbaycan multikulturalizmi dünyada bir nümunə kimi öyrənilir, ölkəmizdə min illər boyu yaşayan xalqlar öz dinlərini, dillərini, mədəniyyətlərini qoruyub saxlayıblar. Biz artıq Qazaxıstan ictimaiyyətinə və burada yaşayan xalqlara, diplomatik nümayəndəliklərə İrəvanda başqa millətin yaşaması üçün heç bir imkanın olmamsını sübutlarla çatdıra bilmişik.

- Qazaxıstanda 140-a yaxın millət yaşayır. Bu qədər çoxmillətli bir ölkədə azərbaycanlılar necə görünür?

- Qazaxıstanın başı da ötən əsrin əvvəllərindən etibarən çox zülmlər, faciələr çəkib. Sovet rejiminin “xalq düşməni” adlandırdığı, sürgün etdiyi insanlar özlərindən asılı olmayaraq, dövrün qanunlarına və qaydalarına uyğun olaraq, buraya sürgün olunublar. Ən müxtəlif millətlər burada həm əzab çəkib, həm də yerli qazaxların mərhəməti hesabına yaşaya biliblər. Qazxıstanın milli lideri Nursultan Nazarbayevin müdrik siyasəti, həyat təcrübəsi nəticəsində, çoxsaylı millətlər, xalqlar dinindən və irqindən, millətindən asılı olmayaraq bu böyük ölkənin içərisində sülh və əmin-amanlıq şəraitində yaşayırlar, hamısı öz etnik mənsubiyyətini qoruyub saxlaya-saxlaya Qazaxıstanın vətəndaşı olub, Qazaxıstanın çiçəklənməsi naminə də çalışıblar. İndi onların hamısı bir şanırak altında Qazaxıstan Xalq Assambleyası İnstitutunda birləşiblər. Bu ölkəyə taleyini bağlayanlar, indi də əməkləri ilə ölkənin çiçəklənməsinə tövhələrini verirlər. Onlar ölkənin qanunvericilik orqanlarında da təmsil olunurlar. Ölkənin tarixində ilk dəfə olaraq, bu il etnik azərbaycanlımız Məhərrəm Məhərrəmov Qazaxıstan Məclis Parlamentinə deputat seçilib. Ölkənin 5 vilayətində isə Vilayət Məslixatına 5 deputatımız seçilib. Bu isə qazaxların və Qazaxıstan cəmiyyətinin azərbaycanlılara olan münasibəti və inamının göstəricisidir. Təməli ümummilli liderimiz Heydər Əliyev və qazaxların milli lideri Nursultan Nazarbayev tərəfindən qoyulmuş , Azərbaycan prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən mükəmməl dostluğun və etibarın bəhrəsidir.

- Bu ilin yazında, 2-5 aprel günlərində ermənilərin cəbhə xəttində törətdiyi təxribat və onlara Azərbaycan Ordusunun verdiyi cavab, Qazaxıstan ictimaiyyətində də birmənalı qarşılanmadı. Sözün əsil mənasında qardaş ölkədən ancaq dəstək sədaları gəldi.

- Elədir ki, var. Həmin günlərdə bütün insanlar, sosial şəbəkələr Qazaxıstanın və Azərbaycanın bayraqlarına büründü. Qazaxıstanın informasya məkanları, mətbuatı həmin hadisələri çox dəqiqliklə və həyəcanla izlədi. Buradakı rusdilli saytların vasitəsilə bizim haqq savaşımız barədə doğru informasiyalar bu mərkəzdən də dünyaya yayıldı. Bir səfir kimi, bu məni də çox məmnun etdi.

- Onu da bilirik ki, Siz Qazaxıstana fövqəladə və səlahiyyətli səfir təyin olunduiqdan sonra ermənilərin burada keçirmək istədikləri bir neçə tədbirin qarşısını almağa nail olmusunuz.

- Ermənilər tarixən onlara çörək verən, onlara yaşamaq üçün şərait yaradan, onların sözünü deyən ölkələrə qarşı çıxıb, bayraqlarını yandırıblar. Bu da onların iç üzünü göstərir. Təbii ki, Qazaxıstan cəmiyyətində də ermənilər yaşayırlar. Və zaman-zaman özlərinin yalan uydurmalarına, torpaq iddialarına doğru don geyindirərək, nəyəsə nail olmaq istəyirlər. Həm həmin 2-5 aprel günlərində, həm də, ondan əvvəl və sonra onlar öz yalanlarını yaymaq üçün burada tədbirlər keçirmək istəyiblər. Uydurma soyqırımdan danışmaq, Qarabağı özlərinin tarixi torpaqları elan etmək məqsədilə çəkilmiş, Türk dünyasına böhtan dolu filmlər nümayiş etdirmək istəyərkən vaxtında və çevik olaraq xəbər tutmuşuq. Müvafiq təşkilatlarla danışıqlar apararaq dövlət orqanlarına xəbər verdik. Birgə keçirdiyimiz qarşılayıcı tədbirlər sayəsində onların pis niyyətlərinin həyata keçirilməsinə mane ola bildik. Əlimizdəki tarixi faktlar və sübutlarla yalan danışdıqlarını əsaslandırdıq. Qazaxıstanda sülhün və sabitliyin qorunması üçün ermənilərin yanlış addım atmasına imkan vermərik. Qazxıstanın millli maraqlarının , sabitliyinin qorunması bizim üçün prioritetdir. Tərəfimizdən olunan hərəkətləri həm qazax ictmaiyyəti , həm də dövləti anlayır, başa düşür, atdığımız addımlara dəstək verir .

- Qazaxıstanın apardığı türkçülük siyasəti türk dünyasının birləşməsinə töfhə verə bilərmi?
 
- Qazaxıstan ərazisi Türkiyədən böyükdür. Bu baxımından bütün dünyanın türkləri üçün belə bir dövlətin olması qürurvericidir. Qazxıstanın çox müdrik, geniş həyat təcrübəsi , dünyəvi biliklərə malik olan, dünyanın reallıqlarını qəbul edən bir prezidenti var. O türk dünyasının, türk dövlətlərinin bir-birinə inteqrasiyası, həm xalqların bir-biri ilə əməkdaşlığının artırılması istiqamətində iqtisadi və mənəvı cəhətdən yaxınlaşmasında böyük siyasət aparmaqdadır. Bu baxımdan da, 2010-cu ildə Beynəlxlaq Türk Akademiyasını burada açdı. Akademiyanın prezidenti Darxan bəy Kıdırəli çox ağıllı, savadlı, dünyagörüşlü, bir siyasətçi və diplomatdır. Onun keçirdiyi çoxsaylı tədbirlər, elmi-praktik konfranslar, akademik dairələr üçün keçirilən tədbirlər, arxeoloji qazıntılar, buraxılan kitablar - bunların hamısı türkdilli ölkələrin, türk dilində danışan insanların bir soy-kökə qayıtmasında böyük rol oynayır. Zaman-zaman Türk dünyasına çağırışlar etməsi də, simpozium və konfranslarda Avrasiya məkanında Türk birliyinin yaranması kimi mühüm bir məsələni önə çəkməsinin özü Türk dünyasının birləşməsinə verilən mesaj və töfhədir.

- Bəzən Qazaxıstana gələn azərbaycanlılar viza vaxtının az olmasından şikayətlidirlər. Onlar vaxtın uzadılmasını istəyirlər. Çünki iş üçün gələnlər, istər-istəməz hər 1 aydan sonra yenidən vaxt artırarkən, dediklərinə görə onların problemləri də yaranır.

- Dünyada qloballaşma gedir. Bu gün ölkələrin infrastrukturları, xalqalrı, yolları bir-biri ilə birləşdirilir. Ona görə də hər bir ölkədə qəbul edilmiş qanunlar dövlətin milli qanunvericiliyi ilə, milli maraqları ilə yanaşı, beynəlxalq sazişlər, müqavilələr və götürülmüş öhdəliklərlə tənzimlənir. Bu qanunlar ziddiyyət təşkil etməməlidir. Unutmaq olmaz ki, dövlətin imzaladığı saziş və müqavilələrin hüquqi qüvvəsi , həmin dövlətin milli qanunvericiliyindən daha üstün qüvvəyə malikdir. Bu qaydalar hər bir ölkənin Konstitusiyasında da təsbit olunur. Azərbaycan Avrasiya İttifaqının üzvü deyil, üzv olmayan ölkələrlə isə hər hansı bir imtiyazlı sazişin bağlanması çətindir. Yeni yaradılan Avrasiya İttifaqı daxilində sərhəd mövcud deyil. Bu ittifaqa daxil olan ölkə vətəndaşları üzv ölkələrin hər birinə istədiyi vaxt gedib, istədiyi qədər qala bilir. Azərbaycanla Qazaxıstan arasında mövcud olan sazişlərə görə, vətəndaşın ölkədə qalması üçün 1 ay müddət müəyyənləşib. Bu da bir turistin gəlib qalması üçün kifayət qədər normal vaxtdır. Axı Qazaxıstanın kifayət qədər liberal qanaunvericiliyi mövcuddur. Bu qanunlara əsasən gəlmə vətəndaş sənədlərini müvafiq qaydada rəsmiləşdirərək, burada həm yaşaya, həm işləyə bilər. İnsanlarımız artıq anlamalıdırlar ki, qanunu pozmaqdansa, ona riayət etmək lazımdır. Biz Aktauda Baş konsulluqda işləyərkən bütün Qazaxıstanda yaşayan azərbaycanlıların, hətta sovetdən qalma qırmızı pasport problemlərini həll etdik. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mobil pasportlaşdırma qrupu gəlib Aktauda, daha sonra Astanada oturub, yüzlərlə vətəndaşımızın problemini həll etdi. Bu gün də səfirliyimizdə qurulan avadanlıqlar vasitəsilə sənədləşmə məsələləri çox asan və qısa zamanda həll edilir, vətəndaşlara hərtərəfli hüquqi məsləhətlər verilir.

- Ölkələrimiz arasında turzim məsələləri nə yerdədir? Son 15 ildə meqapolisə, ən gözəl şəhərə çevrilmiş Astanadan Azərbaycana səfər etmək istəyənlər varmı? Səfirlik bu istiqamətdə hansli tədbirləri həyata keçirir?

- Azərbaycan turistlər üçün ən maraqlı ölkələrdən biridir. Ölkəmiz postsovet məkanında Günəşli Azərbaycan kimi turistləri cəlb edirdisə, bu gün Odlar Yurdu kimi cəlb edir. Diplomatik nümayəndəlik olaraq, tədbirlərimizdə həmişə ölkəmizin maraqlı yerlərini, təbiətini, infrastruktrunu özündə əks etdirən videoroliklər nümyiş etdiririk. Bundan əlavə, ölkəmizin məhsullarının və mətbəxinin sərgilərini gələn qonaqlara təqdim edirik. Hər il Azərbaycana maraq göstərib istirahətə gedən qazaxların sayı yüksək templə artmadadır. Onların artıq Naxçıvandakı Duz dağından, qış kurortlarımızdan, dəniz kurortlarımızdan xəbərləri var. Novruz və Yeni il bayramları öncəsi ölkəmizə səfər edən turistlərin sayı da çoxalıb. Bundan əlavə Azərbaycandan tranzit ölkə kimi istifadə edən qazaxıstanlı vətəndaşlar mütləq Bakıya və görməli məkanlarımıza da baş çəkirlər.

Mədəniyyət və Turizm Nazirliyi Qazaxıstanda keçirilən sərgilərdə iştirak edir. Müalicəvi turzim obyektlərimizin sərgiləri təşkil olunur. İyun ayında isə 10 nəfər yerli turizm şirkətinin nümayəndələrindən ibarət qrupun Bakıya turunu təşkil etdik. Onlar artıq Azərbaycanı öyrənib gəlilər. İndi özləri Qzaxıstandan Azərbaycana marşrutlar müəyyən edəcəklər. Burada tariflər də nəzərə alınacaq. “Air Astana” Hava Yollarına da ölkəmizə uçan turistlər üçün güzəştli bilet tarifləri barədə təkliflər vermişik.

- Akatauda baş konsul olarkən, hətta həlli mümkün olmayan layihələrə və yeniliklərə imza atdınız? Paytaxt Astanada Azərbaycan dövlətinin səlahiyyətli səfiri kimi, Azərbaycan prezidentinin inandığı nümayəndəsi kimi hansı işləri görəcəksiniz?

- Vətəndaşlarımızın hüquq və mənafelərinin qorunması diplomatik korpusun əsas vəzifələrindən biridir. Qazaxıstanın Qərb bölgəsində konsulluq dairəsinə 4 vilayət daxıl idi. Son 7 ildə onların hər birində mükəmməl Azərbaycan icması yaradılıb. Daha icmalar arsında narazılıq yoxdur. Azərbaycanın prezidenti cənab İlham Əliyev deyir ki, “mən bütün azərbaycanlıların prezidentiyəm. Azərbaycan bütün azərbaycanlıların vətənidir”. Bu prinsipləri rəhbər tutaraq, mən də deyirəm ki, Qazaxıstandakı Azərbaycan səfirliyi bütün azərbaycanlıların evidir, buradakı səfir də hər bir vətəndaşın səfiridir. Qapılarımız hamının üzünə açıqdır. Bu prinsipləri rəhbər tutaraq indi icmalarla işlərin qurulması ətrafında işləyirik. İnanıram ki, tez bir zamanda Qazaxıstanın hər yerində sözün əsil mənasında bütöv, bir əldə beş barmaq kimi birləşən vahid, güclü bir icma yaradılacaq. Hamının amalı eynidir, sadəcə müxtəlif yanaşmalar var.

Qazaxıstan öz müstəqillyini qazandıqdan sonra, hüquqi bir dövlət kimi özünün miqrasiya qanunlarını və proqramlarını da işləyib hazırladı. Bu proqram çərçivəsində Uralman qazaxları— yəni hər hansı səbəbdənsə nə vaxtsa Qazaxıstandan nəsilləri və ya özləri köçüb gedən, Səudiyyə Ərəbistanı, Əfqanıstan, Çin, Monqolustan, İran və digər ölkələrdə yaşayan etnik qazaxların ölkəyə çağırılması prosesi başlandı. Bu Uralman qazaxlarin isə sabiq SSRİ, azərbaycanlılar, neft sənayesi haqqında təbii ki, bilgiləri yox dərəcəsindədir. İndi uralmanlar artıq Qazaxıstanın tam hüquqlu vətəndaşıdırlar. Bu baxımdan onlara yaxın tarixi keçmişimizi, ölkənin ictimai siyasi həyatındakı rolumuzu tanıtmaq məqsədi ilə bir çox maraqlı layihələrə imza atdıq. Görkəmli azərbaycanılar, onların həyat və yaradıcılıqları, iki xalq arasında tarixi köklərimizi əks etdirən 4 kitab çap etdik. Bu kitablarda azərbaycanlıların Qazaxıstana göstərdikləri tarixi xidmətlər öz əksini tapıb. Onlar biləndə ki, azərbaycanlıların belə xidməti olub, o zaman bir birinə qarşılıqlı hörmət artır, tolerantlıq yaranır, münasibət dəyişir.

Səfirlik qarşısında duran ən önəmli məsələlərdən biri də ticari məsələlərdir. Çalışırıq ki, ölkələrimiz arasında iqtisadi-ticari əlaqələri möhkəmləndirək. Manqistau vilayətində Azərbaycanlılar bu ölkənin qeyri neft sektorunda ən böyük investor sayılırlar.

Azərbaycanlı investorların böyük layihələri var. Ölkəmizdə istehsal olunan, yetişən kənd təsərrüfatı məhsullarının, sənaye məhsullarının Qazaxıstan bazarına çıxarılması üçün Aktauda yaranmış loqistik mərkəzin imkanlarını genişləndirəcəyik. Ölkənin bütün vilayət rəhbərləri, şəhər merləri, nazirliklərin nümayəndələri, hüquq-mühafizə orqanı əməkdaşlarının rəhbərləri ilə görüşlər keçirərək, vərəndaşlarımızın hüquq və mənafelərinin qorunması sahəsində söhbətlər aparmağa başlamışıq. Çünki hər bir vətəndaşımızın problemini həll etmək borcumuzdur. Sentyabr ayında Azərbaycanın hərbi sənayesinin istehsal etdiyi eksport yönümlü məhsulların sərgisini keçirəcəyik. Azərbaycanın tranzit potensizalı, Dəmir yolları, limanlarının yük dolurub-boşaltma imkanlarını müvafiq təşkilatlarla müzakirə edirik.

Qazaxıstanın KazMedia qurumunda birləşən 17 televiziyası, 4 radiosu ilə sıx əməkdaşlıq yaratmışıq. Kütləvi informasiya vasitələrində demək olar ki, mütəmadi olaraq, Azərbaycan haqqında maraqlı yazılar, xülasələr dərc edilir.

Bizim Qazaxıstanla əlaqələrimiz o qədər gözəl və mükəmməldir ki, onu ancaq qoruyub saxlamaq lazımdır. Sadəcə çalışmalıyıq ki, necə ki, Türkiyə insanının yanında “Azərbaycan” deyəndə qarşı tərəf “Can” sözünü işlətdikləri kimi, qazax insanında da bu sevgini, vərdişi yaradaq.

Aida EYVAZLI

 





17.06.2016    çap et  çap et