Müdafiə Nazirliyinin Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin kitabxanasında tanınmış yazıçı-publisist, Qarabağ mövzusunda əsərlər müəllifi Zemfira Məhərrəmli ilə görüş keçirilib.
Görüşə müəllifin "Döyüşə qızlar gedir", "Qarabağda savaş var" və "Qırx qız dastanı" publisistik kitablarının qəhrəmanları - döyüşçü qadınlar da dəvət olunublar.
Z.Məhərrəmli Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müntəzəm olaraq yazan müəlliflərdəndir. O, Qarabağ müharibəsinin alovlandığı illərdə qaynar bölgələri qarış-qarış gəzərək bu amansız savaşda kişilərlə çiyin-çiyinə döyüşən vətən müdafiəçilərinin qəhrəmanlığından bəhs edən cəbhə reportajları, sənədli hekayələr və oçerklər yazıb. Elə həmin vaxtdan Qarabağ mövzusu jurnalist Z.Məhərrəmlinin sanki vizit vərəqəsinə çevrilib. Həmin mövzunun davamı olaraq, az sonra müəllifin ingilis dilində nəşr edilən "Garabakh war witnessed by women" və Sankt-Peterburqda işıq üzü görmüş "Karabaxskaə voyna: srajalisğ i jenşinı" kitabları oxucuların ixtiyarına verilib. Bu kitabların qəhrəmanları erməni qəsbkarlar və onların havadarlarına qarşı fədakarlıqla döyüşmüş hünərvər Azərbaycan qadınlarıdır. Müəllif batalyonlarda, hərbi-səhra hospitallarında qarşılaşdığı döyüşçülərin çətin və şərəfli cəbhə həyatını qələmə alıb.
Mərkəzi Zabitlər Evi kitabxanasının müdiri, şairə Zəminə Xınalı qonaqları salamlayaraq, Z.Məhərrəmlinin yaradıcılığı barədə məlumat verib. Görüşdə çıxış edən keçmiş döyüşçülər-Kəmalə Qəhrəmanova, Xanımzər Həsənova, Rüxsarə Cumayeva, Gülpəri Sərkərova, Zibeydə Abdullayeva, Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin sədri Radə Abbas döyüş xatirələrini paylaşıblar. Onlar bu gün də torpaqlarımızın işğaldan azad edilməsi naminə döyüşlərə atılmağa hazır olduqlarını bildirib, hərbi-vətənpərvərlik mövzusunda mətnlərə orta məktəb dərsliklərində daha çox yer ayrılmasının zəruriliyini vurğulayıblar.
Z.Məhərrəmli və digər çıxış edənlər bu gün gənc əsgər və zabitlərin döyüş əzminin yüksəldilməsi istiqamətində mühüm işlərin görüldüyünü söyləyib, böyüyən nəslin doğma yurda məhəbbət ruhunda tərbiyəsinin daha da gücləndirilməsinin, orta məktəblərdə, tələbə auditoriyalarında keçmiş döyüşçülərlə görüşlərin keçirilməsinin, onların şəxsi nümunəsindən öyrənməyin vacibliyini qeyd ediblər.
çap et