525.Az

Medianın özünütənzimləmə qurumları şəbəkəsinin toplantısı keçirilir


 

ƏFLATUN AMAŞOV: "TƏKCƏ ETİK YOX, QANUN POZUNTULARININ DA ÇOX HİSSƏSİ İNTERNET MEDİANIN ÜZƏRİNƏ DÜŞÜR"

Medianın özünütənzimləmə qurumları şəbəkəsinin toplantısı keçirilir<b style="color:red"></b>

Dünən Gürcüstanın Kaxetiya bölgəsində medianın özünütənzimləmə qurumları şəbəkəsinin növbəti toplantısı işinə başlayıb.

Tədbir Avropa İttifaqı və Avropa Şurasının Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Ukrayna və Belarusu hədəf qrupu kimi seçdiyi birgə layihəsi əsasında baş tutur. İki gün davam edən toplantıda Azərbaycandan Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov və Şuranın İdarə Heyətinin üzvü, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli iştirak edib.

Tədbirdə şəbəkəyə üzv təşkilatların ötən müddətdə gördükləri işlər barədə hesabatlar dinlənilib.

Ə.Amaşov "Özünütənzimləmə orqanlarında etik dilemmalar" mövzusunda məruzə edib, rəhbərlik etdiyi qurumun timsalında mövcud sahədə meydana çıxan problemlərdən söz açıb. O bildirib ki, 2007-ci ildən sonra Azərbaycanda internet sürətlə inkişaf etməyə başlayıb: "Nəticə etibarilə internet media orqanlarının sayı əhəmiyyətli dərəcədə artıb. Təbii ki, operatikliv baxımından yeni tələblər meydana çıxıb. Lakin bu tələblər peşə prinsiplərinə də fərqli yanaşma zərurətini yaradıb. Mətbuat Şurası vəziyyətə adekvat davranmalı idi. Vəziyyətə adekvat davranmaq, cəmiyyətin və medianın mənafeyini uzlaşdırmaq media ictimaiyyətinin özünün də ictimai sifarişi idi. Əlbəttə, ilk baxışdan ənənəvi media üçün etik tələblərin onlayn mediaya da asanlıqla tətbiq edilə biləcəyini düşünmək mümkündür. Ancaq bir qədər öncə məsuliyyətdən danışdım. Ənənəvi KİV fəaliyyətini peşə etikasına əsasən qurur. Eyni zamanda burada qanunlara da riayət olunur. Yəni, qanunlar peşə etikasının qarantı rolunda çıxış edir. Nəhayət, böyük ölçüdə peşə etikasına riayət edən media orqanı qanunlara da riayət etmiş sayılır. Bu müstəvidə fərqliliklərə çox az təsadüf edilir. Ancaq internet media üçün belə bir məsuliyyət yükü yoxdur. Ona görə də onları etik prinsiplərə əməl etməyə çağırmaq bəzən çətin olur. Nəticədə bir çox hallarda təkcə etik pozuntuların yox, elə qanun pozuntularının da çox hissəsi internet medianın üzərinə düşür".

Daha sonra Y.Məmmədli media təbliğatında spesifik cəhətlər ətrafında məruzə edib. O Azərbaycanla xarici ölkələr arasındakı oxşar və fərqli xüsusiyyətlərə toxunub.

Toplantıda özünütənzimləmə şəbəkəsinə yeni üzvlərin cəlb olunması, etik standartların qorunması ilə bağlı beynəlxalq monitorinqin nəticələri, habelə onlayn media ilə əlaqədar şikayətlərin araşdırılması xüsusiyyətləri, Rusiyada özünütənzimləmə sistemindəki problemlər və s. müzakirəyə çıxarılıb.

Qeyd edək ki, toplantıya Serbiya, Monteneqro, Albaniya, Bosniya və Hersoqovina və Makedoniyadan da media nümayəndələri qatılıblar.

İkigünlük tədbir bu gün başa çatır.

Ceyhun ABASOV

 





17.06.2016    çap et  çap et