Xalq şairi Söhrab Tahirin yaxınları, dostları və ailə üzvləri Fəxri Xiyabana gələrək görkəmli şairin məzarını ziyarət edib, qəbri üstünə tər çiçəklər düzüblər.
AZƏRTAC xəbər verir ki, tədbirdə Xalq şairləri Nəriman Həsənzadə, Sabir Rüstəmxanlı, Xalq artisti Niyaməddin Musayev, Əməkdar artist Yaqub Zurufçu və digər çıxış edənlər korifey sənətkarın sənət və ədəbiyyat tariximizdə silinməz iz qoyduğunu, əməyinə dövlət və xalq tərəfindən yüksək qiymət verildiyini vurğulayıblar.
Bildirilib ki, vətənindən didərgin düşmüş soydaşlarımızın nisgili Söhrab Tahirin şeirlərində zərif, xəfif şəkildə əksini tapıb. Onun yaradıcılığında ikiyə bölünmüş Vətənin həsrəti, azərbaycançılıq ideyaları sönməz məşəl kimi həmişə alovlanıb. Söhrab Tahir çağdaş ədəbiyyatimizin nəhəng simalarındandır və qələm sahiblərindən ən məhsuldarı olub. İndiyə qədər şairin 1000-dən çox şeiri, 57 poeması, 8 romanı, 10 povesti, 70-dən çox hekayəsi, 800-dən artıq ədəbi-elmi-publisistik məqaləsi çap olunub. Bununla yanaşı, xarici ölkələrdə də kitabları nəşr edilib.
Bildirilib ki, ömrünün son anlarında xəstə olsa da, altı min altı yüz beytlik “Ata” poemasını yazan şairin ölümündən sonra kitabı nəşr edilib. Böyük şairin xatirəsi daim ürəklərdə yaşayacaq, Azərbaycana sevgisi könüllərdə əbədi heykəl kimi ucalacaq.
çap et