525.Az

"Erməni silahlı qüvvələri bölgədən çıxarılmalıdır"


 

"Erməni silahlı qüvvələri bölgədən çıxarılmalıdır"<b style="color:red"></b> Azərbaycan prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə görüşüb.
 
APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, görüş Sankt-Peterburq şəhərində keçirilib.
 
Azərbaycan prezidenti görüşdə bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsində “status-kvo” qəbuledilməzdir.
"Mən, bu görüşün keçirilməsi təşəbbüsünü irəli sürdüyünüzə və münaqişənin həllində Rusiyanın oynadığı konstruktiv rola görə təşəkkürümü bildirirəm. Münaqişənin həlli uzanır. Rusiya və Minsk qrupunun digər həmsədr ölkələrinin qeyd etdiyi kimi “status-kvo” qəbuledilməzdir. Biz bu bəyanatı tam dəstəkləyirik. “Status-kvo”nu dəyişmək üçün Azərbaycan ərazilərinin işğalına son qoyulmalıdır”. Erməni silahlı qüvvələri bölgədən çıxarılmalıdır.

Ümid var ki, Qarabağ nizamlanmasına konstruktiv dinamika vermək mümkün olacaq”, - deyə o vurğulayıb. 
 
Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.
 
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.
 
1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.
 
Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.
 





20.06.2016    çap et  çap et