525.Az

Moskvada Anarın yeni kitabları işıq üzü gördü


 

Moskvada Anarın yeni kitabları işıq üzü gördü<b style="color:red"></b>

Son illər Moskvada Xalq yazıçısı Anarın bir çox əsəri nəşr olunub.

"Veçe" nəşriyyatı "Navajdenie" ("Vahimə") adlı povest və hekayələr toplusunu, "Mərcani evi" isə "Dədə Qorqud" kinodastanını çap edib.

"Biblioteka "Oqonka" populyar seriyasında 40 min tirajla "Ya, tı, on i telefon" hekayələr kitabı çapdan çıxıb, "Drujba narodov" jurnalının iki müxtəlif sayında "Ağ qoç, qara qoç" və "Göz muncuğu" povestləri dərc olunub.

Bu il isə Moskvanın iki nüfuzlu nəşriyyatı Anarın kitablarını buraxıb. "Xudojestvennaya literatura" nəşriyyatının çap etdiyi ikicildliyə yazıçının nəsr əsərləri daxildir. Çingiz Aytmatovun önsözüylə açılan Birinci cilddə hekayələri və "Əlaqə", "Otel otağı" povestləri verilib. İkinci cilddə "Ağ liman", "Beşmərtəbəli evin altıncı mərtəbəsi", "Dantenin yubileyi", "Macal", "Ağ qoç, qara qoç", "Göz muncuğu" roman və povestləri toplanıb. İkinci cildin sonunda filologiya doktoru Əbuzər Bağırovun Anar haqqında bioqrafik məlumat yazısı verilib.

"Vremya" nəşriyyatının buraxdığı "Bez vas" ("Sissiz") kitabına isə eyniadlı xatirə-roman, "Parisdə höcət" ("Bunin və Banin") kinopovesti, Vladimir Mayakovski, Dmitri Şostakoviç, Konstantin Simonov, Yuri Trifonov, Yevgeni Yevtuşenko, Vasili Aksyonov, Vladimir Amlinski, Rimma Kaşakova haqqında esselər və "Gecə düşüncələri"nin tam mətni daxildir.

İyunun 14-də Moskvada Millətlər Evində kitabların təqdimatı keçirilib. Təqdimatı "Ocaq" cəmiyyətinin sədri professor Tofiq Məlikli aparıb. Tədbirdə çıxış edən Xalq rəssamı Tahir Salahov, moskvalı ədəbiyyatçılar - nasir və tənqidçi Lyudmila Lavrova, şair-tərcüməçi Mixail Sinelnikov, "Drujba narodov" jurnalının baş redaktoru Aleksandr Ebonaidze, "Xudojestvennaya literatura" nəşriyyatının müdiri Qeorqi Pryaxin və başqaları rus oxucusunun Azərbaycan yazıçısıyla bu yeni görüşünün xalqlarımız, ölkələrimiz arasında ədəbi, mədəni əlaqələrin inkişafında böyük əhəmiyyətindən danışıblar. Gecənin sonunda Anar naşirlərə, çıxış edənlərə və bu təqdimatın təşkilatçılarına, iştirakçılarına təşəkkürünü bildirib, çoxsaylı oxucular üçün kitablarını imzalayıb.

 





21.06.2016    çap et  çap et