525.Az

Ağrın uzanmasın!.. - şeir


 

Ağrın uzanmasın!.. - <b style="color:red">şeir</b>

(İstedadlı qələm qardaşım Sayman Aruza)

Eşitdim bir azca naxoşlamısan,
Çaşıb ki naxoşluq sənə üz tutub.
Dərd əkib, üstündən qəm xışlamısan,
Təzə fikir tapıb səni, söz tutub...

İndi qəribədir xəyala dalmaq;
Fikir var-sahili itmiş gəmidir.
Bu xəstə dünyanın sağlamı olmaq
Dünyanın özünə rişxənd kimidir.

O el də, bu el də sənindir, Sayman,
Kim deyə bilər ki, qürbətə düşdün?!
Həsrətlə döyüşə atıldın hər an,
Döyüşə-döyüşə həsrətə düşdün...

Dağdan, daşdan saldın yollarını sən
Yumruq ürəyini odlamaq üçün.
Xudafərin etdin qollarını sən
Üstündən ümidlər adlamaq üçün...

Vətən ağrısıyla düz düzlədin ki,
İlhamın dözümə sehrini saldı.
Ağrını o qədər Azizlədin ki,
O da sevdiyinə mehrini saldı...

Ağrında ağrınan Qarabağ sızlar,
Zirvə sevincimə zülmətlər çökər.
Cənubdan Şimala dikili gözlər
Güney həsrətimin şəklini çəkər...

Ömür az olsa da, bir anlıq deyil,
Əbədi çin olsun röyalarımız!
Gecənin yarısı qaranlıq deyil...
Sübhün bütövüdür dualarımız.
 
Könlünə azadlıq eşqi dolsa da,
Vaxt gərək yetişə bəhrə, bara da.
Arazla söhbətin uzun olsa da,
Bu ağrı uzana bilməz arada!..

Sən nur Savalana aşiyan dağı,
O Təbriz təbimin zəmanətisən.
Söhrab əmimizin ismarladığı,
Ustad Şəhriyarın əmanətisən.

Ruhunda boy atmış min duyğu qatı
O çayın həm o tay, həm bu tayından.
Nisgilli bir xalqın ürək sovqatı-
Göz ol o ürəkdən; ağrı payından!..

11 iyun 2016-cı il
Bakı

Yusif NƏĞMƏKAR

 





21.06.2016    çap et  çap et