525.Az

Kitabçılıqda dəyərli layihə - "ATV Kitab" uğurla davam edir


 

Kitabçılıqda dəyərli layihə - <b style="color:red">"ATV Kitab" uğurla davam edir</b>

Son illər Azərbaycan kitabçılığında önəmli nəşr silsiləsi kimi diqqəti çəkən "ATV Kitab" seriyası ilə bağlı işlər uğurla həyata keçirilməkdədir.

"ATV Kitab"ın tanınmış şərqşünas alim Vüqar Qaradağlının sədrliyi ilə fəaliyyət göstərən Redaksiya Heyəti tərəfindən indiyədək bu seriya çərçivəsində bir sıra mühüm nəşrlər hazırlanaraq oxuculara təqdim olunub.

Layihənin hansı zərurətdən meydana gəlməsinə, məram və məqsədlərinə  aydınlıq gətirmək baxımından Redaksiya Heyətinin sədri V.Qaradağlının bir müddət əvvəl söylədiyi bu fikirlər olduqca əsaslı səslənir: "Biz cəmiyyətdə kitaba olan həvəsi, elmə marağı artırmaqla, intellektimizi qaldırmaqla zövqümüzü yüksəldə bilərik... Bu, çox vacib amildir, həm mədəni, həm də sosioloji baxımdan mühüm məsələdir".

"Parlaq imzalar" nəşriyyatı ilə birgə həyata keçirilən "ATV Kitab" layihəsi çərçivəsində Azərbaycan və dünya ədəbi-fəlsəfi, həmçinin ictimai fikrinin seçmə nümunələrinin ölkəmizdə ilk, yaxud təkrar nəşri yüksək poliqrafik səviyyədə, nəfis şəkildə gerçəkləşdirilir. Bu seriyadan ilk nəşr dünya ədəbiyyatının  görkəmli nümayəndəsi, İsveç yazıçısı və dramaturqu Avqust Yuhan Strindberqin XX əsr romançılığının şedevrlərindən hesab edilən "Tənha" əsəri oldu. "Qırmızı otaq", "Qulluqçu oğlu", "Dəlinin etirafı" və başqa romanların, "Ata", "Yoldaşlar", "Kim güclüdür", eləcə də digər dram əsərlərinin müəllifi kimi tanınan Strindberqin "Tənha"sı ədibin ötən əsrin ilk illərindəki mənəvi axtarışlarının nəticəsidir. Avropa nəsrinin şedevrlərindən hesab edilən, ədəbiyyatşünaslar tərəfindən Hamsunun "Aclıq" və "Misteriyalar", Hessenin "Yalquzaq" romanları ilə bir sıraya qoyulan "Tənha"nın Azərbaycan dilində işıq üzü görməsi kifayət qədər sevindirici hadisədir. Rəbiqə Nazimqızının tərcümə etdiyi roman AYB Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin iştirakı ilə çapa hazırlanıb.

"ATV Kitab" seriyasından ikinci nəşr, görkəmli Litva yazıçısı Vintsas Krevenin "Azəristan ölkəsi" kitabıdır. Litva Azərbaycanlıları Cəmiyyətinin sədri, publisist və tərcüməçi Mahir Həmzəyevin dilimizə çevirdiyi "Azəristan ölkəsi" tariximizə, mədəniyyətimizə, ümumən dünyagörüşümüzə və həyat tərzimizə kənar gözlə - məşhur Litva ədibinin rakursundan baxmaq imkanı verir.

Tanınmış gənc nasir Mirmehdi Ağaoğlunun "Alman malı" kitabı isə "ATV Kitab" seriyasından üçüncü nəşrdir. Maraqla qarşılanan kitabda M.Ağaoğlunun müxtəlif mövzularda qələmə aldığı, günümüz insanının yaşam tərzini, düşüncələrini, qayğılarını əks etdirən uğurlu hekayələri toplanıb.

"ATV Kitab" seriyası üzrə dördüncü nəşr olan, AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin iştirakı ilə hazırlanmış "Səsindən tanıdılar payızı" şeirlər toplusu Azərbaycanda yapon poeziyasının tərcümə və nəşri sahəsində ciddi hadisə kimi diqqəti çəkdi.

Sözügedən seriyadan 5-ci nəşr - "Dədə Qorqud dastanları" da diqqətəlayiq kitabdır. Dastanın görkəmli alim Şamil Cəmşid tərəfindən 1980-ci ildə uşaqlar üçün hazırlanmış versiyasından ibarət kitabda rəssam Ayaz Mustafayevin "Dastanlar"ın hər boyu və nəşrin üz qabığı üçün çəkdiyi rəngli illüstrasiyalara da yer verilib.

Çağdaş ispan ədəbiyyatının ünlü nümayəndəsi Enrike Vila Matasın "Bartlbi və çevrəsi " romanı "ATV Kitab" seriyasından 6-cı nəşrdir. Azərbaycan oxucusuna ilk dəfə məhz bu silsilədən, Nicat Məmmədovun və Qismətin tərcüməsində təqdim olunan əsər bədii yaradıcılıq, yazıçı psixologiyası barədə orijinal fikirlər, maraqlı qeydlərlə zəngindir.

Seriya çərçivəsində hazırlanan 7-ci - hələlik sonuncu nəşrdə isə Xalq şairi Vaqif Səmədoğlunun indiyə qədər çap edilməmiş pritçaları - "Gürzəçöl yazıları" toplanıb. Bu nəşr müəllifin vəfatından sonra işıq üzü görən ilk anadilli kitabı olmasıyla da əlamətdar sayıla bilər. "Gürzəçöl yazıları"nın tərtibçisi, redaktoru və ön sözün müəllifi  şairin ömür-gün yoldaşı Nüşabə Babayeva-Vəkilovadır.

Seriya üzrə buraxılan nəşrləri paytaxtın əksər kitab dükanlarından əldə etmək, həmçinin internet vasitəsilə və telefonla sifariş vermək mümkündür.

Qeyd edək ki, "ATV Kitab"ın Vüqar Qaradağlı (sədr), Məsiağa Məhəmmədi, Cavanşir Yusifli, İlqar Fəhmi, Etibar Babayev, Səlim Babullaoğlu (layihə rəhbəri), Seyfəddin Hüseynli, Dilman Şahmərdanlı, Rəşid Çulaq və Bəxtiyar Əlirzayevdən ibarət Redaksiya Heyəti yeni-yeni nəşrlərin hazırlanmasını nəzərdə tutur və onların yaxın zamanda oxucuların ixtiyarına verilməsi yönündə ardıcıl fəaliyyət göstərir.

Müşfiq ŞÜKÜRLÜ

 





21.06.2016    çap et  çap et