525.Az

Söz vaxtı


 

FİKRƏT QOCANIN POEMALARI MƏNƏVİ DƏYƏRLƏR KONTEKSTİNDƏ

Söz vaxtı<b style="color:red"></b>

(Əvvəli şənbə sayımızda)

Fikrət Qocanın nişan verdiyi yollar insan xoşbəxtliyinə, işığa, ocaq istisinə, yurd müqəddəsliyinə, tikib-qurmağın sevincinə, günəşə, sevgiyə... aparır.

Azadlığa gedən yol,
Abadlığa gedən yol,
Bir əbədi döyüşdü.

Onun poemaları bu əbədi döyüşdə vuruşan, şahid olan, qələbə qazanan insanlar, ideallar və ideyalar haqqında düşüncələrdir. Bu düşüncələrdə təfərrüatçılığa varmaq, çək-çevir etmək yoxdur, qəribə bir sürət var, sanki kameranın "panoram" baxışındakı miqyaslı görüntünün rəng qammaları kaleydoskop effektinin təəssüratını ötürür yaddaşa. Təfərrüatlar unudulsa da, qoyub getdiyi iz qalır, bu izlər nəticəni formulə edir.
Onun bu tempi həm də səyyarələr dolaşan peykin sürətini andırır, sanki yuxarıdan baxır. Bu yüksəklik təəssüratı, şair müşahidələrini körpü kimi qavramağa məcbur edir, məsələn, belə:

Xınalığın özü də
Elə göy üzündədi.

Onun şeirinin təəssüratı da belədir, yeri-göyü bir ahəngə gətirə bilir, hər şeyə, adiliklərə yüksəklikdən baxmağa meylləndirir oxucunu, ovqatını yüksəklik təəssüratının həyəcanı bürüyür:

Bardaş qurub oturmuşam kainatda,
Oturmuşam
Milyard işıq ili aşağıda -
Allahın ayağı altda.

Dodaqlar bu yüksəkliyin təlqin etdiyi həqiqəti pıçıldayır:

Əsl ibadət yaradana oxşamaqdı
Yaradıb yaşamaqdır.

lll

Yaradıcılığının erkən dövrü ilə t anış olanlar bilir ki, Fikrət Qocanın şair düşüncəsi məhəlli olmayıb; istər, mövzu, istər məzmun baxımından, bəşəri duyğuların tərənnümçüsü olub, yaradıcı kredosunun vektoru daxili "mən"ə yox, rəngindən, dinindən, dilindən, irqindən asılı olmayaraq, insana tuşlanıb. Əlbəttə, bu kosmopolitizm deyildi, milli-mənəvi idealdan uzaqlıq deyildi, sadəcə, "anlayışların ontolojiləşdirilməsi" əvəzinə leksik şərtilik, reflektor qavrama əvəzinə məcazi və rəmzi "işarələr sistemi" çıxış yolu kimi dövriyyəyə gələndə, ondan istifadə bacarığı sənətin və sənətkarın dəyər göstəricisi olub. Azərbaycan şeirinin də yolu belə olub.

lll

Əxlaqi-mənəvi prinsiplər təkcə yazıçının dünyagörüşündən asılı deyil; ictimai-siyasi təsisatlar mədəni mühitin məzmun və mahiyyətindən başqa, ritorik sistemi də yönləndirir. Kimi sıraya qoşulur, kimi yaradıcı fərdin, sənətin dil, üslubunun dəyişkənliyini qəbul edə bilmir. Sosializm realizmi ilk səhifələrini yazanda da belə olmuşdu. Cavid "qoşula bilməmişdi", göz önündə olan parlaq Səməd Vurğunu görməməzliyin incikliyi

Lakin duyan olmamış ki,
Mənim öz aləmim var,
Bu səbəbdən ürəyimdə
Dünya boyda qəmim var -

qınağına dönmüşdü, Rəsul Rza, "Qızılgül olmayaydı" təəssüfüylə köks ötürüb yola davam etmişdi. Bəxtiyar Vahabzadə rejimin "ərköyün cığalı" idi, Xəlil Rza da eləcə... Fikrət Qoca isə, bu sırada, üzünü sərhədlərin O üzundə qalan dünyaya tutmuşdu, Çe Gevara ("Ünvansız məktub" poeması), Amilkar Kabral, Xose Risal (eyniadlı poemalar), Nazim Hikmətin xatirəsinə "İstanbulda bir ceviz ağacı var" poeması, 37 - adlı taunun insan talelərindəki izlərinin şəkli olan "Oddan keçənlər poeması, kosmosun fəthinə həsr olunmuş "Qaranquş yolu" poeması... o zamankı F.Qocanın yaradıcılıq mətbəxinin məhsullarıydı.. Amma... əsrin sonuna doğru Fikrət Qocanın mövzuları da "milliləşdi".

Bir millət sözü var,
Bir də millət sözünün
içində illət sözü var.
Yaxşıları çox olanda
Millət olur.
Millət aparır dövləti qabağa
Vətəndaşların düpbədüz qəddi olur,
Qonaqlarının qonaq həddi olur.
Belə millətin hər vətəndaşı
Vətən daşı deyil, vətən sərhəddi olur...

Ötən əsrin 90-cı illərində milli-azadlıq mübarizəsi millətin kimlik hissini qaytarmaqla yanaşı, sözlərin mənasına da yeni çalar gətirdi.

Keçmişdə çox bərkə düşəndə
Qaçaq olardı kişilər,
Qaçaq mərd olardı, qoçaq olardı,
Səsi düşmən kürəyinə bıçaq olardı.

Əsrin əvvəlində beləydi. Əsrin əvvəlində

Evindən qaçan
Meşəsinə, dağına, dərəsinə çəkilərdi.
Bulaq kimi torpağına hopardı,
Ağac kimi qayalara əkilərdi.
Düşmən hara ayağın bassa ölərdi...
Həmin qoçaq qaçaqların nəvələri əsrin sonunda ...

Bakıda yeddinci mərtəbədə qaçaqdı...
BMT-nin verdiyi vədi
Saqqız kimi çeynəyir,
Humanitar yardım gələn
Saqqızı bazarda satır...

Bu, artıq dəyərlərin deqradasiyasının şəkli idi və bu şəklə baxmaq onu yazıya almaq qədər ağrılıdı... Satmağa öyrəşmiş düşüncənin hər şeyə əmtəə kimi baxmağı təəccüblü olmayanda... "Qaçaq kişilərin" bazara öyrəşmiş heysiyyətini söz yox, həyat lövhəsi tərpədə bəlkə... Bu da həyat lövhəsi:

Radioda xəlvətcə Bakını tutmuşdu
Erməni əlində əsir olan qız.
"Biz qırx milyon xalqıq" - deyib
Kimsə radioda bağırırdı.
Qızın düşmən əli dəyən
Hər yeri birdən göynədi - ağrıdı.
Başını başına döyüb
Hönkürüb ağladı.
Sözü düşmən eşitməsin deyə
Radionu bağladı.

Fikrət Qoca "Dərd əlindən dağa çıxanlara verilən bəxtəvərliyin" göynəyini də yaşayır; bu misralardakı ağrısını duymayanları da, oturduğu kürsünü döyənləri də köks ötürməylə dinləyir:

Hər kəsin şərəfi, şöhrəti
Özünün ağlı qədərdir.

Azadlığı dəyər kimi qəbul edən insanlıq onun uğrunda axan və axıdılan qanları həmişə müqəddəs bilib, elə ona görə də azadlıq qələbəsini başqa bir müqəddəsliyə bərabər tutub:

Analar, sizindi bu şöhrət, zəfər,
Bu aydın üfüqlər, işıqlı səhər...
Zəfər sizin üçün gəlib, analar!
Analar vətəndə dəfn olub deyə,
Oğullar vətənçün ölüb, analar!

Fikrət Qoca millətin ən böyük sərvəti olan azadlığın eyforiyasından daha çox onun məsuliyyətini düşünüb, onun uğrunda canından keçənlərin həyat hekayətini tarixin yaddaşına yazmağın vacibliyini düşünüb, azadlığın yoluna çəkilən sədlərin - demokratiya dəyərlərindəki "əngəllərin" ədalətsizliyindən əziyyət çəkən Azərbaycanın, türkün "yazısını yazıb":

Azadlığı qazananda
Elə bildik qışdan çıxdıq,
nura düşdük.
Sən demə, yağışdan çıxdıq
yağmura düşdük.
Azadlığı aldıq,
yaman günə qaldıq.
Hər yandan uzanır əllər,
Görünən, görünməz əllər.
Bu gələnlər düzlük axtarmır,
Düzlük üstündə toz axtarır,
Sərf eləyən söz axtarır,
siyasi məhbus axtarır.
Qaçqınların, uçan damların,
Xəstə adamların
çılpaq balalarını görmür.
Qanunda səhv getmiş bir
Hərf axtarır,
Ya da qulağına söz pıçıldayan
Bir siyasi hərif axtarır.
Yaxşı şeydi Avropa dəyərləri.
Əgər olmasaydı belə "əgərləri".

Amma bir azadlıq da var, bu azadlıq demokratiya qanadlarında, süngü ucunda gəlmir, amma dəyəri, qiyməti heç də ondan az deyil.

Bəzən bu dünyanın azadlığından
Çətindir insanın öz azadlığı.

lll

Fikrət Qocanın yazı manerası - buradakı qəfil dönmələr, fikrin, mənzərənin axarını gözlənilməz məcraya döndərmək, ağlagəlməz qarşılaşdırmalarla təzadlarla mahiyyəti daha çevik vermək bacarığı onu fərqləndirir.

Çingizin uzun saçları
Səliqəli qırxılmışlara
Müxalif idi.
Çingizin göz yaşları
Gözləri donmuşlara
müxalif idi.
Heyrətlə dolu iri gözləri
Soyuq baxışlara,
Sinəsində hönkürən ürəyi
Ürəyi daşlara
Müxalif idi.
("Şəhidlər xiyabanı" poemasından)

Tanımamaq mümkün deyil; Çingiz Mustafayevdi bu "müxalif". Şəhid jurnalistin həyat-döyüş yolundan bəhs edən bu poema sanki qəhrəmanlıq - şəhidlik anlayışlarının vətəndaşlıq hüququnun bəraətinə görə yazılıb və yekunda buna xidmət edir ki,

Çingiz kimi
Vətəni sevməkdir
Qəhrəmanlıq!..

"Şəhidlər xiyabanı" poeması yaxın tariximizin elə bir mərhələsinin bədii salnaməsidir ki, dünyaya göstərən kameranın - lentin yaddaşına köçürdükləri azadlığın tarixini yazan, çəkən və göstərən oğulların tarix dərsidir. O dərsin müəllimi şəhidlərimiz, şagirdləri millətdir - "Oddan keçənlər"dir.
Bu dərslər deyir ki,

Azad ölkən var,
dilin var,
Bayrağın var,
Prezidentin var.
Nə müxalifət, nə iqtidar,
tutun əl-ələ, qol-qola.
Bir ölkə eyni anda gedə bilməz iki yola.
Yol birdi,
ya zəfərdi, ya qəbirdi.
Dərdimiz çoxdur,
yalan deyil,
Yaraların hamısı birdən sağalan deyil.
Gərək sağaldaq bir-bir.
Buna da zəhmət, dözüm,
Səbir, səbir gərəkdir...

Fikrət Qocanın gözəllik idealı Yaradanın nizamına heyrət və heyranlıq hissindən əlavə, bu gözəlliyi duyub qiymətləndirən insanın şükranlığında ifadə olunub:

Allah kainatdan çox uzaqdı,
Hər kəsə yaxından-yaxın...
Aləmlərin ən uzaq nöqtəsindən
Dayanıb sənə baxır Allah...
Bir zərrə Allah nuru var
hər kəsdə.
Yaşayan da, yaradan da odur.

Fikrət Qocanın gözəllik anlayışı "gözəl - görəndir" düşüncəsinə inandırır insanı.

Gözəllik - onu görən, duyan və qiymətləndirən olanda gözəllikdir. Təbiətin gözəlliyini duymaq, ruhən bu gözəlliyə qovuşmaq, onunla ahəng təşkil edə bilmək istedaddır.

Çiçəklərin üstünə
Səsin kölgəsi düşür.

Rəngə şuxluq. Səsə təravət, Sözə rahatlıq qatan bu istedad -özünü təbiətin, onun gözəlliklərinin bir hissəsi kimi görmək- hər kəsin öz mahiyyətini ifadə edə bilmək qabiliyyətidir.

Fikrət Qocanın insana verdiyi dəyər, şeirə gətirdiyi insanın boynuna qoyduğu məsuliyyət qədərdir:

Sən insansan,
Ayaqlarına sığınıb yer kürəsi.
İnsansan, yaşayırsan,
Həyata cavabdehsən;
Dünyanın taleyini
Çiynində daşıyırsan!

Kitaba daxil olan poemaların hamısını təhlil etmək, hər biri haqqında uzun-uzadı danışmaq bu yazının məqsədi deyil. Amma onların hamısını birləşdirən bir məqamı qeyd etmək istərdik: Yaradıcılığının mahiyyəti etibarı ilə yenilikçi olan şairin poemalarının mündəricəsini tarixlə tərbiyə etmək ifadəsi daha dəqiq və dolğun səciyyələndirir.

... Fikrət Qocanın Seçilmiş Əsərləri həm də bir şair obrazını, deməli, Fikrət Qoca adlı düşüncə sistemini ifadə edir:

Rütbə üçün əyilib
ətək öpən görmüşəm
Onu ki mən görmüşəm,
Rütbə gərəyim deyil.
Çörək üçün qeyrəti
Verən olur əlindən.
Elə gen-bol çörəkli
Olmaq istəmirəm mən...
Sən bir büllur suya bax,
Qara, canlı torpağa,
Mavi, təmiz göyə bax.
Min-min aydın gözlərə,
Nur ələnən üzlərə,
Vüqarlı ellərə bax.
İnsan kimi yaşasaq
Yaşamalı dünyadı,
Gözəl dünyadı, vallah!


İdrakın və ibrətin yekunu olan bu düşüncənin vaxta məğlub olmaq nigaranlığı olmasın gərək; mənəvi məsuliyyətin vüsət məqamıdır bu - sözün söz vaxtıdır.

 





21.06.2016    çap et  çap et