525.Az

Mina Rəşidin kitabının imza günü keçirilib


 

Mina Rəşidin kitabının imza günü keçirilib<b style="color:red"></b>

Ötən gün Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda şairə Mina Rəşidin “Baxmaqla görmək ayrıdır” kitabının imza günü olub.
 
Tədbiri Birliyin katibi Rəşad Məcid açaraq, Mina Rəşidi istedadlı qələm adamı kimi səciyyələndirib:

“Onun şeirləri, publisistik yazıları uzun illərdir ki, “525-ci qəzet”in səhifələrində çap olunur. Şeirlərində hiss və duyğuların maraqlı ifadəsi, yazılarında ictimai mövzulara həssas münasibət Minanın yaradıcılığının əsas özəllikləridir”.

Tədbirin aparıcısı publisist Sevinc Nuruqızı deyib ki, M. Rəşid yaxşı və pis haqqında eyni zərifliklə yazır: “O, sözdən elə məharətlə istifadə edir ki, söz sanki büllurlaşır. Üsyanını və məhəbbətini ifadə edərkən poeziyanın qeyri-adiliyini göstərə bilir”.

Dramaturq Əli Əmirliyə görə, M.Rəşidin son dönəm yaradıcılığında xüsusi bir dərinlik yaranıb: “Bu, dini biliklərlə bağlıdır. Həmin biliklər əsərin arxitekturasını zənginləşdirir. Nəticədə, poeziyaya dini biliklər gətirmək maraqlı bir mənzərə yaradır. Onu da deyim ki, jurnalistika ilə poeziyanı birləşdirmək o qədər də asan deyil. Mina Rəşid bunu layiqincə bacarır”.

Şairə Fəridə Hacıyeva M. Rəşidin şəxsi məziyyətlərindən söz açıb: “Minada ən çox sevdiyim xüsusiyyət səmimliyidir. Şəxsiyyət olmasa, istedadlı şair belə cılızlaşır. Mina şəxsiyyət olaraq işıqlı, nurlu bir qadındır”.

Əməkdar artist Azad Şükürov, şairlər Emil Tahiroğlu, İlham Qəhrəman və başqaları çıxış edərək şairənin yaradıcılğı haqda düşüncələrini bölüşüblər.

Sonda M.Rəşid çıxış edərək tədbirin təşkilatçılarına, çıxışçılara və bütün qonaqlara minnətdarlığını bildirib.

Müşfiq ŞÜKÜRLÜ

 





22.06.2016    çap et  çap et