525.Az

Texniki Universitetdə yay imtahan sessiyası ilə bağlı mediatur - Fotolar


 

Texniki Universitetdə yay imtahan sessiyası ilə bağlı mediatur - <b style="color:red">Fotolar</b>

Ötən gün Azərbaycan Texniki Universitetində (AzTU) yay imtahanı sessiyasının gedişini izləmək üçün mediatur təşkil olunub.

Həm yazılı, həm də test imtahanlarında iştirak edən müəllimlər, valideynlər və ictimaiyyət nümayəndələri tələbələrlə yaxından maraqlanıblar. Universitetin rektoru Havar Məmmədov ictimaiyyət nümayəndələrinə və jurnalistlərə imtahan prosesi ilə bağlı məlumat verib. Sonra dəyirmi masada müzakirə keçirilib.

H. Məmmədov çıxış edərək təhsilin səviyyəsinin artırılması üçün görülən işlərdən danışıb: "Biz bu gün imtahan prosesində həm test, həm də yazılı üsulu tətbiq edirik. Əlbəttə, yenə də çətinliklərimiz, problemlərimiz ortaya çıxır. Ancaq hər bir müəllim istəyir ki, neqativ hallar ortaya çıxmasın. Həmçinin hər bir valideyn də övladının yaxşı təhsil almasını arzulayır. Biz də bunun üçün çalışırıq".

"525-ci qəzet"in baş redaktoru Rəşad Məcid deyib ki, Texniki Universitet dərin ənənələri olan ali təhsil ocağıdır. Ümumiyyətlə, təhsilin həmişə diqqət mərkəzində olması, ictimaiyyətin maraqlarıyla uyğunlaşması vacibdir. İmtahanlarda iştirak etmək, tələbələrlə görüşmək məndə müsbət təəssürat yaratdı. İndi gündəmdə olan xüsusi məsələ test imtahanları ilə bağlıdır, ancaq tam həllini tapmayıb. Zamanla bu məsələnin bütünlükdə həll olunacağını düşünürəm".

Professor Şahlar Əsgərov təhsillə bağlı mülahizələrini bölüşüb: "Təhsil Azərbaycanda tam dərk olunmamış həqiqətdir. Ancaq inkişaf müşahidə olunur. Bugünkü müzakirəmiz də bu dərketmənin nəticəsidir. Təhsilin inkişafı üçün mühit dəyişilməlidir. Mühitin dəyişməsi üçün isə şüurun dəyişməsi şərtdir".

Azərbaycan Futuroloqlar Cəmiyyətinin sədri Reyhan Hüseynova təhsil sistemimizdə yeni nailiyyətlər qazanmağın əhəmiyyətindən söz açıb: "Mən istərdim ki, təhsillə bağlı dünyadakı müasir üsullar bizdə də uğurlu və davamlı şəkildə tətbiq olunsun. Azərbaycanın müasir təhsil prosesinə qoşulması ölkəmizin inkişafı üçün önəmlidir".

İctimaiyyət nümayəndələri təklif və fikirlərini  bildiriblər. Müzakirəyə müəllimlər və valideynlər də qoşulublar. Sonda Havar Məmmədov çıxış edərək qonaqlara minnətdarlığını bildirib.

Müşfiq ŞÜKÜRLÜ

 





23.06.2016    çap et  çap et