525.Az

"Quşlara...Buludlara...Uşaqlara..." kitabı təqdim olunub


 

"Quşlara...Buludlara...Uşaqlara..." kitabı təqdim olunub<b style="color:red"></b>

Ötən gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda gənc şair Allahşükür Ağanın "Quşlara... Buludlara... Uşaqlara..." kitabının təqdimatı keçirilib.

Tədbiri Birliyin katibi Rəşad Məcid açaraq A. Ağanın şeirlərinin özəlliklərindən danışıb: "Allahşükür şablonlardan qaçan, orijinal bir şairdir. Onun şeirlərində müasir dövrün ab-havası hiss olunur. Gənc şairin poetik nümunələri yeni forma axtarışları ilə zəngindir".

Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov şairin şeirləri ilə bağlı düşüncələrini bölüşüb: "Müasir şəraitdə şeirə münasibət də dəyişib. Ancaq şeir elə fəlsəfə deməkdir. Şeir insanı düşündürməli, oxucunun qəlbindən, ruhundan keçməlidir. Allahşükürün şeirlərində həm bunlar, həm də yeni poetik deyimlər var".

Kitabdakı önsözün müəllifi şair Qəşəm Nəcəfzadə deyib ki, A. Ağanın təfəkkürü bütün orijinallığı ilə poetikdir. Onun şeirlərində təbiətə qayıdış var. Düşüncə tərzindəki yeniliklə yanaşı, şeirlərində muğam çaları var".

Şair Balayar Sadiq gənc şairin sözə bağlılığından, yaradıcılıq sevgisindən danışıb: "Allahşükür şeirə, sözə vurğundur. Həm şəxsiyyət olaraq, həm də yaradıcı gənc kimi dəyərlidir, istedadlı bir şairdir".

Şair Oqtay Rza, publisist Allahverdi Emin A. Ağanın yaradıcılığı haqda çıxış edərək düşüncələrini bölüşüblər, bədii qiraətçi Ülkər Piriyeva onun şeirlərini səsləndirib. Saatlı sakinləri Cəlil Süleymanov və Habil Şirinov Allahşükür Ağa ilə bağlı xoş sözlər söyləyiblər. Şairin atası Güləhməd Ağayev isə çıxış edərək Yazıçılar Birliyinə və Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşova oğluna göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.

Sonda müəllif söz alaraq, tədbir iştirakçılarına və təşkilatçılara təşəkkür edib.

Müşfiq ŞÜKÜRLÜ

 





24.06.2016    çap et  çap et