525.Az

"Türkologiya" jurnalının tarixində yeni mərhələ


 

"Türkologiya" jurnalının tarixində yeni mərhələ<b style="color:red"></b>

1970-ci ildə Azərbaycanın elmi həyatında mühüm bir hadisə baş verdi.

Həmin il ölkəmizin dünya miqyaslı ilk elmi-nəzəri nəşri olan "Sovetskaya tyurkologiya" jurnalı yayın həyatına başladı. Bu əhəmiyyətli olayın kiçik bir tarixçəsi vardı.

1959-cu ildə SSRİ-də keçirilən siyahıyaalma zamanı ölkədə 25 milyon türkün yaşadığı ortaya çıxdı. Bunlar özbək, qazax, azərbaycanlı, qırğız, türkmən, tatar, başqırd, çuvaş, yakut, tuva, uyğur, altay, xakas, qaraçay, balkar, qaraqalpaq, qumuq, qaqauz və digərləri olmaqla türk dilinin müxtəlif qruplarında danışan 25 xalq idi. Beləliklə, türklər ölkədə şərqi slavyanlardan sonra say etibarı ilə ikinci yerdə idilər. Həmin illərdə SSRİ-də şəxsiyyətə pərəstiş, yaxud stalinizm dövrü sona çatmış, yeni Sovet lideri Nikita Xruşşovun hakimiyyəti ilə (1953-1964) üst-üstə düşən siyasi mülayimlik mərhələsi başlanmışdı. Xarici ölkələrdə türkoloji mərkəzlərin fəaliyyətində bir coşğunluq müşahidə olunduğu halda, SSRİ-də türk xalqlarının dili, ədəbiyyatı, folkloru, etnoqrafiyası və başqa elm sahələri ilə məşğul olacaq müştərək bir mətbu orqan yox idi. Üstəlik, türkologiya elmi artıq antisovet imicindən xilas olmuşdu. Bütün bunlara baxmayaraq belə bir orqanın yaranması üçün on il gözləmək lazım gəldi.

1970-ci ildə müxtəlif instansiyalarla (ehtimal ki, həm də gizli servislərlə) aparılan ciddi müzakirələrdən, yazışma və razılaşdırmalardan sonra SSRİ Elmlər Akademiyasının rəyasət heyəti "Sovetskaya tyurkologiya" jurnalının Bakıda nəşrə başlaması haqqında tarixi qərar qəbul etdi. Bu, təsadüfi deyildi. Çünki I Türkoloji Qurultay (1926) və bir sıra mötəbər elmi məclislər ölkəmizin paytaxtında təşkil edilmiş, Bakı elə o vaxtdan dünyadakı ən aparıcı türkoloji mərkəzlərdən biri kimi şöhrət qazanmışdı. Üstəlik, Azərbaycan elmi idarə və müəssisələrin, alim və mütəxəssislərin, eləcə də türkoloqların potensialına və sayına görə SSRİ-dəki ən qabaqcıl respublikalardan biri sayılırdı. Jurnalın baş redaktoru məsələsi barədə də heç bir tərəddüd yaranmadı. Sovet Türkoloqlar Komitəsinin sədri A.N.Kononov və SSRİ EA-nın ədəbiyyat və dil bölməsinin katibi akademik M.Xrapçenko jurnalın baş redaktoru vəzifəsinə akademik Məmmədağa Şirəliyevin təyin olunmasını təklif etdilər.

"Sovetskaya tyurkologiya" jurnalı SSRİ EA və Azərbaycan EA-nın müştərək elmi-nəzəri orqanı kimi 1970-ci ilin aprel ayında Nəsimi adına Dilçilik İnstitutunda nəşrə başladı. 1987-ci ilin iyuluna kimi jurnala görkəmli türkoloq, dünya şöhrətli alim Məmmədağa Şirəliyev rəhbərlik etdi. Daha sonra Rusiya EA-nın müxbir üzvü, Rusiya EA Dilçilik İnstitutu türk dilləri bölməsinin müdiri Əthəm Tenişev (1987-1993), görkəmli dilçi akademik Ağamusa Axundov (1994-2015) və məşhur alim Tofiq Hacıyev (2015) jurnalın baş redaktoru vəzifəsində çalışdılar.

İldə altı dəfə işıq üzü görən "Sovetskaya tyurkologiya" nəşrə başladığı ilk gündən etibarən Sovet və dünya türkoloqlarının ən mötəbər tribunasına çevrildi. Burada adlı-sanlı türkoloqlar tərəfindən qələmə alınan məqalə və yazılar "Dilçilik nəzəriyyəsi və dil tarixi", "Dilçilik əlaqələri", "Folklor, ədəbiyyat, mədəniyyət", "Müzakirələr", "Xəbərlər və xülasələr",  "Elmi fəaliyyətlər", "İcmal", "Tənqid və biblioqrafiya", "Şəxsiyyətlər", "Günün hadisələri" və digər bölmə və rubrikalar altında dərc edilirdi.

Türk dilçiliyi qarşısında duran bir sıra mürəkkəb nəzəri və təcrübi məsələlər, fonetik, leksik, semantik, qrammatik problemlər, dialektologiya, ləhcə və şivələrlə bağlı müzakirələr mütəmadi olaraq jurnalın səhifələrinə çıxarılır, mütəxəssislərin və oxucuların mühakiməsinə verilirdi.

Orxon-Yenisey abidələrinin, "Kitabi-Dədə Qorqud", "Divanü lüğat-it-türk", "Qutadğu bilig", "Manas", "Altın yaruk" və s. klassik yazılı abidələrin bütün türk dünyasında populyarlaşdırılması, müqayisəli şəkildə tədqiqi sahəsində jurnalın müstəsna rolu özəlliklə qeyd edilməlidir. Bu abidələrin bəzilərinə xüsusi yubiley nömrələrinin həsr olunması ayrıca vurğulanmalıdır.

Jurnal yalnız dilçiliklə bağlı məsələləri işıqlandırmır, ədəbi proseslərə, eləcə də türk xalqları arasında ədəbi-bədii əlaqələrə xüsusi diqqət yetirirdi. Ədəbiyyatın  inkişaf qanunauyğunluqlarını, qohum xalqların ədəbi-bədii zəmində bir-birinə təsir göstərməsini və qarşılıqlı şəkildə zənginləşməsini ön plana çəkən jurnal bir sıra mənəvi mövzulara geniş yer verirdi.

Türk xalqlarının son dərəcə zəngin folkloru vardır. Burada əsatir, əfsanə və  dastanlar, nağıl, atalar sözü və məsəllər, ovsun, tilsim və andlar, dua, qarğış və alxışlar, digər epik janrlar, habelə lirik folklor janrları geniş yer tutur. Türk xalqları folklorunun ortaq və bənzər cəhətləri, mətn, motiv və süjetlərin üst-üstə düşməsi onu göstərir ki, bu örnəklər vahid etnocoğrafi  məkanda meydana gəlmişdir. Bütün bunlar, folklorun yazılı ədəbiyyata təsiri və folklorşünaslığın digər problemləri daim jurnalın diqqət mərkəzində idi.

SSRİ-nin süqutundan sonra tamamilə yeni siyasi bir mühit yarandı: ya biz jurnaldan imtina edərək onu təsisçilərindən biri olan keçmiş SSRİ EA-nın varisi Rusiya Elmlər Akademiyasına verməli, ya da müstəqil Azərbaycanın elmi-nəzəri orqanı kimi özümüz nəşr etməli idik. Azərbaycan EA Rəyasət Heyəti 16 yanvar 1992-ci il tarixli iclasında bu məsələ ilə bağlı tarixi qərarını qəbul etdi.  Qərarda deyilirdi: "Keçmiş SSRİ EA ilə Azərbaycan EA-nın müştərək orqanı olan "Sovetskaya tyurkologiya" jurnalının adı dəyişdirilsin və 1992-ci ilin ilk nömrəsindən etibarən jurnal "Türkologiya" adı altında buraxılsın". Təxminən bir il sonra baş redaktor məsələsi də həll olundu: Moskvada yaşayan Ə.R.Tenişevin Bakıda buraxılan jurnalı redaktə etməsi son vaxtlarda baş vermiş ictimai-siyasi hadisələr və mövcud maliyyə çətinlikləri ilə əlaqədar olaraq xeyli mürəkkəbləşdiyi üçün o, jurnalın baş redaktoru vəzifəsindən azad edildi.

Çox keçmədən EA Rəyasət Heyətinin 29 yanvar tarixli qərarı ilə akademik Ağamusa Axunov jurnalın yeni baş redaktoru təyin olundu, redaksiya heyətinin tərkibində dəyişiklik edildi. Bundan sonra Rəyasət Heyəti özünün 18 iyun 1994-cü il, 19 may 2010-cu il və 27 iyun 2012-ci il tarixli qərarları ilə jurnalın redaksiya heyətinin və beynəlxalq məsləhətçilərin tərkibində dəyişikliklər apardı.

Müstəqilliyin ilk illərində "Türkologiya" jurnalı ciddi maliyyə çətinlikləri ilə üz-üzə qaldı, 1993-cü ildə heç bir nömrəsi işıq üzü görmədi. 1994-cü ildə "Ulu" poliqrafiya şirkətinin sahibi Məlik Allahverdiyevin maliyyə dəstəyi ilə yalnız dörd nömrəsi çap edildi. 1995-ci ildə jurnalın nəşrinə yenidən ara verildi. 1996-cı ildə xeyriyyəçi M.Allahverdiyevin köməyi ilə daha dörd sayı çapdan buraxıldı. 1997-1998-ci illərdə jurnalın nəşri tamamilə dayandı. Sonra jurnal 5-6 aylıq fasilələrlə nəşr edilməyə başlandı. Bütün bunların qarşısını almaq üçün 1999-cu ildə jurnalın dövlət vəsaiti hesabına maliyyələşdirilməsinə qərar verildi.

Bu ilin əvvəlində "Türkologiya" jurnalı öz tarixində yeni bir mərhələyə qədəm qoydu. 17 fevral 2016-cı il tarixdə AMEA Rəyasət Heyəti jurnalın keçmiş şöhrətini bərpa etmək, nüfuz dairəsini genişləndirmək, elmi səviyyəsini daha da yüksəltmək, habelə maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə xüsusi qərar qəbul etdi. Bu qərara görə jurnal bundan sonra Dilçilik İnstitutunun deyil, AMEA Rəyasət Heyətinin elmi-nəzəri orqanı kimi fəaliyyət göstərəcək. Jurnala rəhbərlik görkəmli türkoloq, akademik Kamal Abdullaya həvalə edildi. Redaksiya heyətinin və beynəlxalq məsləhətçilərin yeni tərkibi də təsdiq olundu. Jurnalın redaksiya heyətində ölkəmizin ən nüfuzlu alimləri təmsil edilirlər. Onların arasında Vasim Məmmədəliyev, İsa Həbibbəyli, Rafael Hüseynov, Teymur Bünyadov, Teymur Kərimli, Yaqub Mahmudov, Gövhər Baxşəliyeva, Möhsün Nağısoylu, Əbülfəz Quliyev, Muxtar İmanov, Nizami Cəfərov, Nizami Xudiyev kimi elm adamları  var. Jurnalın dilçilik, ədəbiyyat, folklor, şərqşünaslıq, tarix, fəlsəfə, incəsənət və memarlıq üzrə beynəlxalq məsləhətçiləri isə xarici ölkələrin ən tanınmış türkoloqları arasından seçildi.

"Türkologiya" jurnalının builki ilk nömrəsi oxuculara müraciətlə açılır. Burada baş redaktor akademik Kamal Abdulla nəşrin qarşısında duran vəzifələrdən bəhs edir, jurnalın səhifələrində yalnız türkoloji dilçiliklə deyil, etnoqrafiya, tarix, fəlsəfə, ədəbiyyat və mədəniyyətşünaslıqla bağlı materiallar verilməsinin vacib olduğunu xüsusi vurğulayır, eyni zamanda germanistika, slavistika, romanistika, iranistika, sinologiya, qədim və ölü dillərlə türkologiya arasında qarşılıqlı əlaqələrdən söz açılması zərurətinə toxunur, oxucu və mütəxəssislərin bu barədə düşüncələri ilə maraqlanır.

Jurnalın bu sayında Türkoloji Qurultayın 90 illiyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 fevral 2016-cı il tarixli sərəncamı öz əksini tapır. Həmin mövzunu R.Əskərin "Şərqdə Bakı şəfəqi" və F.Ələkbərovun   "Azərbaycanda 90 il öncə Türkoloji Qurultayın keçirilməsinin əsl mahiyyəti" adlı məqalələri tamamlayır.

Məlum olduğu kimi, "Kitabi-Dədə Qorqud"un bir boyunun 2015-ci ildə Henrix Fridrix fon Dits tərəfindən alman dilinə ilk dəfə tərcümə və nəşr edilməsilə qorqudşünaslıq ayrıca sahə kimi formalaşmağa başlamışdır. Bu yubileyin yüksək səviyyədə qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 20 fevral 2015-ci il tarixli sərəncamı da jurnalın bu sayında dərc olunur. AMEA-nın müxbir üzvü M.Kazımoğlu-İmanovun "Kitabi-Dədə Qorqud" eposunda gülüşün magik funksiyası" adlı məqaləsi dastandakı bəzi komik məqamlara işıq tutur.

Jurnalda "Türkoloji irs" rubrikasından məşhur türkoloq V.M.Jirmunskinin "Manas" eposunun öyrənilməsinə giriş. I. Epik ənənə" adlı yazısı təqdim edilir. Türk dünyasının tanınmış dilçilərindən Ş.Akalının (Türkiyə) və M.Söyeqovun (Türkmənistan) məqalələri isə "Dilçilik problemləri" rubrikası altında verilir.

Bu nömrədə A.Baytuova və G.Jılxıbayın (Qazaxıstan) "Orxon-Yenisey və Talas abidələrinin dilində "İlahi Tanrı" ideyası", A.Nesterovun (Rusiya) "Şato türkləri və X əsrin ilk otuz ilində Çində sonuncu Tan türk imperiyası"  sərlövhəli məqalələri oxuculara təqdim olunur.

"Yazılı abidələr" rubrikasından M.Nağısoylunun (Azərbaycan) XVI əsrin əlyazması "Şühədanamə" haqqında məqaləsi və H.Buşhotenin (Almaniya) AMEA-nın Əlyazmalar İnstitutunda saxlanan "Qisas-ül Rəbğuzi" nüsxəsinin təsviri ilə bağlı yazısı xüsusi əhəmiyyət kəsb edir.

"Türkologiya" jurnalının yeni sayında Albaniyadakı türkoloji mərkəzlər və araşdırmalar haqqında yazı, Xalq şairi N.Həsənzadənin və tanınmış dilçi, filologiya elmləri doktoru, professor A.Ələkbərovun 85 illik yubileyi münasibətlə təbriklər, məşhur türkoloqlar Tofiq Hacıyev, Tələt Təkin, Georgi Hazai və Fuad Qəniyevin vəfatı ilə əlaqədar nekroloqlar və başqa yazılar verilib.

Onu da qeyd edək ki, jurnal öz nəzdində xüsusi türkoloji seminar təşkil etməyi nəzərdə tutur. Ayda bir dəfə redaksiyada keçiriləcək bu seminarlarda müxtəlif elm sahələrinin nümayəndələrini maraqlandıran problemlər ölkəmizdə və dünyada aparılan türkoloji tədqiqatlar işığında müzakirə ediləcək. "Türkologiya" jurnalı ehtiyac duyulduqda ayrı-ayrı məsələlər üzrə müzakirələr, disputlar, dəyirmi masalar da təşkil edəcək. Bütün bunlar jurnalın elmi məkanının genişlənməsinə, yəni həm fəndaxili inteqrasiyaya, həm də fənlərarası sinergetikaya xidmət edəcək.

Ramiz ƏSKƏR
professor

 





29.06.2016    çap et  çap et