525.Az

Gəncə şəhərinin sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər


 

Gəncə şəhərinin sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər<b style="color:red"></b>

Müasir dünyada dövlətlərin inkişaf səviyyəsini göstərən kriteriyalar xeyli dəyişib. Bu gün ölkələrin iqtisadi, sosial, mədəni inkişafından danışarkən bütün sahələr araşdırılır.

İqtisadiyyat, turizm, sosial təminat, mədəni layihələrin həyata keçirilməsi və ən mühümü - bütün bunların sadəcə mərkəzdə deyil, əyalətlərdə, bölgələrdə səviyyəsi... Bu baxımdan Avropada, dünyada inkişaf etmiş ölkələrin  paytaxtlarından əlavə, yeni “paytaxtların” seçilməsi - mədəniyyət paytaxtı, gənclər paytaxtı, əfsanələr, tarix və başqa “paytaxt tipləri”nin yaradılması diqqəti müxtəlif şəhərlərə yönəltmək məqsədi daşıyır. Bu uğurlu, effektiv təcrübədən zamanla digər ölkələr də yararlanırlar.

Çağdaş Azərbaycanın sürətli inkişafını göstərən amillərdən biri də məhz  bölgələrə diqqət, əyalətlərin modernləşməsidir. Ölkədə ərazisinə görə ikinci şəhər olan Gəncə bu mənada diqqəti cəlb edir. Son beş ilə nəzər salsaq, Gəncə şəhərinin zahiri görkəminin gözəlləşməsi, abadlaşması ilə bərabər sosial, mədəni, iqtisadi həyatında da xeyli maraqlı, nikbin nəticələrlə qarşılaşarıq.

Coğrafi baxımdan yolların üstündə, tarixi cəhətdən hadisələrin mərkəzində olan şəhər bu gün də qeyri-adiliyini, özünəməxsusluğunu qorumaqdadır. İstər ədəbiyyatımıza, mədəniyyətimizə, incəsənətimizə bəxş etdiyi simalar, görkəmli şəxsiyyətlər baxımından, istər tarixin dolanbaclarında oynadığı rola görə, istərsə də əsrarəngiz təbiətinə görə Gəncə hər zaman diqqətdə olub. Bu gün Nizami yurdu kimi dünyada tanınan şəhər mədəniyyətimizə Məhsəti Gəncəvini, Mirzə Şəfi Vazehi, Nigar Rəfibəylini, Fikrət Əmirovu bəxş edib. Bu və adlarını sadalamadığımız, Gəncədə dünyaya göz açmış neçə-neçə böyük şəxsiyyətlərin əsərləriylə millətin ruhu formalaşıb, mənəviyyatı tərbiyə olunub. Dahi Nizaminin poemaları, Fikrət Əmirovun musiqisi bu şəhərin ruhunu dünyaya “daşıyıb”, ən fərqli millətləri düşündürüb, heyrətləndirib, təsirləndirib. Bu gün gender bərabərliyindən danışan dünyaya hələ XII əsrdə sadə peşə adamlarına açıq, cəsarətli rübailər yazan bir Şərq qadını - Məhsəti Gəncəvi əfsanəvi görünür. XX əsrin əvvəllərindən repressiya qurbanı gəncəli Xudadat bəy Rəfibəylinin qızı Nigar xanım Rəfibəylinin cəsarəti, dövrün bütün ziddiyyətlərinə baxmayaraq, özünü, sözünü qoruması, zərifdən zərif şeirləri ilə poeziyamızda yer tutması, Azərbaycanın azsaylı qadın Xalq şairlərindən biri olması da bu şəhərin tarixində qürur doğuran səhifələrdən biridir. Və heç şübhəsiz ki, adını çəkdiyim tarixi, ədəbi şəxsiyyətlərin sənətində, istedadında, ruhunda Gəncənin də öz payı, öz rolu var.

Göygölü, Kəpəzi, Hacıkəndi ilə, əsrarəngiz təbiəti ilə sənətkarların ilham mənbəyi olan Gəncə, həm də fəxarət hissi doğuran tarixi ilə maraqlıdı, təsirlidi. Gəncəli Cavad xanın qəhrəmanlıqlarına əfsanələr, dastanlar qoşulur az qala. 1918-ci ildə Şərqdə ilk Respublikanın - müstəqil Azərbaycan Cümhuriyyətinin qurulmasında Gəncənin, gəncəlilərin rolu, zəhməti və mərkəzin bu şəhər olması xeyli düşündürücüdür.

Bütün bunlar çağdaş gəncliyin öyrənməli, bilməli olduğu, istər milli mənlik qürurunun, istərsə də vətənpərvərlik hisslərinin tərbiyəsi üçün dərinliklərinə varmalı olduğu məsələlərdir. 2012-ci ildə Gəncənin “Azərbaycanın gənclər paytaxtı” seçilməsi bu baxımdan xeyli faydalı oldu. İl ərzində gənclərlə bağlı müxtəlif səpkili tədbirlərin Gəncədə keçirilməsi şəhərin tarixini, memarlığını öyrənmək üçün fürsət idi. Şəhərin sosial və iqtisadi cəhətdən inkişafı, zahiri gözəlliyi, müasirliyi isə istər gənc nəslin, istərsə də yaşlıların, ələlxüsus gəncəlilərin vurğuladığı məsələlərdir.

Xatırlayıram ki, 2011-ci ildə Gəncə şəhər İcra Hakimiyyəti mətbuat nümayəndələrinin iştirakı ilə doqquz aylıq hesabat görüşü keçirmişdi. Bu, həm də ilin əvvəlindən şəhərə yeni təyin olunmuş icra başçısı Elmar Vəliyevin hesabatı sayıla  bilərdi. O zaman mətbuatımızı Gəncənin sürətli inkişafı, görülən işlər və perspektivlərlə bağlı nikbin məqalələr, yazılar zəbt etmişdi. Hər kəs Gəncədəki quruculuq işlərindən, yeni açılan iş yerlərindən, şəhərin simasının modernləşməsindən danışırdı. Mətbuat nümayəndələrinin həmin səfərindən sonra “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid “Gəncədəki ruh” adlı məqaləsində icra başçısı Elmar Vəliyevin öz üzərinə götürdüyü məsuliyyəti özünəməxsus şəkildə şərh edirdi: “Media rəhbərləri Elmar Vəliyevin Yevlaxda qısa müddətdə gördüyü böyük işlərdən çox yazıblar. Bu insanda tükənməz enerji, böyük qurub-yaratmaq şövqü var. İndi mən onu bir az arıqlamış, bir az qaralmış gördüm, sanki gözlərinin dibindən dərin fikirlər boylanırdı. O, Gəncəni demək olar ki, söküb yerə qoymuşdu. Bu qədər ağır yükün altına girmək və bu yükün altından çıxa biləcəyinə özündə böyük inam hiss etmək zarafat deyil. Həm də həmişə olduğu kimi Gəncədə də bu proses ağrısız ötüşmür. Bəzən ədalətsizliklər də olur, bəzən, özünün də dediyi kimi, iş olan yerdə söz-söhbətlər də yaranır. Amma bizə həm şəhərin memarının, həm digər məsul şəxslərin ağızdolusu danışdıqları yeni qurulan Gəncə barədə arzuları, düşüncələri bu prosesin xoş sonluqla yekunlaşacağına əminlik yaradırdı. İnanırdıq ki, sökülüb yerə qoyulmuş şəhərin yerində Nizaminin, Cavad xanın, Gəncənin özünün tarixinə və adına layiq yeni bir şəhər qurulacaq”.  Rəşad Məcid kimi bir çox ziyalıların o zamankı nikbin proqnozu tezliklə özünü doğrultdu. 2012-ci ildə dahi Nizaminin 870 illik yubileyi Gəncədə beynəlxalq səviyyədə keçirildi. Təkcə bizim qələm əhli, ziyalılar, mətbuat nümayəndələri deyil, müxtəlif ölkələrdən təşrif buyuran qonaqlar  da yeniləşən Gəncəyə aid xoş sözlər deyir, buranın Avropa şəhərlərindən geri qalmadığını söyləyirdilər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında” 2011-ci il 23 dekabr tarixli sərəncamından sonra Gəncədə geniş hazırlıq işləri aparılmışdı. Şairin məqbərəsi və onun ətrafı yenidən qurulmuş, sahəsi genişləndirilərək yeni xiyabanlar salınmışdı. Burada Nizami Gəncəvi muzeyinin inşasına başlanılmışdı, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin inşası üçün hazırlıq işləri də aparılmışdı. Elə yubiley günlərində həmin Mərkəzin təməlsalma mərasimi keçirildi. Bütün bunlar şəhərin mədəni həyatında böyük hadisələr idi. Amma bununla belə Gəncədə turizm sahəsinə və iqtisadi məsələlərə xüsusi diqqət də nəzərə çarpır. Böyük turizm obyektlərinin, modern otellərin tikilişi, istifadəyə verilməsi, eyni zamanda yeni iş yerlərinin açılması da diqqət çəkən məsələlərdir.

Son illərdə Gəncədə görülən işləri, şəhərin sosial-iqtisadi həyatında baş verən yenilikləri sadalayarkən şəhər ziyalılarının da müsbət rəylərini yada salmaq yerinə düşər. İki il öncə dahi Xan Şuşinskinin qızı, Bəyimxanım Verdiyeva Cavanşirin Gəncəyə aid fikirləri, nikbin düşüncələri qəzetimizdə yayımlanmışdı. Gəncə sakini olan ziyalı xanım şəhərdəki böyük işlərə biganə qala bilməyib “Gəncəyə gözəllik verən əməllərin sevinci” adlı yazı yazmışdı: “...Gəncə tanınmaz dərəcədə dəyişilib. Şəhərdə qədim tarixi abidələrin qorunaraq bərpası, Gəncənin tarixi simasının özünə qaytarılması, dahi Azərbaycan şairi şeyx Nizami Gəncəvinin 870 illik yubileyinin təntənəli surətdə Gəncədə keçirilməsi, böyük Azərbaycan bəstəkarı Fikrət Əmirovun yubiley tədbiri, Gəncədə Qafqazda analoqu olmayan filarmoniyanın tikintisi, şəhərin ziyalılarının və zəhmətkeşlərinin şəhər rəhbərliyi tərəfindən gördükləri səmərəli işlərinə görə, fərqlənmələrinə görə fəxri fərmanlarla təltif edilmələri, Gəncə şəhərində aparılan son dərəcə böyük quruculuq işləri alqışa layiqdir”. 

“Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının bədii rəhbəri, Xalq artisti Fikrət Verdiyevdən bütün bu sadaladığım məsələlər haqda soruşanda o şəhərin inkişafında, müasirləşməsində, incəsənətə, mədəniyyətə xüsusi diqqət ayrılmasında icra başçısı Elmar Vəliyevin xüsusi xidmətini, əvəzsiz zəhmətini vurğuladı: “Ölkə prezidenti cənab İlham Əliyev Gəncəyə gələndə də mən ziyalılar adından çıxış edib icra başçımızın gördüyü işləri dəyərləndirdim, bizə bu cür insanı başçı göndərdiyinə görə təşəkkürümü bildirdim. Bu gün Gəncə cənnətə çevrilib sanki. Hər yaşda adamın bu şəhərdə yaşaması, işləməsi, dincəlməsi üçün şərait var. Dünyada analoqu olmayan Filarmoniya tikilir. Son vaxtlarda hər yerdə müşahidə olunan maddi problemlərə baxmayaraq bu iş davam etdirilir və inanıram ki, tezliklə biz musiqiçilər Filarmoniyanın açılışını bayram edəcəyik. Yaxşı olan, xeyrimizə olan bütün işləri görüb dəyərləndirmək lazımdı. Və bu məsələdə əsas iş mətbuat nümayəndələrinin üzərinə düşür”.

Zənnimcə son illərdə Gəncədə görülən böyük işlərin ən gözəl nəticələrindən biri bu şəhərin 2016-cı il Avropa Gənclər Paytaxtı seçilməsidir. Bu adı qazanmaq  üçün Gəncə Avropa Gənclər Forumunun təşkil etdiyi müsabiqəyə qoşulub. Müsabiqədə Avropanın müxtəlif ölkələrindən olan 12 şəhərlə yarışan Gəncə finala keçib. Müsabiqənin final mərhələsində 5 şəhərlə Badajoz (İspanıya), Galvay (Şimali İrlandiya), La Laguna (İspaniya), Varna (Bolqariya) və Vilnus (Litva) şəhərləri ilə yarışmalı olub və qalib gəlib. Təkcə elə bu məlumat Gəncə şəhərinin müasir dünya standartlarına nə qədər cavab verməsinin təzahürüdür. Və heç şübhəsiz ki, il ərzində keçirilən tədbirlərdə Avropanın müxtəlif ölkələrinin gəncləri şəhərin qeyri-adi gözəlliyini, müasirliyini dəyərləndirəcək, bu da ölkəmizin dünyada təbliğ olunmasında daha bir uğurlu iş hesab olunacaq. 

Gəncə Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə keçirdiyi müsabiqəyə təqdim etmək üçün.

 





02.07.2016    çap et  çap et