525.Az

İnsanlıq nümunəsi və vəzifə borcuna sədaqət


 

İnsanlıq nümunəsi və vəzifə borcuna sədaqət<b style="color:red"></b>

- Mister, mister! İt is your porte-monnaie...

Əcnəbi əvvəlcə heç nə başa düşmədi. Polis əməkdaşının ona ingilis dilində dediklərindən sonra ciblərini axtardı və dostuna baxdı. Gecənin bir vaxtında əcnəbinin düşdüyü vəziyyəti bir anlıq təsəvvür etdinizmi?

O, ölkəmizə “Formula-1” yarışlarını izləmək üçün gəlmişdi. Yarış ərəfəsində Bakının dillər əzbəri olan gecələrini görmək üçün gəzintiyə çıxmışdı. Ani bir ehtiyatsızlıq ona çox kədərli anlar yaşada bilərdi. Daha doğrusu, heç bilməyəcəkdi ki, nəyi harda itirib. Ya da itirdiyi pul kisəsini tapan bir başqası onu heç qaytarmayacaqdı da. Qarşısındakı Azərbaycan Polisi əcnəbini çox təəccübləndirmişdi.

Pul kisəsini aldı və içinə baxdı. Pulu, sənədləri yerində idi. Əcnəbi gülümsəyib sevincindən polisi qucaqladı və dönə-dönə təşəkkürünü bildirdi. 

Hadisə barədə həmkarımız İdarə rəisinə məruzə etdi. O da öz növbəsində Baş İdarə rəhbərliyini məlumatlandırdı.

Ertəsi gün saytlar bu xeyirxah əməldən yazdılar. Əməl sahibinin isə adını qeyd etmədilər. Sadəcə “DİN Baş Mühafizə İdarəsinin əməkdaşı pul tapdı və sahibinə qaytardı” başlığı tirajlandı...

Belə bir müqəddəs ayda azərbaycanlının, xüsusən də polis əməkdaşının bu nəcib hərəkəti diqqətimi çəkdi. Onu tapmağa qərar verdim. Tapdım da...

Polis leytenantı Bəhruz Kərimov DİN BMİ-nin Neft Emalı Obyektlərinin Mühafizə İdarəsində tağım komandiridir. “İndiki zamanda çətin ki, pul tapan şəxs onu sahibinə qaytarar”,- deyəndə gülümsədi. Və baş verən hadisə barədə danışmasını xahiş etdim.

Bəhruz deyir ki, yarışlar zamanı postda idim və təhkim olunduğumuz ərazidə xidmət aparırdım. Gecənin birinci yarısı idi və İstiqlaliyyət küçəsi ilə Azadlıq prospektinin kəsişdiyi küçədə yeraltı keçidə düşən iki əcnəbini gördüm. Onlardan biri əlini cibinə saldı və nəsə götürdü. Uzaqlaşmışdılar ki, diqqətimi yerə düşən bir əşya çəkdi. Yaxınlaşanda gördüm ki, pul kisəsidir. İçində 1700 ABŞ dolları və müxtəlif sənədlər vardı. Tez arxalarınca qaçdım. Düzü, bir anlıq tutuldular. Sonra biri əlini cibinə saldı, pul kisəsini, müxtəlif sənədlərini itirdiyini dedi. Pul kisəsini ona təqdim etdim. Əlbəttə, onun necə sevindiyini təsvir etmək çətindir.

“Elə bir möhtəşəm beynəlxalq tədbir zamanı vətənimizi layiqincə təmsil etmək və ölkəmizə gələn qonaqlara necə qonaqpərvər olduğumuzu sərgiləmək hər birimizin vətəndaşlıq borcu idi”. Bunu da polis leytenantı Bəhruz Kərimov dedi.

Polis leytenantı Bəhruz Kərimov 2004-cü ildə daxili işlər orqanlarına qəbul edilib. İlk xidmət yeri BMİ-nin Nizami Rayon Mühafizə İdarəsi olub. Həm məktəbi, həm də hərbi xidməti bitirdikdən sonra ali məktəblərə qəbul olunsa da, ürəyi istəyən fakultəyə düşmədiyinə görə təhsildən imtina edib. Ən böyük arzusu polis olmaq idi. Çünki torpaqlarımız uğrunda döyüşlərdə iştirak edən atası ona ta kiçik yaşlarından vətənimizin müdafiəsində canından keçən polis əməkdaşları haqqında çox danışmışdı. Bütün bunlar isə onda polisə olan sevgini, hörməti daha da gücləndirirdi.

Bəhruz 2010-cu ildə DİN-in Polis Akademiyasına qəbul olunub. 2015-ci ildən BMİ-nin Neft Emalı Obyektlərinin Mühafizə İdarəsində tağım komandiri kimi xidmətini davam etdirir.

Həmkarımız haqqında  İdarənin rəisi, polis polkovniki Zakir Məmmədov, rəis müavini, polis polkovnik-leytenantı Rauf Hacıyev səmimi hisslərini bölüşdülər və onun, sözün əsl mənasında, Azərbaycan Polisi adına layiq bir əməkdaş olduğunu bildirdilər.

Bəli, görünən dağa nə bələdçi... Əslində, Bəhruzun bu nəcib əməli Azərbaycan Polisinin mənəvi ucalığının, insana və insanlığa verdiyi dəyərin bariz nümunəsidir. Bu, həm də gözütoxluğun əyani sübutudur.

Yeri gəlmişkən, qeyd edək ki, İdarə tərəfindən keçən müddət ərzində ictimai qaydanı pozduğuna görə 25, digər cinayətlərə görə 5, axtarışda olan 3, narkotik faktı ilə bağlı isə 3 nəfər tutularaq qanuna təslim edilib. Xidməti ərazidə baş verən 6  yanğın hadisəsinin qarşısı əməkdaşlar tərəfindən yerindəcə alınıb.

Hafiz TƏMİROV
polis mayoru

 





04.07.2016    çap et  çap et