525.Az

Vətən uğrunda can əsirgəməyən qəhrəman - şəhid çavuş Təbriz Əsgərov


 

Vətəni qibləgah edən şəhidlər

Vətən uğrunda can əsirgəməyən qəhrəman - <b style="color:red">şəhid çavuş Təbriz Əsgərov</b>

Şəmkirin Morul kəndində şəhid çavuş Əsgərov Təbriz Hamlet oğlunun evini axtarıb tapdım.

Həyətdə şəhidin anası Kifayət xanımla üz-üzə gəldik, yaxınlaşıb görüşdüm. "Təbrizdən yazmaq istəyirəm"- dedim. Təklifi qəbul edib həyətdə qoyulan oturacaqda oturdum. Atası Hamlet Əsgərov da gəlib əyləşərək söhbətə başladı.

- Bizim münasibətimiz dədə-balalıqdan çıxmışdı, dost idik, yoldaş idik. Bir-birimizə arxa kömək idik. Üç uşağım var. Təbriz böyüyüm idi. Belə oğullar ölmürlər, necə ki, Azərbaycan var, Təbriz də var, onunla eyni amal uğrunda şəhid olan oğlanlar da yaşayacaq. O, vətən uğrunda canından keçdi.

Anası Kifayət xanım:

- 24 yaşı yeni tamam olmuşdu. Sonsuz arzuları var idi. Qarışqanı belə ayaqlamağa qıymazdı. Balaca uşaqların qabağında da diz çöküb görüşürdü. Deyirdi, qoy şəxsiyyət olsunlar. Özlərinə verilən dəyəri bilsinlər. Getdi hərbiyə yazıldı. Xüsusi təyinatlı bölüyə.  Sevinirdi ki, 6 aylıq kursu uğurla keçmişdi.  Deyirdim ki, ay bala, özünü yaman çətin işə qoşdun. Cavab verirdi ki, ana bəs kişi nə üçün yaranıb?! Oğlumu axırıncı dəfə mart ayının 25-i gördüm. Cümə günü idi, gəldi. Bazar günü martın 27-si yola salırdım, bu darvazanın ağzına qədər də gedib, geri qayıtdı, bir də görüşdü mənimlə və boynumu qucaqladı. Sonra dalınca baxa-baxa qaldım. Sən demə, həmin gün atasının yanına gedərək onunla da bu tərzdə görüşübmüş.

Qardaşı Pərviz danışır:

- Mən evin kiçik oğluyam. Qardaşımı dedikcə çox istəyirdim. Məndə bir az ərköyünlük var, o isə başqa idi. Mən onun kimi ola bilmərəm...

O savaş günlərində hamı kimi,  onlar da ermənilərin atəşkəs rejimini pozduğunu eşitdilər.  Ömrünün 25 ilini hərbçi işləyən,  Qarabağ döyüşləri başlayandan sonra gecəsi-gündüzü olmayan,  döyüşlərdə fəal iştirak edən Hamlet Əsgərov oğlunun telefonuna zəng çatmadığından onu axtarmağa gedir. Ancaq evə əliboş, məyus qayıdır. Nəhayət, telefonuna zəng gəlir, xəbər verirlər ki, qoşunların təmas xəttində erməni təxribatının qarşısını alarkən çavuş  Təbriz Əsgərov da  şəhid olub. Aprelin 5-i axşamı Təbrizi sevdiyi üçrəngli bayrağa büküb evlərinə gətirirlər...

Anası Kifayət xanım bu xəbərdən sanki daşa dönmüşdü. Onun Təbrizi ölə biməzdi, Təbriz onun pənahı idi, gözünün nuru idi. Həyətdə üstünə qırmızı çəkilmiş stol bəzədi. Üstünə qırmızı rəngli toy xonçası qoydu.  Qapıya gələnləri toya gəlmiş kimi qarşıladı.  23 bahar görmüş oğlundan bir bahar səhəri belə ayrılırdı. Əbədi ayrılığa göndərirdi oğlunu. Atası Hamlet döyüşçü olmuşdu. 1992-ci  ildən bəri neçə şəhid  dostunu, yoldaşını dəfn etmişdi. Onsuz da könlü şəhidlər məzarığı idi. Könlündə o qədər sirrləri, söhbətləri var idi ki. Təbriz də bu  yolu seçəndə bilirdi ki, oğlu ölümlə nəfəs-nəfəsə dayanıb. Bu həyətə hər gəlişi toy-bayram ab-havası gətirirdi Təbrizin. Dostları, tay-tuşları, hərbidə işlədiyi həmkarları yığılırdı bu həyətə, yeyib-içib, gülüb danışardılar. Bu gün onların hamısı Təbrizin tabutunun başına yığışmışdılar. Hamı Təbrizin qəhrəmanlığından, qoçaqlığından, vətənpərvərliyindən danışırdı. Deyirdilər ki,  son döyüşdə dəqiq atəşləri ilə neçə ermənini susdurub.  Hətta  döyüş vaxtı belə zarafatlarından qalmayıb. Daha sonra dostları ilə QƏLƏBƏ sevincini yaşayıb. Uca bayrağımızı Lələtəpə yüksəkliyinə sancanların sırasında o da olub.  Güllə yarasından yox, qəlpədən dünyasını dəyişib. Heydən düşənə qədər əli tətikdə olub. Avtomatındakı son gülləni də atdıqdan sonra yıxılıb. Dəfndən sonra , üçrəngli Dövlət bayrağımızı  əbədi xatirə kimi  şəhidin atasına  verdilər:

- Bayrağı Təbriz kimi oğullar ucaldır. Axı o mənim oğlum idi. Başqa cür də ola bilməzdi.  Orada həlak olanların hamısını öz balam sayıram. Oğlum deyirdi ki, bizim dirimiz əsgər, ölümüz şəhiddir. Mən bilirəm oğlum kimdir, tək Şəmkir üçün deyil, Azərbaycan üçün kimdir , nələr edib, bilirəm. Onu da mən heç kimə açıqlayan deyiləm. Əgər bunu millətin 5 milyonu bilirsə,  3 milyonu bilmək istəmirsə, ona sübut edib, çatdırmaq fikrində deyiləm ki, bu səndən ötrü gedib. Lakin fəxr edirəm. Mənim oğlumun da Vətən torpağı uğrunda həlak olduğu günlərdə  bütün dünya dərk etdi ki, Azərbaycan xalqı var, vətənpərvər Azərbaycan oğulları var.

Sonra Kifayət xanımdan xahiş etdim ki, oğlunun otağını göstərsin mənə. Evin Təbrizə aid olan hissəsində onun portretləri, şəkilləri düzülmüşdü. Yataq otağında isə qırmızı rəngdə bəy yorğan-döşəyi öz sahibini gözləyirdi . Heç vaxt gəlməyəcək sahibini... 

Hamlet Əsgərovdan soruşdum:

- Müharibənin yenidən başlanmasını istərdinizmi?

 - Mən müharibənin başlanmasını həmişə istəmişəm ki, torpaqlarımızı azad edək. İndi evimdə bir oğul da böyüdürəm. Sabah onun uşaqları, nəvələrim  mənə desələr ki, bu torpağı sən vermisən, deməyə söz taparıqmı...  Bizim torpaqlar döyüşlə alınmalıdır. O torpaqları ermənilərdə qoymaq bizim ən böyük günahımız olar!

Anası Kifayət xanım bir başqa dərddən də söz açır:

- Mən  3 dəfə əməliyyat olunmuşam.  Onkoloji  xəstəxanada qeydiyyatdayam.   Təbrizin gücünə yaşayırdım. Oğlum həlak olmazdan üç ay əvvəl əməliyyatdan çıxmışam.  4 aydır ki, müalicəyə də getmirəm. Şüa müalicəsi almalıyam. Oğlum demişdi ki, ana, kurs pulumu alıb, səni yenidən müayinəyə aparacam. 4 dəfə şüa götürməliyəm. Həyat yoldaşım 300 manat pensiya alır, özüm ali təhsilli müəlliməyəm, amma xəstəliyimə görə mənə pensiya kəsilməlidir. Çox bahadır şüa götürmək. İmkanımız çatmır. Oğlum aylığını göndərirdi, onun pulu ilə müalicəm gedirdi, indi neyləyim?..

Şəhid çavuş Təbriz Əsgərov haqqında düşünəndə atası Hamletin bu sözlərini xatırladım: "Bir ləzzətli, ürəkdən gülməyi var idi ki Təbrizin! Güləndə səsi kəndə yayılırdı". Bu sözləri deyəndə istər-istəməz gözləri gülmüşdü Hamletin. Elə bil ki, oğlunu sağlığındakı kimi xatırlayırdı, gülüşünə sevinirdi...

 





06.07.2016    çap et  çap et