525.Az

Qədim və yeni "İpək Yolu" üzərində yerləşən Hacıqabul


 

YOLBOYU SALINAN YAŞILLIQ SAHƏLƏRİ ARTIQ MEŞƏ MASSİVİNƏ ÇEVRİLİB

Qədim və yeni "İpək Yolu" üzərində yerləşən Hacıqabul<b style="color:red"></b>

Ekologiya və ətraf mühitin mühafizəsi

Məşhur deyimə görə, dostu tanımaq üçün onunla yol yoldaşı olmaq lazımdır. Çünki yol ünsiyyətdir, mədəniyyətdir. Lakin çox zaman dostu yolda tanımaq, anlamaq mümkün olsa da, yollarımızı heç cür tanımaq olmur.

Bu işə cavabdeh olan şəxsləri isə başa düşmək çox çətindir. Çünki dostdan fərqli olaraq, köhnə, baxımsız yol uzun illərin sınağından üzüağ çıxa bilmir. Ona görə də yolları müəyyən müddətdən sonra təmir etmək, yenisi ilə əvəz etmək lazımdır. Axı, yol da daimi qulluq tələb edir.

5-10 il əvvələ kimi bu mənzərə hər bir azərbaycanlı və ölkəmizə gələn əcnəbilərə tanış idi. Sovet dövründən qalma yararsız asfalt örtükləri bəzi hallarda yenilənsə də, ömrü uzun olmur, qısa müddət ərzində çat verərək yararsız hala gəlirdi. Lakin indi həm ölkə vətəndaşları, həm də ölkəmizə gələn əcnəbilər bu illər ərzində Azərbaycanda yol-nəqliyyat infrastukturunun müasirləşdirilməsi istiqamətində xeyli işlərin görüldüyünün şahidi olurlar. Bakı və onun qəsəbələri, eləcə də bölgələrin ümumi inkişaf konsepsiyasına uyğun olaraq ölkəmizdə yolların yenilənməsi, ətrafında yaşıllıqların salınması istiqamətində də əsaslı tədbirlər həyata keçirilir. İndi beynəlxalq tədbirlərin məkanına çevrilən, turizm potensialını günü-gündən artıran Azərbaycanın avtomobil yolları səliqəli, rahat və gözoxşayan olması ilə fərqlənir. Artıq neçə ildir ki, yollarda təmir-tikinti, yenidənqurma işləri geniş vüsət alıb. İnşa olunan yeni körpülər, tunellər ölkəmizə müasir görkəm verir, nəqliyyat axının sıxlığının azaldılmasında mühüm rol oynayır. Bütün bunlar səfərə çıxan insanlarda xoş ovqat yaratmaqla yanaşı, sürücülərin də sevincinə səbəb olur.

Son 10 ildə yolların saxlanması üçün 200 milyon manatdan çox, yolların, körpülərin, keçidlərin tikilməsi, yenidən qurulması və bərpasına isə 1 milyard manata yaxın vəsait sərf olunub. Bu illər ərzində 200-dən çox  körpü və yol ötürücüsü tikilib, 85 körpü əsaslı təmir olunub.

Keçən il ərzində "Azəryolservis" ASC tərəfindən  524,4  km uzunluğunda ümumi istifadədə olan  yeni avtomobil yolları tikilib, yenidən qurulub, təmir olunub. Bundan əlavə 12 ədəd yeni avtomobil körpüsü tikilib, 2 ədədi  təmir edilib,  2 ədəd tunel  və 7 ədəd piyada keçidi istismara verilib. O cümlədən, regionlar üzrə ümumi istifadədə olan 213,3 km respublika əhəmiyyətli, 167,5 km yerli əhəmiyyətli olmaqla 380,8 km uzunluğunda avtomobil yolu tikilib, yenidən qurulub və təmir olunub. Ümumi istifadədə olan avtomobil yollarında 12 ədəd körpü tikilib, 2 ədədi təmir edilib. Bakı şəhəri üzrə isə 144,1 km uzunluğunda avtomobil yolu, prospekt və küçə tikilib, yenidən qurulub, təmir olunub, 3 ədəd yol ötürücüsü, 2 ədəd tunel, 9 ədəd piyada keçidi istismara verilib.

Sevindirici haldır ki, yol-nəqliyyat infrastrukturunun yenilənməsi istiqamətində həyata keçirilən tədbirlər ekoloji vəziyyətin yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi tədbirləri ilə mütənasib şəkildə aparılır. Bu onu deməyə əsas verir ki, iqlim şəraitinə uyğun olaraq Azərbaycanın şimal bölgələrində - Quba, Xaçmaz, Qəbələ, Oğuz, Şəkidə magistral yolların ətrafı meşə ilə örtülü olduğu kimi Cənub, Qərb bölgələrində də aparılan ağacəkmə, yaşıllaşdırma tədbirləri nəticəsində yaxın gələcəkdə bu istiqamətlərdə səfər edərkən yolboyu gözoxşayan mənzərələrlə qarşılaşacağıq. Həm də unutmaq olmaz ki, ağaclar atmosferdeki zəhərli qazları alır və əvəzində havanı bol oksigenlə təmin edir. Hesablamalara görə, hazırda havanın 50 faizi meşələr tərəfindən təmizlənir və dezinfeksiya olunur.

Artıq pilot layihə kimi Bakı-Hacıqabul magistral avtomobil yolunda görülən işlərin müsbət nəticələr verdiyini demək olar. 2008-ci ildən bəri qədim və həm də yeni "İpək Yolu"nun üzərində yerləşən rayonda yolboyu salınan yaşıllıq sahələri göstərilən aqrotexniki qulluq sayəsində meşə massivinə çevrilib.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova "525"ə bildirib ki, Ələt-Hacıqabul yolunun ərazisində zeytun, şam, sərv, akasiya, oleandr, göyrüş, tuya, fıstıq şamı, qarağac, nar, badam, tut, iydə və digər növdə olan 839 min ədəd ağac və kol bitkiləri əkilərək becərilib: "2016-cı ilin yazında isə sözügedən ərazinin 20 hektarında 17 minə qədər müxtəlif növdə ağac əkilib".

Mətbuat katibi qeyd edib ki, ərazilərin suvarılması məqsədilə Şirvan kollektorunun üzərində hər biri 2500 kub metr gücündə 2 ədəd duzsuzlaşdırma kompleksi tikilib: "Eyni zamanda 2013-cü ildə istifadəyə verilən gücü 1000 kub metr olan Xəzər Dənizi Suyunun Duzsuzlaşdırma Zavodunda da bu il əlavə olaraq gündə 1000 kub metr həcmində sutəmizləyən yeni xətt tikilərək istifadəyə verilib. Şirvan kollektoru və Xəzər dənizindən götürülərək duzsuzlaşdırılan suyun ümumi həcmi gündə 7000 kub metrə çatdırılıb ki, bu da 2016-cı və sonrakı illərdə salınacaq 300 hektardan artıq yaşıllıq sahəsinin suvarılmasına kifayət edəcək".

Respublika ərazilərində magistral yollarda salınan yaşıllıqlara Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən daimi qulluq göstərilir. Cəmiyyət 2008-ci ildə yaradılıb. Hazırda 9 idarəsi fəaliyyətdədir. Bu idarələrdən 7-si Bakıdan başlayan respublika əhəmiyyətli magistral yolların üzərində yerləşir. İdarələrdən 2-si isə paytaxt daxilində - Zığ-Aeroport yolu və Bayıl yamacındadır.

Yaşıllaşdırma və Landşaft Quruluşu ASC-nin aparat rəhbəri Ədilağa Məlikov isə bildirib ki, Ələt-Hacıqabul yolunda yaşıllaşdırma işləri ilə 2 idarə məşğul olur: "Yolun birinci hissəsi 8 saylı Yaşıllaşdırma İdarəsinin nəzarətindədir. Bu İdarənin fəaliyyəti 632 hektar sahəni əhatə edir. Burada 952 min ağac əkilib. Yolun ikinci hissəsinə nəzarət edən 1 saylı Yaşıllaşdırma İdarəsinin ərazisi isə 481 hektardır. Burada əkilən ağacların sayı 611 mindən çoxdur. Bu idarələrin hər birində 38-40 nəfər bağban yaşıllıq sahələrinə daimi qulluq göstərir".

Aparat rəhbəri onu da əlavə edib ki, ümumilikdə cəmiyyətin magistral yolların ətrafında 4 min hektara yaxın yaşıllıq sahələri var: "Bu ərazilərdə 5 milyona yaxın ağac əkilib. Bunlardan 1 milyon 268 min ədədi zeytun ağacıdır".

Cəmiyyət rəsmisi bildirib ki, son illər Nazirliyin tapşırığına əsasən ölkədə  zeytunçuluğun inkişafına xüsusi diqqət yetirirlər: "Əvvəllər Azərbaycanda salınan zeytun bağlarından cəmi 900 hektar ərazi qalmışdısa, 2008-ci ildən bu yana Nazirliyin bu istiqamətdə fəaliyyəti nəticəsində zeytunluq sahələri 1850 hektara çatdırılıb".

Lakin bəzi hallarda cavabdeh şəxslərin, eləcə də sıravi vətəndaşların laqeydliyi, onların üzərlərinə düşən sosial məsuliyyəti dərk etməmələri görülən ümumi işə xələl gətirir. Zaman-zaman müşahidə olunur ki, müxtəlif səbəblərdən - əraziyə suyun çatdırılmaması və ya suyun kifayət etməməsi ucbatından min bir əziyyət bahasına salınan yaşıllıqlara lazımi qulluq göstərilmir, eləcə də bəzi hallarda insanlar tərəfindən əkilən ağaclara zərər vurulur, ətrafa tullantılar, söndürülməmiş siqaret kötükləri atılır. Nəticədə təbiət korlanır, üfunət iyi yayılır, ətraf toz-dumana qərq olur və bu sonda yaşıllıqların məhvinə gətirib çıxarır ki, əhali də gözoxşayan təbiət mənzərəsindən məhrum olur.

Son olaraq mayın 29-da Bakı-Qazax yolunun 110-111-ci kilometrliyində Hacıqabul rayonu ərazisində, dəmiryol xəttinin kənarında quru ot örtüyündə yanğın hadisəsi baş verib.

İ.İbrahimovanın verdiyi məlumata görə, yanğın sonradan 2008-ci ildə nazirlik tərəfindən magistral avtomobil yolunun kənarında salınan yaşıllıq sahəsinə keçib: "Yanğının söndürülməsi üçün əraziyə dərhal Nazirliyin və Hacıqabul rayon Yanğından Mühafizə Dəstəsinin əməkdaşları cəlb olunub və operativ tədbirlər nəticəsində yanğın söndürülüb".

Hadisə ilə bağlı Ə.Məlikov isə qeyd edib ki, yanğın nəticəsində təxminən 80 sot ərazidə yaşıllıqlar tamamilə məhv olub.

Aparat rəhbəri bildirib ki, yanğına səbəb oradan keçən dəmiryolunda qatarların hərəkəti zamanı relslər üzərində yaranan qığılcımların yaşıllığa keçməsidir: "Həmin vaxt güclü külək əsməsi səbəbilə yanğının qarşısını vaxtında almaq mümkün olmayıb. Təəssüf ki, yanğın zamanı 1 hektar ərazidə 180 ədəd eldar şamı yanaraq məhv olub, 90 ədəd eldar şamı, 103 ədəd yaşıl göyrüc, 113 ədəd akasiya və 60 ədəd zeytun ağacına ziyan dəyib".

Ə.Məlikov deyib ki, ertəsi gün isə idarə tərəfindən bərpa işlərinə start verilib: "Qısa zaman ərzində yaşıllıq yenidən yaradılıb. Ərazidə 600-ə yaxın ağac əkilib. Səkkizillik zəhmət bahasına əkilib becərilən, sonda isə baş verən yanğın hadisəsi nəticəsində yanıb kül olan ağaclar həmin ölçüdə yeni tinglərlə əvəz olunub. Yanğının fəsadları tam aradan qaldırılıb. Hazırda magistral yolun həmin ərazidən keçən hissəsində yanğının nəticələrini görmək mümkün deyil".

Aparat rəhbəri əlavə edib ki, Yaşıllaşdırma İdarəsinin sədri, sahə rəisi əraziyə cavabdeh olduğu və işində yol verdiyi bu nöqsanlara görə vəzifəsindən azad edilib.

Göründüyü kimi yol mədəniyyətinin inkişafı bu gün dövlətimizin qarşısında duran aktual məsələlərdən biridir. Avtomobillərin hərəkətinin intensiv olduğu ərazilərdə yeni salınan keçidlər, körpülər və yollar piyadaların təhlükəsiz hərəkətini təmin edir, yolboyu salınan yaşıllıqlar isə həm ekoloji təmizlik, insanlarda xoş ovqat, həm də estetik gözəllik, gözoxşayan mənzərə yaradır. Bu gözəlliyi, inkişaf etdirilən yol mədəniyyətini qorumaq, ətraf mühiti mühafizə etmək isə təkcə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də onun Yaşıllaşdırma İdarələrinin əməkdaşlarından asılı deyil. Xüsusilə havaların isti keçdiyi yay aylarında əhali bir qədər diqqətli olmalı, yol ilə hərəkət edərkən yanğın təhlükəsizliyi normalarına riayət etməli, söndürülməmiş siqaret kötüklərini ətrafa atmamalıdır.  Çünki meşələrimizi, yaşıllıqlarımızı, eləcə də bütün canlıları qorumaq, onlara sevgi, diqqət və qayğı ilə yanaşmaq hər birimizin təbiət qarşısında mənəvi borcumuzdur.

Ceyhun ABASOV
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir

 





06.07.2016    çap et  çap et