Azərbaycan Texniki Universitetində (AzTU) tanınmış ictimai şəxslər və nüfuzlu KİV nümayəndələrindən təşkil olunan İctimai Şura yaradılıb.
Universitetdən 525.az-a verilən məlumata görə, Şura AzTU-da ictimai iştirakçılığın gücləndirilməsi, şəffaflığın artırılması, proseslərin daha düzgün, obyektiv qiymətləndirilməsi, gələcəkdə ümumi işin keyfiyyətini artırmaq, təkmilləşdirmək, təhsil sistemində daha uğurlu islahatlara nail olmaq, universitet ilə ictimaiyyət arasında qarşılıqlı əlaqələrin təşkili, hüquqların müdafiə olunması, idarəetmə formalarının inkişafına şərait yaradılması və təkliflərin verilməsi məqsədi ilə yaradılıb.
İctimai Şuranı formalaşdırmaq üçün təklif edilən şəxslərin adlarını rektor Havar Məmmədov universitetin Elmi Şurasının üzvlərinə təqdim edib.
Şura üzvlərinin təklifləri də nəzərə alınmaqla səsvermə nəticəsində ölkənin tanınmış ictimai şəxslərdən formalaşan Azərbaycan Texniki Universitetinin İctimai Şurası yaradılıb.
11 nəfərdən ibarət Şuranın üzvləri aşağıdakı şəxslərdir:
1. Əsgərov Şahlar Qaçay oğlu - professor, ictimai-siyasi xadim;
2. Ağayev Əjdər Ağahüseyn oğlu - Azərbaycan Respublikasının Təhsil Şurasının sədri, əməkdar müəllim, pedaqoji elmlər doktoru, professor;
3. Mövla-zadə Vaqif Zahid oğlu - AzTU-nun Maşınqayırma texnologiyası kafedrasının müdiri, professor;
4. Xəlilzadə Flora Fətulla qızı - Əməkdar jurnalist, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, İTV-nin əməkdaşı;
5. Hüseynova Reyhan Kamran qızı - Azərbaycan Fulturoloqlar Cəmiyyətinin sədri;
6. Əliyev Şahiddin Sərdar oğlu - Mərkəzi Seçki Komisiyasının üzvü;
7. Aslanov Novruzəli Davud oğlu - Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili;
8. Nuriyev Əliməmməd Mali oğlu - “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti;
9. Məcidov Rəşad Müseyib oğlu (Rəşad Məcid) - şair, jurnalist, "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin gənclərlə iş üzrə katibi, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü;
10. Gündüz Osman Mehdi oğlu - Azərbaycan İnternet Formunun prezidenti, “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru;
11. Əliyev Etibar Qasım oğlu - “XXI Əsr” Təhsil Mərkəzi İctimai Birliyinin rəhbəri, təhsil eksperti
Elmi Şuranın iclasında AzTU İctimai Şurasının fəaliyyətini tənzimləyən əsasnamədə təsdiq olunub. Əsasnamədə göstərilir ki, 4 ildən bir formalaşan Şuranın sədri, sədr müavini və katibi üzvlərin tam tərkiblə iclasında səsvermə yolu ilə müəyyən olunacaq.
Cavid QƏDİR
çap et