525.Az

Hüsnan Bəy Fanani: "Azərbaycan mənim ikinci vətənimdir"


 

Hüsnan Bəy Fanani: "Azərbaycan mənim ikinci vətənimdir"<b style="color:red"></b>

İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bəy Fanani üç aya yaxındır ki, diplomatik fəaliyyətə başlayıb.

O, "525-ci qəzet"ə müsahibəsində iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələlərinə, Dağlıq Qarabağ münaqişəsinə toxunub. 

- Cənab səfir, Azərbaycanla İndoneziya arasındakı əlaqələrin hazırkı səviyyəsini necə qiymətləndirirsiniz?

- Azərbaycanla İndoneziya arasında hər zaman yaxşı əlaqələr olub. Lakin mən etimadnaməmin surətini prezident İlham Əliyevə təqdim etdikdən sonra əlaqələrimiz daha da güclənib. Üç aya yaxındır ki, Bakıda diplomatik fəaliyyətə başlamışam. Lakin üç ay əvvələ müqayisədə indi əməkdaşlığımızın səviyyəsində fərqlər var. İndoneziya İtaliya və Almaniyadan sonra Azərbaycanın üçüncü böyük neft alıcısıdır. Biz həm neft alırıq, həm də satırıq. Ölkələrimiz arasında sosial sahədə, həmçinin təhsil, mədəniyyət, o cümlədən, xalqlararası əlaqələr inkişaf etməlidir. İndoneziya həm də plüralizim və multikulturalizm ölkəsidir. Bizim ölkəmizdə müxtəlif dinlərə məxsus insanlar yaşayır. İndoneziyanın 270 milyon əhalisi var, ərazisi də çox böyükdür, İraqdan İrlandiyaya, San Fransiskadan Mayamiyə qədər olan bir ölkədir.

Azərbaycan bizə dost ölkədir və biz əməkdaşlığımızı inkişaf etdirməliyik. Təkcə neft deyil, həmçinin qeyri-neft sektorunda. İndoneziya nə istehsal edirsə, hamısını bura gətirmək istəyir. Bizim ölkəmiz  dəniz və aqrar ölkəsidir. Xüsusilə Azərbaycana halal ərzaqlar təklif edə bilərik.  İndoneziyada halal məhsul istehsalı çox genişdir. Bir sözlə, qeyri neft sektorunda əlaqələri genişləndirmək istəyirik. Yəni halal məhsullar daxil olmaqla Azərbaycan bazarını istənilən xidmət və mal növləri ilə təmin edə bilərik. Azərbaycana yük və sərnişin təyyarələri, tankerlərimizi sata bilərik. Biz onların istehsalı ilə məşğuluq. İndoneziya il ərzində 2.4 milyard dollar həcmində Azərbaycandan neft alır, günə 800 min barel neft ixrac edir. Biz iki ölkə arasında siyasi və iqtisadi əlaqələri genişləndirmək və onları Azərbaycan-Türkiyə qardaş münasibətləri səviyyəsinədək inkişaf etdirməyi arzulayırıq.

-Azərbaycanda çalışacağınız müddət ərzində əsas prioritetləriniz nədən ibarət olacaq?

- Mən üç vacib prioritet qeyd etmək istəyirəm. Bunlar turizm, ticarət və investisiya  sahələrində inkişafa nail olmaqdır. Hər üç istiqamətdə əlaqələrin gücləndirilməsi vacibdir. Bilirsiniz ki, İndoneziya Azərbaycan vətəndaşları üçün viza rejimini aradan qaldırıb. Biz daha çox azərbaycanlını ölkəmizdə görmək istəyirik. Eyni zamanda daha çox azərbaycanlını da öz ölkəmizdə görmək istəyirik.  Azərbaycanda Bali adası daha məşhurdur, insanlar adətən istirahət üçün həmin istiqaməti seçir. Amma bizim Cava, Sumatra və digər çox gözəl adalarımız var. Ümumilikdə İndoneziyada 18 minə yaxın ada var. İstərdim ki, azərbaycanlılar digər gözəl adalarımızı da görsünlər. Azərbaycandan İndoneziyanın şərqindən qərbinə səyahət etmək Azərbaycandan Şotlandiyya qədər səfər etmək deməkdir. Doğrudur, məsafə böyükdür. Amma birbaşa reyslər açılarsa, bu məsafə də qısalacaq. İki ölkə arasında birbaşa reysin açılması çox əlverişli olardı. Tranzit kimi Doha və İstanbuldan istifadə edirik. Niyə birbaşa Azərbaycan İndoneziya reysi olmasın? Mən əminəm ki, birbaşa reys açılacaq. Bu, mənim əsas məqsədlərimdən biridir. Çünki Azərbaycanı çox sevirəm. Qeyd etdiyim kimi qeyri neft sektorunda əlaqələrimizi gücləndirməyə böyük ehtiyac var. Bu sahədə vacib sahələrdən biri də turizmdir.

Bildiyiniz kimi İndoneziya 10 ölkənin daxil olduğu ASEAN (Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası) ölkələri qrupunda liderdir. Bu Avropa İttifaqı kimi qurumdur,  amma çox güclüdür. Mərkəzi qərargahı Cakartada yerləşir.  ASEAN 600 milyon əhalini əhatə edir. Bizim nəhəng bazarımız var. Mən istəyirəm ki, Azərbaycan biznesmenləri və investorları İndoneziyaya gəlsinlər, sərmayə yatırsınlar.

- İndoneziyanın Azərbaycandan aldığı neftin həcmini artırmaq niyyəti varmı? Siz investisiya sahəsində əməkdaşlığı qeyd etdiniz.  İndoneziyada neft emalı zavodunun tikintisi ilə bağlı məsələ var idi. Bu barədə nə deyə bilərsiniz?

- İndoneziyanın Azərbaycan neftinə ehtiyacı var. Qeyd etdiyim kimi Azərbaycandan böyük həcmdə neft alırıq. Azərbaycan nefti yüksək keyfiyyətli və əla səviyyədədir. Biz Nigeriya və Səudiyyə Ərəbistanından da neft alırıq. Amma ən yaxşı neft Azərbaycan neftidir. Azərbaycandan neft almaqda davam edəcəyik və bu il ola bilsin ki, həcmi artıraq. Amma bu Pertamina(İndoneziya Dövlət Neft-Qaz Şirkəti)  ilə SOCAR- ın əməkdaşlığından asılıdır.  Pertamina  Azərbaycandan ancaq neft alır, ancaq biz bu sahəyə investisiya da qoymaq istəyirik. Məsələn, BP və digər şirkətlər kimi. Hələ ki, bu istiqamətdə danışıqlar aparılır. Həmçinin, vurğuladığınız kimi  Azərbaycanın İndoneziyada neft emalı zavodunun tikintisinə investisiya qoymasını istəyirik. Biz investorları dəvət edirik, gəlib tanış olsunlar və fəaliyyət göstərsinlər.

-Cənab səfir, ölkələrarası əməkdaşlığın inkişafı həm də yüksək səviyyəli səfərlərin həyata keçirilməsindən asılıdır. Belə səfərlər gözlənilirmi?

- Azərbaycan prezidenti İlham Əliyev İndoneziyaya səfərə dəvət olunub. Bu səfərin gələn il baş tutacağını gözləyirik. Gələn il həmçinin İndoneziya prezidenti Coko Vidodonuna Azərbaycana səfər edəcəyi gözlənilir. Hazırda bu istiqamətdə iş aparılır. Bu səfərlərin həyata keçirilməsi ikitərəfli əməkdaşlıqda mühüm bir  mərhələ olacaq.

- Dağlıq Qarabağ münaqişəsi ilə bağlı İndoneziyanın mövqeyi nədən ibarətdir?

- İndoneziya  dövləti  və xalqı Dağlıq Qarabağ məsələsində Azərbaycanı dəstəkləyir. Qarabağ Azərbaycanın ərazisidir və geri qaytarılmalıdır. Biz münaqişənin tezliklə başa çatmasını istəyirik. Lakin müharibənin olmasının əleyhinəyik. Aprel döyüşləri zamanı  xeyli ölən və yaralananlar oldu. Ona görə də biz münaqişənin tezliklə sülh yolu ilə həllinin tərəfdarıyıq.

- Üç aydır Azərbaycandasınız, təəssüratlarınız nədən ibarətdir. Regionlarla tanış ola bilmisiniz?

- İçərişəhərdə dəfələrlə olmuşam, Bakıda Heydər Məscidi, Heydər Əliyev Mərkəzi, Dənizkənarı bulvar, digər maraqlı yerlərdə olmuşam. Onu deyim ki, Bakı çox gözəl bir şəhərdir. Yəni Bakı elə Bakıdır. Qəbələ, Qobustanda olmuşam. Gəncə və Naxçıvan Muxtar Respublikasında olmaq istəyirəm. Sizin yeməkləri də çox sevirəm, xüsusilə kabab, plovları, gözəl meyvələriniz var. Sizin mətbəxə üstünlük verirəm. Burda mən özümü doğma vətəndəki kimi hiss edirəm. Azərbaycan mənim ikinci vətənimdir. Səmimi olaraq deyirəm ki, Azərbaycanı çox sevirəm.

Pərvanə SULTANOVA

 





12.07.2016    çap et  çap et