Geridə qoyduğumuz günlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin geniş müzakirə olunduğu bir sıra görüşlərlə yadda qalıb.
Əvvəlcə prezident İlham Əliyevin NATO-nun Varşava zirvə toplantısında iştirak etmək üçün iyulun 7-də Polşaya işgüzar səfəri həyata keçib. Ölkə başçısı NATO sammitinin açılışında iştirak edib. Ermənistan prezidenti Serj Sarkisyanın da qatıldığı toplantının yekun bəyanatında Gürcüstan, Ukrayna və Moldova ilə yanaşı Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə edilib.
Bundan əlavə Varşava sammiti çərçivəsində ölkə rəhbəri İlham Əliyev ABŞ dövlət katibi Con Kerri, Fransa prezidenti Fransua Olland, Almaniya xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank Valter Ştaynmayer, Minsk Qrupunun həmsədrləri və digər dövlət və hökumət rəsmiləri ilə görüşlər keçirib. Görüşlərdə qarşılıqlı maraq doğuran məsələlər, xüsusilə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparılıb. Lakin gözlənilsə də NATO sammiti çərçivəsində Ermənistan və Azərbaycan prezidentlərinin növbədənkənar görüşü baş tutmayıb. Prezidentin Polşa səfərinin siyasi baxımdan əhəmiyyəti ilə yadda qalan hadisələrindən biri Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi yekun bəyanata Ermənistan rəhbəri Serj Sarkisyanın da imza atmasıdır.
Prezident İlham Əliyev Polşa səfərini yekunlaşdırdıqdan sonra iyulun 10-da Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələrə həsr olunan iclasa sədrlik edib.
İclasda çıxış edən ölkə başçısı Dağlıq Qarabağ probleminə toxunaraq qeyd edib ki, 2016-cı ildə Ermənistanın növbəti təxribatı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində çox ciddi fəsadlara gətirib çıxarıb: "Ermənistanın niyyəti bəllidir. Onlar danışıqları müxtəlif yollarla pozmaq istəyirlər və görəndə ki, beynəlxalq vasitəçilər tərəfindən onlara təzyiq artır, növbəti təxribatlara əl atırlar. Onlardan biri də aprelin əvvəlində baş vermiş silahlı təxribat idi. Bizim mövqelərimizə silahlı hücum təşkil edildi. Ancaq Azərbaycan ordusu düşmənə layiqli cavab verdi, əks-hücum əməliyyatı keçirərək işğal altındakı torpaqların bir hissəsini, daha dəqiq desəm, 2 min hektar torpağı azad etdi. Biz indi ondan bir neçə dəfə böyük əraziyə tam nəzarət edirik".
Münaqişənin tezliklə öz həllini tapmalı olduğunu deyən prezident bildirib ki, əgər belə olmasa, heç kim təminat verə bilməz ki, bu təxribatlar təkrarlanmayacaq: "Çünki Ermənistanın niyyəti münaqişəni dondurulmuş vəziyyətdə saxlamaqdır. Onlar fikirləşirdilər ki, bizə qarşı edilən təxribat onların qələbəsi ilə nəticələnəcək. Ancaq onlar acı məğlubiyyətə uğrayıblar. Azərbaycan dövləti böyük hərbi qələbə qazanıb".
İlham Əliyevin sözlərinə görə, aprel döyüşləri bir daha onu göstərir ki, status-kvo tezliklə dəyişdirilməlidir: "Bunu artıq bu məsələ ilə məşğul olan vasitəçilər də dəfələrlə bəyan ediblər. Status-kvonun dəyişdirilməsi işğal edilən torpaqların azad edilməsi deməkdir. Əminəm ki, aprel döyüşlərinin nəticələri Ermənistan üçün dərs olacaq, onlar lazımi nəticələr çıxaracaq və danışıqlar prosesində konstruktiv mövqe ilə çıxış edəcəklər. Belə ümidlər var. Çünki bir daha demək istəyirəm ki, son bir-iki ay ərzində danışıqlar prosesində çox böyük fəallıq var".
Dövlət rəhbəri bir daha vurğulayıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli bizim üçün prioritet məsələdir: "Bu məsələnin tezliklə beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi bizim üçün əsas vəzifədir. Bu münaqişənin həllinin başqa yolları yoxdur. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir, status-kvo dəyişdirilməlidir, işğala son qoyulmalıdır. Nəinki BMT, bütün digər təşkilatlar da bizim mövqeyimizi dəstəkləyir. NATO-nun Zirvə görüşündə qəbul edilmiş yekun sənəddə də Azərbaycanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı çox ciddi məqamlar öz əksini tapıb. Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü tanınır və münaqişə bu prinsiplər əsasında öz həllini tapmalıdır".
İyulun 11-də isə Rusiya xarici işlər naziri Sergey Lavrov Bakıya səfər edib. Rusiyanın xarici siyasət idarəsinin rəhbəri azərbaycanlı həmkarı Elmar Məmmədyarovla bir araya gəldikdən sonra Prezident İlham Əliyevlə görüşüb. Aparılan danışıqlarda Dağlıq Qarabağ məsələsi ciddi müzakirə olunub. S.Lavrovun Ermənistana səfər etdikdən sonra təyyarəsini Bakıda deyil, Moskvada endirməsi və prezident İlham Əliyevin də qatıldığı NATO-nun Varşava Sammitindən dərhal sonra Bakı səfərini reallaşdırması diqqət çəkən məqamlardandır. Görüşdə vurğulanıb ki, münaqişənin həlli istiqamətində proses davam edir. Bundan sonra konkret planda daha dəqiq addımları müəyyənləşdirmək mümkün olacaq.
Əvvəlcə Varşavada keçirilən NATO Sammiti ilə bağlı "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu bildirib ki, Ermənistan prezidenti Serj Sarkisyan NATO Sammitinə qatılması müəmmalı məsələdir: "NATO-nun hər sammitində olduğu kimi Varşava toplantısının yekun bəyanatında Gürcüstan, Ukrayna və Moldova ilə yanaşı Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə edilib. Bu ATƏT sammiti deyil ki, Ermənistan veto hüququndan istifadə edərək yekun bəyanatın qəbuluna mane olsun. Əlbəttə, Sarkisyan sammitlərə dəvəti NATO rəhbərliyindən alır. Ancaq hər dəvət olunan yerə gedərlərmi? Bir halda ki, NATO bəyanatının Ermənistanın xeyrinə olmadığını sammitdən əvvəl biləsən". E.Şahinoğlu qeyd edib ki, Ermənistan ordusu Azərbaycan ordusundan fərqli olaraq hərbi birləşmələrində nə NATO standartlarının qəbuluna səy göstərir, nə də Şimali Atlantika Blokunun şərqdəki ən böyük layihəsi olan Əfqanıstanda hər hansı kiçik rola malikdir: "Serj Sarkisyanın NATO sammitlərində iştirakının sadəcə bir mənası var: Ermənistan prezidenti görüntü yaratmaq istəyir ki, NATO-nun rəqibi olan Rusiyanın vassalı deyil, müstəqil qərarlar da verə bilir. Çünki Ermənistan onun üçün heç bir əhəmiyyət kəsb etməyən NATO sammitinə getməsə, bu birmənalı İrəvanın Kremldən qorxduğu anlamına gələcək".
Politoloq hesab edir ki, NATO bəyanatında digər dövlətlərlə yanaşı "Ermənistanın ərazi bütövlüyünə dəstək veririk" ifadəsi də vacibdir: "Bu İrəvana mesajdır ki, necə ki, bütün dövlətlər Ermənistanın ərazi bütövlüyünə hörmət edir, sən də zəhmət çək həmin ölkələrin, o cümlədən, qonşun Azərbaycanın ərazi bütövlüyünə hörmət et. Ermənistan rəsmiləri qalxıb deməyəcəklər ki, "yox sənəddə Ermənistanın ərazi bütövlüyü dəstəklənsin, Azərbaycanın ərazi bütövlüyü dəstəklənməsin". Bunu desəydilər özlərini gülməli vəziyyətə salardılar. İstənilən halda NATO-nun Varşava sammitində Ermənistanın nə etməli olduğu bir daha onun üzünə deyildi".
Milli Məclisin deputatı Sahib Alıyev isə qeyd edib ki, Prezident İlham Əliyevin də qatıldığı NATO-nun Varşava sammitinin yekun bəyannaməsində Ukrayna, Gürcüstan və Moldova ilə yanaşı Azərbaycanın da torpaq bütünlüyünün dəstəklənməsi diplomatik uğur olmaqla yanaşı, həm də işğalçı Ermənistana xəbərdarlıqdır: "Bu, hərbi-siyasi alyans Azərbaycanın öz torpaqlarını geri qaytarmaq yönündəki siyasi addımlarıyla yanaşı, ata biləcəyi hərbi addımları dəstəkləməsə belə, ən azından anlayışla qarşılayır və qarşılayacaq. Ermənistan isə status-kvonun qorunub saxlanması sevdasından əl çəkməsə, apreldəkindən daha betər vəziyyətlə üzləşəcək".
Deputat bildirib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya İrəvana səfərindən dərhal sonra deyil, məhz indi gəlməsiylə bağlı xeyli şərhlər var: "Həmin şərhlərdə səbəblər fərqli göstərilsə də, əksəriyyətində bunun arxasında Rusiyanın öz istəyinin durduğu vurğulanır. Düzdür, səfər edən Rusiyanın xarci işlər naziridir. Ancaq onun məhz NATO-nun Varşava sammitindən sonra Azərbaycana gəlməsi onu göstərir ki, səfərin indiyə təyin edilməsində biz maraqlı olmuşuq. Prezidentin yeritdiyi xarici siyasətə dərindən diqqət yetirilsə, görərik ki, o, mühüm əhəmiyyətli danışıqlar öncəsi və sonrası regionda maraqları olan böyük güclərin hər birinin proseslərə təsir imkanlarıyla yanaşı, mövqelərində də nələrinsə dəyişib-dəyişmədiyini və yaxud da nə qədər dəyişdiyini nəzərə alır. Eyni zamanda bizim arzuladığımız, görmək istədiyimiz dəyişikliklərin olmasına da səy göstərilir. Ona görə də həmin güclərin ayrı-ayrı rəsmi nümayəndələri ilə görüşlər keçirilir, məsləhətləşmələr aparılır".
S.Alıyevin sözlərinə görə, NATO-nun Varşava sammitində ərazi bütövlüyü dəstəklənən Ukrayna, Gürcüstan və Moldovadan Azərbaycanın fərqi Rusiya ilə körpüləri yandırmağa çalışmamasıdır: "Ərazi bütövlüyü pozulan bu dövlətlərdən fərqli olaraq Azərbaycan Rusiya ilə əlaqələri daha da genişləndirib, heç biri xarici siyasi dairənin diqtəsi ilə Moskvanı qıcıqlandıracaq hərəkətlərə yol verməyib.
Kremldəkilər bunu nəzərə almalıdırlar. Birincisi ona görə ki, qərbdəkilərin təqdim etdiyi kimi Rusiyanın əlindən təkcə pislik gəlmir. Rusiya pis davranış qarşılığında necə adekvat reaksiya ortaya qoyursa, yaxşılığa da yaxşılıqla cavab verə bilər. Bu da ən azından həmin dövlətin yumşaq güc potensialını artıracaq. Ondan nəticə çıxaran digər qonşuları da Rusiya ilə körpü yandırmaq yox, körpüləri möhkəmləndirmək haqda düşünəcək. İkincisi, rəsmi Bakının etdiyi eyhamlardan da aydın görünür ki, iki ölkə arasında əlaqələr təkcə genişlənməklə qalmayıb, həm də o zaman dərinləşə bilər ki, Dağlıq Qarabağ probleminin həlli yolunda əhəmiyyətli irəliləyişlər olsun".
Deputat qeyd edib ki, aprel döyüşləri göstərdi ki, bu irəliləyiş onsuz da olacaq: "Azərbaycanın istəyi bunun itkisiz və qansız-qadasız baş verməsidir.
Bir sözlə, indi vaxtdır. Prezident İlham Əliyevin dediyi kimi: "Azərbaycan heç vaxt indiki kimi güclü olmayıb". Bu həqiqətdir. Ancaq başqa bir həqiqət də var. O da budur ki, Rusiyanın Dağlıq Qarabağ probleminin həllinə təsir imkanı və regionda möhkəmlənmək şansı daha indiki kimi yüksək olmayacaq. Geosiyasi və geoiqtisadi proseslər məhz bunu deyir".
Ceyhun ABASOV
çap et