525.Az

“Açıq kitabxana” layihəsinin təqdimatı olacaq


 

“Açıq kitabxana” layihəsinin təqdimatı olacaq<b style="color:red"></b>

İyulun 15-də saat 14:00-da Mədəniyyət və Turizm Nazirliyinin və M.F.Axundov adına Milli Kitabxananın birgə layihəsi əsasında yaradılan “Açıq kitabxana” layihəsinin oxuculara və paytaxt sakinlərinə təqdimatı olacaq.

Nazirlikdən 525.az-a verilən məlumata görə, layihəyə əsasən Milli Kitabxananın Rəşid Behbudov küçəsinə baxan hissəsində olan bağçasında günün 24 saatı ərzində oxucuların və bütün vətəndaşların sərbəst şəkildə kitab mütaliə etməsinə şərait yaradan açıq kitabxana – sərbəst mütaliə guşəsi yaradılacaq. Burada ayrı-ayrı vətəndaşlar tərəfindən, oxucular tərəfindən, yazıçılar, şairlər, ziyalılar və alimlər tərəfindən kitabxanaya təqdim olunan kitablar nümayiş olunacaq və onlardan hamının burada yaradılacaq rahat guşədə mütaliəsinə şərait yaradılacaq.

Eyni zamanda, açıq kitabxanada “Mən oxudum, sən də oxu” devizi altında “Kitabı kitaba dəyişmə” guşəsi də fəaliyyət göstərəcək. Burada hər bir vətəndaşa artıq özünün mütaliə etdiyi kitabı gətirərək həmin guşəyə təhvil vermək və əvəzində mütaliə etmədiyi kitabı apararaq özünün iş və yaşayış yerində mütaliə etmək imkanı yaradılacaq.

Başqa sözlə desək, bu guşəyə müraciət edən hər bir kəs artıq onun mütaliə etdiyi və ona lazım olmayan kitabların başqa şəxslər tərəfindən də mütaliə olunmasına şərait yaradacaq. “Açıq kitabxana”da, həmçinin, açıq səma altında poeziya gecələri, mütaliə axşamları, ayrı-ayrı yazıçı və şairlərlə görüşlər keçiriləcək, yazıçı və şairlərin yeni kitablarının təqdimat mərasimləri təşkil olunacaq, onlarla imzalı görüşlər keçiriləcək.

Burada həmçinin kiçik kitab satışı mərkəzi də yaradılacaq. İstənilən müəllif özünün yeni çap olunan kitabını satış üçün bu açıq kitabxanaya təqdim edəcək və müəyyən müddətdən sonra satılan kitablarının dəyərini geri ala biləcək. Bu guşədə, həmçinin, Azərbaycanda, Rusiyada və digər xarici ölkələrdə çap olunan istənilən kitabın onlayn sifarişi və oxuculara çatdırılması sistemi də təşkil olunacaq. Bir sözlə, Mədəniyyət və Turizm Nazirliyinin və Milli Kitabxananın birgə layihəsi əsasında yaradılan “Açıq kitabxana” oxucularla müəlliflərin, yazıçıların, şairlərin, görkəmli şəxsiyyətlərin görüş yerinə çevriləcək, müəlliflərlə oxucular, kitabla oxucular arasında fəal əlaqələndirmə funksiyasını həyata keçirəcək.

Burada həmçinin uşaq guşəsi, dövri mətbuat bölməsi və milli musiqi guşəsi də təşkil olunacaq.

Cavid QƏDİR

 





13.07.2016    çap et  çap et