525.Az

Biznes mühitinin əlverişliliyinin artırılması məqsədilə komissiya yaradıldı


 

Biznes mühitinin əlverişliliyinin artırılması məqsədilə komissiya yaradıldı<b style="color:red"></b> Prezident İlham Əliyev Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
 
"APA-Economics"in məlumatına görə, ölkənin biznes və investisiya mühitinin əlverişliliyini, yerli və xarici investorlar üçün cəlbediciliyini daha da artırmaq, sahibkarlıq sahəsində son illərdə nail olunmuş sürətli inkişafın davamlığını təmin etmək və rəqabət qabiliyyətini möhkəmləndirmək, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyini daha da yaxşılaşdırmaq məqsədi ilə Komissiya və Komissiyanın Katibliyi yaradılıb.
 
Komissiya və Komissiyanın Katibliyinin tərkibi aşağıdakı kimidir: 
 
Komissiyanın sədri
 
Yaqub Eyyubov – Azərbaycan Respublikası Baş nazirinin birinci müavini
 
Komissiyanın üzvləri:
 
Şahin Mustafayev – Azərbaycan Respublikasının iqtisadiyyat naziri
 
Samir Şərifov – Azərbaycan Respublikasının maliyyə naziri
 
Tahir Budaqov – Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri
 
İnam Kərimov – Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri
 
Vüsal Qasımlı – İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin icraçı direktoru
 
Məmməd Musayev – Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyasının prezidenti
 
Komissiyanın Katibliyinin rəhbəri
 
Elxan Mikayılov – Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi xidmətinin sektor müdiri.
 
Komissiyaya tapşırılıb ki, sərəncamda qeyd olunan dövlət qurumlarının hər birindən bir nümayəndə olmaqla, on gün müddətində Komissiyanın Katibliyinin formalaşdırılmasını təmin etsin, sahibkarlıq fəaliyyətinin optimal gəlirliliyini təmin edəcək və rəqabət prinsiplərinə əsaslanacaq biznes mühitini yaratmaq, ölkənin investisiya cəlbediciliyini artırmaq, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyini daha da yaxşılaşdırmaq üçün qanunvericiliyin və inzibatçılığın təkmilləşdirilməsinə və bu istiqamətdə digər zəruri tədbirlərin görülməsinə dair təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin, sərəncamda müəyyən olunmuş istiqamətlər nəzərə alınmaqla, tədbirlər planının layihəsini hazırlayıb üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
 
Müəyyən edilib ki, Komissiyanın cari fəaliyyətinin təşkili məqsədi ilə Komissiyanın Katibliyinin üzvləri Komissiya üzvlərinin təklifi ilə, onların təmsil etdiyi qurumların nümayəndələrindən ibarət olmaqla, Komissiyanın sədri tərəfindən təsdiq olunur, sərəncamda nəzərdə tutulmuş təkliflərin və layihələrin hazırlanması işinə Komissiya tərəfindən yerli və xarici ekspertlər, mütəxəssislər, beynəlxalq təşkilatlar və elmi müəssisələr cəlb oluna, müxtəlif dövlət orqanlarının və maraqlı tərəflərin nümayəndələrindən ibarət ayrı-ayrı istiqamətlər üzrə işçi qrupları yaradıla bilər.
 
Nazirlər Kabinetinə və Ədliyyə Nazirliyinə sərəncamdan irəli gələn məsələlərin həlli tapşırılıb.
 





14.07.2016    çap et  çap et