525.Az

Ulu keçmişin əbədiyaşar nişanələri


 

VƏ YA YURD YADDAŞINDAN LÖVHƏLƏR

Ulu keçmişin əbədiyaşar nişanələri <b style="color:red"></b>

Təbii gözəlliklərinə, sərvətlərinə görə dünyanın nadir məmləkətlərindən olan vətənimiz Azərbaycan bu mənada əsl möcüzələr diyarıdır.

Yurdumuzdakı sıra dağların, məğrur qayaların, zümrüd meşələrin, diş göynədən buz bulaqların, coşqun çayların, ab-havası şəfa verən yaylaqların, yurd yerlərinin hər birini uca Tanrı elə yaradıb ki, onların misli-bərabərinə dünyanın heç bir yerində rast gəlinməz. Doğmalar, dostlar üçün əvəzsiz yurd-yuva, bərəkətli əkin-biçin yeri, rahat sığınacaq, yeri gələndə isə, möhtəşəm qala olan dağlarımız, düzənlərimiz düşməndən, bədxahlardan ötrü isə əcəllə üzləşdiyi bəla, fəlakət məkanıdır. Vətən torpağının hər daşı qəhrəmanlıq tariximizin bir sirrini özündə yaşadır. Xalqın qazandığı qələbələr də, düşdüyü çətinliklər də, yaşadığı ən müxtəlif hadisələr də yurd yerlərimizin adlarında əbədiləşib, silinməz-pozulmaz tarixə çevrilib.

Beləcə, hər bir insanın taleyi olduğu kimi, vətənin dağ-daşının da, ağaclarının, kol-kosunun da, irili-xırdalı yaşayış məntəqələrinin də öz tarixçəsi, taleyi var. Bütün bu tarixçələr və talelər də öz növbəsində yurd insanlarının güzəranı, növrağı, həyatı və aqibətilə sıx bağlıdır. Belə qayım-qədim yurd yerlərimizdən olan Laçın rayonunda da bu cür maraqlı yaranma və adlanma tarixçəsi olan obalar, kəndlər çoxdur. Laçının hər qarışı, hər dağ-dərəsi öz adı, ünvanıyla tariximizin, xalqımızın yaşayışının mənalı yadigarları, keçmişdən bugünümüzə gəlib çıxan qiymətli nişanlarıdır. Təəssüf ki, Laçını, onun obalarını-oymaqlarını əhatə edən dağlar - Dəlidağ (3616), Qırxqız (2828), Qorqundağ (2396), Sarıbaba (2229), Böyük Kırs (2725) indi oradan həsrətlə boylana-boylana qalıb, dağılmış yurd yerlərimizin isə illərdən bəri gözləri yolda, qulağı səsdədir. Bu yazı həm o doğma məkanları, dağları, obaları bir daha xatırlamaq, həm də oralarda tarixdən yadigar kimi, xalqımızın gün-dirriyindən nişanə kimi qalan adların, ünvanların tarixçəsini yada salaraq, bununla bir qədər təsəlli tapmaq üçün qələmə alınıb...

Yaşlı sakinlərin bir çoxunun söylədiyinə görə, Laçının Picənis kəndinin yaranması belə bir əhvalatla əlaqələndirilir:

O əraziyə yaxın yaşayan ailələrin birində gənc bir oğlanın qonşunun Nisə adlı qızından xoşu gəlirmiş. Bunu hiss edən valideynlər etiraz etməyə başlayırlar, narazılıq, dava-dalaş da düşür. Bu iki gənc isə bir yerdə yaşamaq, ailə qurmaq üçün bir-birinə qoşulub qaçırlar. Bir müddət görünmürlər, onlardan bir xəbər çıxmır, valideynlər isə yavaş-yavaş narahat olmağa başlayırlar. Qızın anası daha çox nigaran olur, ərini rahat buraxmır, deyinməyə başlayır, hey ağlayır və bir gün dözməyib kişisinə deyir:

- Gör nə qədər vaxtdır, bir soraq çıxmır, heç olmasa, get qızdan bir xəbər gətir, barı bilək ki, sağ-salamatdır, ürəyimiz toxtasın. Vallah, gedib bir xəbər gətirməsən, bizə rahatlıq yoxdur.

Kişinin də ürəyi daşdan-zaddan deyilmiş ha, yumşalır, uşaqların arxasınca getməyə hazırlaşır. Olandan-olmazdan yığıb bir xurcun tutur, qızının arxasınca gedir. Və xeyli müddətdən sonra geri dönür. Səbrsizliklə kişinin yolunu gözləyən arvad tezcə soruşur:

- Ay kişi, danış görək, qızım Nisənin vəziyyəti nə təhərdi, başlarını gizlətməyə bir komaları varmı, dolanışıqları nə cürdü, yeməyə çörək, içməyə su tapa bilirlərmi?..

Kişi də könülsüz halda:

- Arvad, heç demə, kaş gedib görməyəydim, elə siftədən, ilk gündən oğlandan ağlım bir şey kəsmirdi, fərasətsizin biri imiş, bir uşaqları da var yanlarında, həyatı "puçdu" Nisənin! - deyib kövrəlir...

Ananın ürəyi dözmür, iki ayağını dirəyir bir başmağa ki, gedək qıza baş çəkməyə,  onlara kömək edək, cehiz kimi mal-qoyun, şey-şüy verək...

Xülasə, gənc ailənin yaşaması üçün meşədən ağac kəsib, yer qazıb koma da tikirlər, yer şumlamaq üçün öküz də verirlər, əkin-biçin işlərinə də əl uzadırlar, toxum da gətirirlər. O gündən həmin gənc ailə oradaca məskən salır, yeni bir obanın, yaşayış məntəqəsinin təməli qoyulur. Qızının həyatını vaxtilə puç hesab edən ata da, digər doğmalar da onlara daima dayaq dururlar deyə, "Puç Nisə"nin ailəsinin güzəranı gündən-günə yaxşılaşır. Amma o yurd yeri elə "Puç Nisə"nin adıyla tanınır. Sonralar, dildə-ağızda şəklini dəyişib, ləhcənin də təsiri ilə "Picənis" formasına düşür və bizim dövrə də bu cür gəlib çatır. Cavan ailə get-gedə pərvazlanıb qol-budaq atır, böyüyüb genişlənir, bəxtiyarlığa çıxır.

Gecə-gündüz halal əməklə məşğul olan ailə başçısının - Gümüşlü Alı deyilən kişinin varı-dövləti artır, yeddi oğlu - Oruc, Əsədulla, Yusif, Kazım, Behbud, Qasi, Feyzulla böyüyüb atalarına kömək etməyə başlayır, özləri də ev-ocaq yiyəsi olurlar. Alı kişi mal-qarası, qoyun-quzusu, at-ilxısı, nökər-naibi ilə hər il yazda dağa qalxırmış. Nəhayət, haqqını verərək, özünə yaylaq yeri almaq istəyir. Təcrübəli adam olduğu üçün yurd yerlərinə bələd olmaq fikri ilə gəzir, müşahidələr aparır. Qırxqızın ətəklərini qarış-qarış dolaşır. İndiki Fərraş kəndinin ərazisinin füsunkar gözəlliyi, buz kimi bulaqları Alı kişinin çox xoşuna gəlir. Çobanlara, naxırçılara göstəriş verir ki, elatı, mal-qaranı, qoyun-quzunu birdən-birə yaylağa qaldırmasınlar, bir müddət dağın ətəklərində məskən salsınlar, bu yerlərin ab-havası, ot-ələfi faraşdır, faraş bitkilər isə dedikcə faydalıdır. Əvvəlcə  yaz dağların ətəklərinə gəlir deyə, oralarda faraş ot-ələf çıxır, heyvanlar üçün xeyirli olur. Kəndin adını bir bu "Faraş" kəlməsiylə bağlayanlar da var, yaylaq naiblərinin - fərraşların adıyla əlaqələndirənlər də.

Alı kişi və onun qardaşı Nurəddinin adamları bu dağlara yayılıb bələd olduqca, ətrafdakı yer-yurdlara adlar qoymağa başlayırlar. Bu yerlərin relyefinə, quruluşuna, mənzərəsinə görə adlar verilir. Şarkar dağını aşandan sonra isə Nurəddin üçün yurd yerinin təməli qoyulur. Onun ailəsi, tayfası genişlənir, başqa məntəqələrə də yayılır. Bilirik ki, hazırda qardaş Türkiyədə də Nurəddinlər və Nurəddinlilər tayfaları yaşamaqdadır.

Picənis kəndi bu ərazidə mərkəzi kənd hesab olunarmış. Qırmızı Güney kəndi, Xacınyalı, Ağcayazı, Arduşlu, Nurəddin, Fərraş, Köhnə Corman, Suvat o ətrafdakı yaşayın-inzibati məntəqələrin bir hissəsidir. Bundan əlavə Dəvə yurdu, Dəvə boynu, Alcalıq, Binə, Hünis, Calağan düzü, Ağvağ binələri də mövcud olub.

Yayın cırhacırında Göy bulaq, Yağlıbulaq, Qilbə bulaq, Sarı bulaq, Çınqıllı bulaq, Daş düzü bulağı, Tikanlı bulağı, Yoğuş bulağı, Gendərə bulağı, Ferzini bulağı, Peyinli bulağı, Nəbibəy bulağı, Həsənqulu bulağı və başqa qaynaqların suyu can dərmanı, təşnə ürəklərin məlhəmiydi. O bulaqlardan su içmək üçün mütləq baş əyməli, diz çökməli, sanki bu təbiət möcüzələrinə beləcə ehtiram bildirməliydin. Hər bir bulağın, bərənin, keçidin, yaylağın, düzənin öz adı, öz maraqlı tarixçəsi və bir növ təyinatı vardı. Məsələn, Binəyal yaylağı həmişə yazda- yayda şənlik olardı, insanlar burada binələnər, elatın sürüləri rahatlanar, bəslənərdi. O saf, buz bulaqlar öz mənbəyini Qırxqızdan götürərək Fərraş, Nurəddin çaylarını əmələ gətirib, Çorman, Picənis çaylarına qarışar, ondan sonra elə bil Şəlvə çayına qovuşmağa tələsir. Təbiəti, ab-havası qədər adamları da fitrətən saf olan o yerlərdə, o dağların qoynunda məskən salan, orada doğulan, boya-başa çatanlar öz halal əməyi ilə yaşamağa adət etmişdilər, pis niyyət, bəd əməl, kin-qərəz onlara yad xüsusiyyətlər idi, xainlik, paxıllıq əllərindən gəlməzdi. Tarixə nəzər salanda görmək olar ki, o ətrafdakı obaların, kəndlərin taleyində Teymurləng yürüşlərindən sonra bəlli bir dəyişiklik baş verib. Sakinlər xeyli oturaqlaşıb, əlaqələr sıxlaşıb, yaşayış tərzində yeniliklər üzə çıxıb. Məscidlər tikilib, camaatın yığıncaq, söhbət, adət-ənənə qeyd eləmək yerləri müəyyənləşib. Misal üçün, Picənis kəndində çox imkanlı adamlardan hesab olunan Kərbəlayi Məhəmmədhüseyn tərəfindən inşa etdirilən məscid bu baxımdan seçilib. Uzun zaman insanların ibadətgahı olan o məscidi, təəssüf ki, Sovet dövründə, kolxoz təşkil olunanda taxıl anbarına çevirmişdilər.

(Ardı var)

Nemət BƏXTİYAR
Azərbaycan Jurnalistlər Birliyinin üzvü 

 





14.07.2016    çap et  çap et