525.Az

Ölkədə kənd təsərrüfatının inkişafına dövlət dəstəyi artırılır


 

ƏLİ MƏSİMLİ: "İNDİ EKSTENSİV ÜSULLARDAN İNTENSİV ÜSULLARA KEÇMƏYİN VAXTIDIR"

Ölkədə kənd təsərrüfatının inkişafına dövlət dəstəyi artırılır<b style="color:red"></b>

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda qarşıdan gələn dövrdə sosial-iqtisadi sahədə prioritet istiqamətləri göstərib və həyata keçiriləcək tədbirlərdən danışıb.

Ölkə başçısı qeyd edib ki, 2016-cı ilin ötən altı ayının nəticələri göstərir ki, Azərbaycan 2016-cı ili də uğurla başa vuracaq: "2016-cı ilin birinci yarısının iqtisadi göstəriciləri ümidvericidir. 2016-cı ilin birinci yarısında Azərbaycanda qeyri-neft sənayesi 2,4 faiz, kənd təsərrüfatı 3,1 faiz artıb, iqtisadiyyata 6,3 milyard dollar sərmayə qoyulub.

2016-cı ilin Azərbaycanda dərin iqtisadi islahatlar ili kimi tarixə düşəcəyinə bir daha əminliyini ifadə edən İlham Əliyev başladılan böyük işlərin nəticəsinin gələcək illərdə özünü göstərəcəyini deyib: "Hazırda Azərbaycanın maliyyə-bank sektoru, kənd təsərrüfatı və sənaye potensialının inkişafı ilə bağlı çox ciddi islahatlar aparılır. Azərbaycanın uğurlu inkişafının təməlində düşünülmüş siyasət, islahatlar və ölkənin gələcəyi ilə bağlı planların uğurla icrası amili dayanır".

Bu mənada, sənaye istehsalı və kənd təsərrüfatı gələcək inkişafın prioritet istiqamətlərini təşkil edir. Prezidentin də vurğuladığı kimi, sənaye potensialımızın inkişafı prioritet məsələlərdən biridir: "Sənaye istehsalı ilə bağlı iri layihələr icra edilir. Orta və kiçik sahibkarlığın inkişafı ölkənin sənaye potensialını daha da gücləndirəcək".

Ölkədə işsizlik probleminin aradan qaldırılması istiqamətində görülən işlərdən danışan dövlət rəhbəri SOCAR Polimer kompleksi, azot gübrələri zavodu və digər iri müəssisələrin istismara verilməsi ilə Azərbaycanın iqtisadi potensialının güclənəcəyini, minlərlə yeni iş yerlərinin yaradılacağını qeyd edib.

Azərbaycanda dərman preparatlarının istehsalı ilə üçün ciddi proqram hazırlandığını deyən İlham Əliyev bildirib ki, bununla dərman preparatları sahəsində idxaldan asılılıq azalacaq, vətəndaşlarımız daha keyfiyyətli dərmanlarla təmin olunacaq.

Regionlarda sənaye zonalarının yaradılması həm iqtisadiyyatın inkişafı, həm də işsizlik probleminin aradan qaldırılmasında müstəsna rola malikdir. Bütün bunları nəzərə alan ölkə rəhbərliyi müvafiq tədbirlərin həyata keçirilməsi üçün bu istiqamətdə fəaliyyətini davam etdirir.

Cari ilin 6 ayının uğurla başa vurulduğunu deyən İlham Əliyev yeni dövr üçün prioritet istiqamətləri açıqlayıb. Azərbaycanda xalçaçılıq sənayesinin, baramaçılığın, pambıqçılığın və tütünçülüyün inkişafına dövlət dəstəyinin bundan sonra da davam etdirilməsi, zəruri ərzaq məhsulları ilə təminatın, ət və süd məhsullarına olan tələbatın ödənilməsi, meliorativ tədbirlərin davam etdirilməsi, torpaqlardan səmərəli istifadə olunması, o cümlədən, turizm sənayesinin yaradılması istiqamətində görülən tədbirlərin davamlı olması ilə bağlı tapşırıqlarını verən dövlət başçısı qeyd edib ki, ciddi ixrac potensialı yaradılmalı və Azərbaycan öz məhsulları ilə xarici bazarlara çıxmalıdır.

Prezidentin sədrliyi ilə keçirilən müşavirədə səsləndirilən fikirlərə münasibət bildirən İqtisadi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli "525"ə bildirib ki, 2015-ci il kimi 2016-cı il də Azərbaycan üçün çox ağır ildir: "Həm dünya iqtisadiyyatında gedən proseslər, həm də qısa müddət ərzində neftin qiymətinin kəskin aşağı düşməsi ölkə iqtisadiyyatına mənfi təsirləri ilə yadda qalıb. Neft Azərbaycanın əsas eksport məhsulu olduğuna görə, gəlirlərimizin azalmasına səbəb olub. Keçən ilin fevral və dekabr aylarında ölkədə sərt devalvasiya prosesi getdiyi üçün Azərbaycan iqtisadiyyatının maliyyə sektoru zərər çəkib. Bu da öz növbəsində ölkə iqtisadiyyatının həm real, həm də sosial sektoruna mənfi təsirləri ilə yadda qalıb. Bütün bunların nəticəsində Azərbaycanda ümumi daxili məhsul istehsalı aşağı düşüb. Ümumi daxili məhsul istehsalı ölkə iqtisadiyyatının sosial-iqtisadi göstəricilərinin bir məcmusu olduğuna görə, bütün sahələrə ös təsirini göstərib. Əgər müqayisəli təhlil aparsaq görərik ki, bu situasiya Azərbaycan üçün əsaslı sürətdə təhlil olunub. 2016-cı ilin əvvəllərindən başlayaraq mənfi tendensiyaların qarşısının alınması istiqamətində bir sıra tədbirlər həyata keçirilir. Həmin təhlillər də cari ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələrə dair prezidentin rəhbərliyi ilə keçirilən müşavirədə səsləndirilib. Əsas məsələ yaranmış vəziyyətdən az itki ilə çıxmaqdır. Bunun üçün ilk növbədə idxal azaldılmalı və ixrac yönümlü məhsulların ölkədə istehsalı genişləndirilməlidir. Hazırda bu istiqamətdə xeyli işlər görülür, stimullaşdırıcı tədbirləri özündə ehtiva edən bir sıra qanunvericilik ssenarilərindən ibarət paketlər Milli Məclisə göndərilərək müzakirələrdən sonra qəbul olunur, prezidentin imzasından sonra isə bu dəyişikliklər qüvvəyə minir".

Deputat qeyd edib ki, bu qanunvericilik təşəbbüsləri içərisində sahibkarlığa dəstəyin artırılması və iş adamlarının qarşısında duran maneələrin aradan qaldırılması sahəsində atılan addımlar mühüm əhəmiyyət kəsb edir: "Bu mənada, sahibkarlıq müəssisələrində yoxlamaların sayının azaldılmasını qeyd etmək olar. Bununla bağlı prezident müşavirədəki çıxışında konkret statistika ortaya qoyub. Həmin statistika açıq-aydın göstərir ki, prezident yoxlamaların məhdudlaşdırılması ilə bağlı göstəriş verməmişdən əvvəl sahibkarların başına hansı oyunlar açılırdı".

Ə.Məsimli bildirib ki, lisenziyaların alınmasının sadələşdirilməsi istiqamətində atılan addımlar da sahibkarlığın inkişafı, iş adamlarına qarşı yaradılan süni maneələrin aradan qaldırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Yeni iş yerlərinin açılması istiqamətində atılan addımları da müsbət qiymətləndirən deputat qeyd edib ki, burada həm dövlət başçısının tapşırığı ilə kütləvi sürətdə ixtisarlar edilməsinin qarşısının alınması, həm də təkcə dövlət sektorunda yox, özəl sektorda da müəyyən dərəcədə buna diqqət edilməsi mühüm əhəmiyyətə malikdir: "Eyni zamanda, ayrı-ayrı bölgələrdə imkan verən sahələrdə həm müvəqqəti, həm də daimi iş yerlərinin açılması istiqamətində atılan addımları vacib hesab edirəm".

Mərkəz sədri qeyd edib ki, prezidentin müşavirədəki nitqində qarşıda hansı işlərin reallaşdırılmasının mümkün olduğu öz əksini tapıb: "Sumqayıt, eləcə də digər rayonlarda neft-kimya sənayesini inkişaf etdirmək imkanlarımız var. Bu sahəni inkişaf etdirmək üçün o qədər də böyük güc tələb olunmur. Sadəcə, bu sahədə istehsal olunan məhsulların keyfiyyətini yüksəltmək lazımdır ki, rəqabət qabiliyyəti artsın və yeni bazarlara çıxış əldə etsin. Əgər buna nail olsaq neft-kimya sənayesi sahəsində xeyli işlər görmək mümkün olacaq".

Deputat bildirib ki, regionların sosial-iqtisadi inkişafında yeni nüanslar diqqət çəkir: "Bu, həm sənaye zonalarının yaradılması, həm də mövcud ənənəvi istehsal sahələrinin bərpası istiqamətində atılan addımlardır. Məsələn, ənənəvi istehsal sahələrinin bərpası istiqamətində Şəkidə ipəkçiliyi inkişaf etdirmək olar. Əgər bir il simvolik miqdarda barama istehsal olunurdusa, qısa müddətdə bu sahədə diqqətçəkən dərəcədə artım müşahidə olunur. Ölkədə baramaçılığın inkişafı həm yerli tələbatı qarşılamağa, həm də ixracat prosesinə başlamağa imkan verər. Bununla paralel olaraq yüngül sənayenin Mingəçevirdə də inkişaf etdirilməsi çox vacib addımlardır. İndi ekstensiv üsullardan intensiv üsullara keçməyin vaxtıdır.  Hazırda əkinə yararlı torpaqlarımızın böyük bir hissəsi taxıl altındadır. Lakin taxılçılıqda əmək məhsuldarlığı çox aşağı səviyyədədir. Ona görə də  həm məhsuldarlığın artırılması istiqamətində işlər aparmaq, həm də pambıq, fındıq və digər kənd təsərrüfatı məhsullarının istehsalına diqqəti artırmaq lazımdır".

Torpaqdan istifadənin səmərəlilik məsələsinə toxunan deputat qeyd edib ki, Azərbaycanda bununla bağlı vəziyyət çox bərbad vəziyyətdədir: "Azərbaycan bir ovuc vəzifə səlahiyyətlərindən sui-istifadə edən məmurlar var. Onlar əkinə yararlı torpaqları da öz əllərinə keçirərək kənd təsərrüfatının inkişafına mane olurlar. Prezident İlham Əliyevin bu məsələni müşavirədə qaldırması heç də təsadüfi deyildi. Hesab edirəm ki, ölkə başçısı məsələni qaldırmaqla kifayətlənməyəcək. Həmin istiqamətdə cəza tədbirləri həyata keçirmək lazımdır ki, başqalarına da dərs olsun. Hər kəs görsün ki, Azərbaycana bu cür ziyan vuranların aqibəti necə olur".

Ə.Məsimli hesab edir ki, kənd təsərrüfatı məhsullarının istehsalında istixanalardan istifadə edilməsi, xaricə daha çox hansı məhsulların çıxış imkanının olması məsələsinin təhlil edilməsi mühüm rol oyanır: "Əgər işlər nəzərə tutulduğu kimi davam etsə, kənd təsərrüfatı məhsullarının eksport imkanları daha da artacaq. Keçən il bu göstərici 600 milyon dollara bərabər idi. Bu rəqəmlər əvvəlki illərə nisbətən xeyli dərəcədə yüksək olsa da, mövcud potensial fonunda hazırkı gəliri 2-3 dəfə artırmaq olar. Bununla bağlı prezident İlham Əliyev müşavirədə öz yekun nitqində deyib. Məsələn, fındıq istehsalına diqqətin artırılması öz aktuallığını qoruyur. Çünki bunun üçün böyük gücə, yeni texnologiyalardan istifadəyə o qədər də ehtiyac yoxdur. Ənənəvi üsullarla istehsalı artıraraq 90 milyon dollarlıq gəliri yarım milyard dollara çatdırmaq olar. Yaxud da xalçalığı inkişaf etdirməklə kifayət qədər müsbət nəticələr əldə etmək mümkündür. Bununla yanaşı ölkədə  keyfiyyətli bal istehsalını artırmaq olar. Dünyada təmiz, keyfiyyətli bal məhsuluna olduqca böyük tələbat var".

Deputat əlavə edib ki, Azərbaycanda həm kənd təsərrüfatı, həm sənaye, həm də digər sahələrdə istehsalın bir neçə dəfə artırılması, eyni zamanda yüzminlərlə yeni iş yerlərinin açılması, əhalinin gəlirlərinin artırılması istiqamətində xeyli iş görmək olar. Bir şərtlə ki, vəzifə səlahiyyətlərindən sui-istifadə edən məmur təbəqəsi ölkə iqtisadiyyatından uzaqlaşdırılmalıdır".

İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun aparıcı elmi işçisi, iqtisadçı-ekspert Pərviz Heydərov isə qeyd edib ki, dövlət başçısının hökumətin iclasında ölkəyə xarici valyuta gətirə bilən sahələrin inkişaf etdirilməsi ilə bağlı irəli sürdüyü fikir və tələblər böyük əhəmiyyətə malikdir: "Lakin bütün bunlara qısa müddət ərzində nail olmaq çətindir. Birincisi, idarəetmədə ciddi problemlər var. İkincisi, bazarlara çıxış imkanları məhdud vəziyyətdədir. Üçüncüsü isə, stimullaşdırıcı tədbirlərə kəskin ehtiyac var. Ümumiyyətlə, ölkədə istehsal və tədarükün əsasən, kiçik sahibkarlıq fəaliyyəti sayəsində artması və genişlənməsinə nail olmaq lazımdır. Aqrar sahədə ilk növbədə xammal istehsalı və tədarükünə üstünlük vermək tələb olunur. Yəni, emal məhsullarına qaçmaq ikinci dərəcəli məsələ hesab edilməlidir. Əgər, bu və ya digər rayonda misal üçün meyvə emalı zavodu və ya fabriki fəaliyyət göstərirsə, paralel olaraq həmin rayonda kənd camaatının həyətlərində meyvə-tərəvəz çürüyərək batırsa, demək ki, bütün bunların heç bir əhəmiyyəti və mənası yoxdur. Odur ki, necə ki, neft sahəsində olduğu kimi əsasən xammal ixracçısı kimi tanınır və qəbul edilirik, eləcə də qeyri-neft sektorunda da ilkin mərhələdə məhz, emal deyil, xammal məhsulları istehsalçısı və tədarükçüsü olaraq tanınmalı, qəbul olunmalıyıq. Çünki emal məhsulları üzrə rəqabətqabiliyyətli ölkə kimi tanınmağımıza uzun illər vaxt lazımdır. Kənd təsərrüfatı sahəsində xammal məhsulları sarıdan isə rəqabətqabiliyyətliyimiz əzəldən mövcudddur".

Ceyhun ABASOV

 





14.07.2016    çap et  çap et