525.Az

Estoniya yay düşərgəsində Azərbaycan günü


 

Estoniya yay düşərgəsində Azərbaycan günü <b style="color:red"></b>

Bu gün Estoniya həftəsonu məktəblərinin yay düşərgəsində Azərbaycan günü qeyd olunub.

Tədbir Azərbaycan dili dərsi ilə başlayıb. Azərbaycan həftəsonu məktəbinin rəhbəri Sənəm Əliyeva müxtəlif məktəblərin rəhbər, müəllim və şagirdlərinə Azərbaycan dilinin tarixindən söhbət açıb və onları Azərbaycan əlifbası ilə tanış edib. Tədbirin iştirakçıları öz ad və soyadlarını Azərbaycan dilində yazmağı öyrəniblər.

Daha sonra tədbir Azərbaycan tarixi və mədəniyyəti ilə tanışlıqla davam etdirilib. İştirakçılara tarix və mədəniyyətimizə həsr olunmuş video süjetlər göstərilib və sonra viktorina təşkil edilib. Qalib komandaya mükafatlar təqdim olunub.

Azərbaycan günü xalçaçılıq sənəti ilə tanışlıqla davam etdirilib. Tallində yaşayan həmyerlimiz, xalçaçı rəssam Rövşən Quliyev Azərbaycan xalça sənətindən söhbət açıb və iştirakçılar toxuculuq dəzgahında xalça toxumanın sirləri ilə tanış olublar.

Azərbaycan həftəsonu məktəbinin rəqs müəllimi Səkinə Dəmirova bütün iştirakçıları “Yallı” rəqsi ilə tanış edib və uşaqlar bu rəqsi birgə ifa ediblər. Tədbir məşhur “Arşın mal alan” filminin nümayişi ilə başa çatıb, qonaqların böyük maraq və rəğbətinə səbəb olub.

Estoniya Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən tədbirdə bu ölkədə fəaliyyət göstərən rus, fin, kabardin, erməni və digər məktəblərin nümayəndələri iştirak ediblər.

AzərTAc

 





14.07.2016    çap et  çap et