Döyülən azərbaycanlılara kəllə beyin travması, daxili orqanlarının zədələnməsi və sınıq diaqnozu qoyulub
Paris Azərbaycan Evinin sədri Mirvari Fətəliyeva ermənipərəst mövqeyi ilə tanınan parlamentar Fransua Roşebloun və erməni diasporunun üzvləri tərəfindən vəhşicəsinə döyülməsi ilə bağlı polisə müraciət edib. Bu barədə APA-ya məlumat verən Mirvari Fətəliyeva bildirib ki, hazırda bu məsələ ilə bağlı proses başlayıb. Onun sözlərinə görə, o döyülməsi ilə bağlı tibbi müayinədən keçməlidir və bundan sonra məsələyə hansı formada baxılacağı müəyyənləşəcək.
Azərbaycanın Fransadakı səfirliyindən APA-ya verilən məlumata görə, hadisə ilə Fransanın müvafiq hüquq-mühafizə orqanları məşğul olur: “Fransadakı Azərbaycandakı səfiri Elçin Əmirbəyov şəxsən bu məsələni öz nəzarətində saxlayır. Xəsarət alan Paris Azərbaycan Evinin sədri Mirvari Fətəliyeva və azərbaycanlı tələbə Vüsal Hüseynov kəllə beyin travması, daxili orqanlarının zədələnməsi və sümüklərin qırılması diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Səfir onlara baş çəkib. Hər iki Azərbaycan vətəndaşı ağır xəsarətlər alıblar. Mirvari Fətəliyeva artıq evə buraxılıb”.
Qeyd edək ki, fevralın 26-da Fransa Milli Assambleyasında Fransadakı Erməni Məsələləri Bürosunun təşkilatçılığı, Fransadakı erməni icmasının nümayəndələri və Fransa parlamentinin bir neçə deputatının iştirakı ilə “Sumqayıt hadisələrindən 25 il sonra; hazırkı vəziyyət və Dağlıq Qarabağ xalqı üçün gələcək perspektivlər” adlı tədbirdə Azərbaycan diasporu nümayəndələri də iştirak edərək bu gün Xocalı soyqırımının 21-ci ildönümünün keçirildiyini iştirakçıların diqqətinə çatdırıblar. Onların bu mövqeyi qarşı tərəfin ciddi etirazına səbəb olsa da, Azərbaycan diasporunun nümayəndələri qətiyyət nümayiş etdirərək Sumqayıtda baş verən hadisələrlə bağlı səsləndirilən fikirlərin heç bir tarixi fakta əsaslanmadığını bildiriblər. Bundan sonra Fransa parlamentinin üzvü Fransua Roşeblounun təhriki ilə iştirakçılar Azərbaycan diasporunun rəhbəri və azərbaycanlı tələbəyə hücum edərək onları vəhşicəsinə döyüblər. Tədbir iştirakçıları, o cümlədən Fransa Parlamentinin toplantıda iştirak edən deputatları bu vəhşiliyin qarşısını almaq üçün heç bir cəhd göstərməyiblər.
çap et