525.Az

Dövlətin məqsədi büdcə gəlirlərini qeyri-neft sektoru hesabına təmin etməkdir


 

"HÖKUMƏT İQTİSADİYYATIN QAPISINI VAXTINDAN ƏVVƏL KƏSƏN BÖHRANA KƏSKİN ANTİBÖHRAN TƏDBİRLƏRİLƏ CAVAB VERMƏK YOLUNU TUTUB"

Dövlətin məqsədi büdcə gəlirlərini qeyri-neft sektoru hesabına təmin etməkdir<b style="color:red"></b>

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

Ölkə başçısı ilin birinci yarısının yekunlarını təhlil edib, qarşıdan gələn dövr üçün sosial-iqtisadi sahədə prioritet istiqamətləri göstərib və bu istiqamətdə görüləcək işlərlə bağlı müvafiq tapşırıqlarını verib.

Prezident qeyd edib ki, 2016-cı ilin ötən altı ayının nəticələri göstərir ki, Azərbaycan 2016-cı ili də uğurla başa vuracaq: "2016-cı ilin birinci yarısının iqtisadi göstəriciləri ümidvericidir. 2016-cı ilin birinci yarısında Azərbaycanda qeyri-neft sənayesi 2,4 faiz, kənd təsərrüfatı 3,1 faiz artıb, iqtisadiyyata 6,3 milyard dollar sərmayə qoyulub".

2016-cı ilin Azərbaycanda dərin iqtisadi islahatlar ili kimi tarixə düşəcəyinə bir daha əminliyini ifadə edən İlham Əliyev başladılan böyük işlərin nəticəsinin gələcək illərdə özünü göstərəcəyini deyib: "Hazırda Azərbaycanın maliyyə-bank sektoru, kənd təsərrüfatı və sənaye potensialının inkişafı ilə bağlı çox ciddi islahatlar aparılır. Azərbaycanın uğurlu inkişafının təməlində düşünülmüş siyasət, islahatlar və ölkənin gələcəyi ilə bağlı planların uğurla icrası amili dayanır".

Bu mənada, sənaye istehsalı və kənd təsərrüfatı gələcək inkişafın prioritet istiqamətlərini təşkil edir. Prezidentin də vurğuladığı kimi. sənaye potensialımızın inkişafı prioritet məsələlərdən biridir: "Sənaye istehsalı ilə bağlı iri layihələr icra edilir. Orta və kiçik sahibkarlığın inkişafı ölkənin sənaye potensialını daha da gücləndirəcək".

Ölkədə işsizlik probleminin aradan qaldırılması istiqamətində görülən işlərdən danışan dövlət rəhbəri Azərbaycanın iqtisadi potensialının daha da güclənəcəyini, minlərlə yeni iş yerlərinin yaradılacağını qeyd edib.

Bu mənada, regionlarda sənaye zonalarının yaradılması həm iqtisadiyyatın inkişafı, həm də işsizlik probleminin aradan qaldırılmasında müstəsna rola malikdir. Bütün bunları nəzərə alan ölkə rəhbərliyi müvafiq tədbirlərinin həyata keçirilməsi üçün bu istiqamətdə fəaliyyətini davam etdirir.

Cari ilin 6 ayının uğurla başa vurulduğunu deyən İlham Əliyev yeni dövr üçün prioritet istiqamətləri də açıqlayıb. Azərbaycanda xalçaçılıq sənayesinin, baramaçılığın, pambıqçılığın və tütünçülüyün inkişafına dövlət dəstəyinin bundan sonra da davam etdirilməsi, zəruri ərzaq məhsulları ilə təminatın, ət və süd məhsullarına olan tələbatın ödənilməsi, meliorativ tədbirlərin davam etdirilməsi, torpaqlardan səmərəli istifadə olunması, o cümlədən, turizm sənayesinin yaradılması istiqamətində görülən tədbirlərin davamlı olması ilə bağlı tapşırıqlarını verən dövlət başçısı qeyd edib ki, ciddi ixrac potensialı yaradılmalı və Azərbaycan öz məhsulları ilə xarici bazarlara çıxmalıdır.

Prezidentin sədrliyi ilə keçirilən müşavirədə səsləndirilən fikirlərlə bağlı "525"ə açıqlama verən Milli QHT Forumunun sədri Rauf Zeyni bildirib ki, ölkə başçısı İlham Əliyev hər zaman olduğu kimi, sonuncu müşavirədəki çıxışında da əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması, iqtisadiyyatımızın neftdən asılılığının minimuna endirilməsi istiqamətində həyata keçirilən işlərlə bağlı öz fikirlərini qeyd edib, qarşıdakı dövr üçün prioritet istiqamətləri müəyyənləşdirib: "Dövlət rəhbəri kənd təsərrüfatı, turizm və digər sahələrdə mövcud vəziyyətə toxunub, problemlərin olduğu sahələrdə müvafiq tədbirlərin həyata keçirilməsi üçün öz tapşırıqlarını verib.

Qlobal iqtisadi böhran şəraitində neftin qiymətinin kəskin aşağı düşməsi ölkədə qeyri-neft sektorunun inkişafını prioritetə çevirib. Dövlətin əsas məqsədi qeyri-neft sektorunda iqtisadi inkişafa nail olmaq üçün fəaliyyət sahələrini müəyyənləşdirmək və boşluqların olduğu istiqamətlərdə işləri intensivləşdirərək tərəqqi əldə etməkdir. Xüsusilə kənd təsərrüfatı sahəsində xeyli işlər görmək üçün imkanlar var. Biz müxtəlif sahələrdə məhsul istehsalını artıraraq idxaldan asılılığı azaltmalıyıq. Sonrakı mərhələdə isə ixracatı artırmaq dayanır. Bununla Azərbaycan həm xaricə vəsait axınını azaltmış, həm də ölkəyə əlavə gəlirlər gətirmiş olacaq".

R.Zeyni deyib ki, neftin qiymətinin yüksək olduğu dövrlərdə qeyri-neft sahələrində mövcud dövlət proqramları ilə müxtəlif tədbirlərin görülməsi planlaşdırılsa da, bir çox hallarda yaradılan süni əngəllər bu işləri uğurla başa vurmağa imkan vermirdi. Onun sözlərinə görə, hazırkı dövrdə isə prezident bütün bu maneələrin aradan qaldırılması istiqamətində ciddi işlər görüb, iqtisadi islahatları daha da dərinləşdirməyə nail olub.

"Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru Fikrət Yusifov isə qeyd edib ki, başlanğıcı 2007-2008-ci illərin məşhur ipoteka böhranı ilə qoyulan, ilk öncə ABŞ-ın və Avropanın, sonradan isə digər ölkələrin də bank sistemini iflic vəziyyətinə salan maliyyə böhranı öz ardınca iqtisadi böhranı da qaçılmaz edib. O "AZƏRTAC"a bildirib ki, keçən ilin əvvəllərinə qədər Azərbaycanın maliyyə sistemi dünyanın ən qabaqcıl ölkələrinin üzləşdiyi maliyyə böhranının təsirlərindən kənarda qala bilib: "Lakin neftin qiymətinin dünya bazarlarında kəskin ucuzlaşması ilə müşayiət olunan iqtisadi böhran, illərlə iqtisadiyyatımızın neftdən asılılığının azaldılması istiqamətində görülən tədbirlərə - ümumi daxili məhsulda qeyri-neft sektorunun payının 70 faizə qədər qaldırılmasına baxmayaraq, bizdən yan ötə bilməyib. Azərbaycan postneft dövrünə hazırlığın 2020-ci illərdə başa çatmasını nəzərdə tutsa da, ondan asılı olmayan səbəblərdən bu dövr bir neçə il öncə başlayıb. Böhrana qədər aparılan islahatların əsas məqsədi ölkə iqtisadiyyatının neftdən asılılığının minimuma endirilməsini təmin etmək idi. Son 5 ildə qeyri-neft sektorundan ixracın həcmi 60 faizdən çox arta bilmişdi. Lakin dünya iqtisadi məkanını bürüyən və Azərbaycan iqtisadiyyatının da yan keçə bilmədiyi bu iqtisadi böhran ölkə iqtisadiyyatının neftdən asılılığını minimum həddə qədər endirməyi nəzərdə tutan proqnozların tam reallaşdırılmasına imkan verməyib".

F.Yusifov deyib ki, böhran Azərbaycan hökumətini, onun dövlət rəhbərliyini qətiyyən ruhdan sala bilməyib: "Hökumət iqtisadiyyatın qapısını vaxtından əvvəl kəsən böhrana kəskin antiböhran tədbirləri ilə cavab vermək yolunu tutub. Keçən ilin ikinci yarısından başlanan və əslində iqtisadiyyatın postneft dövrünün yeni iqtisadi modelinə çevrilən bu islahatlar ilk öncə ölkədə azad sahibkarlığın qarşısında dayanan bütün maneələrin kəsilib atılmasına istiqamətlənib. Ölkə başçısının "heç kimin toxunulmazlıq statusu ola bilməz" çağırışı ilə başlanan antikorrupsiya tədbirləri, onun bu məsələdə kiməsə güzəşt etməyəcəyini bir daha hər kəsə açıq göstərib. Bunun ardınca gömrük və vergi sistemlərində aparılan sadələşmələr, inhisarçılığın aradan qaldırılması, yoxlamaların dayandırılması, sahibkarlıq fəaliyyətinə lisenziya və xüsusi icazələrin verilməsindəki yeniliklər, tikinti sahəsində bütün maneələrin aradan qaldırılmasını hədəfləyən qərarlar, investisiya və ixracın təşviqinə dair sərəncamlar, sahibkarların şikayətlərinə operativ və obyektiv baxışı hədəfləyən üç səviyyədən ibarət apellyasiya şuralarının yaradılması, qanunvericilikdə iş adamlarına iqtisadi amnistiya nəzərdə tutan və onların vergidən yayınması üçün cinayət məsuliyyəti müəyyən edən məbləğin on dəfə azaldılması kimi tədbirlər ölkədə real sektorun sürətli inkişafını hədəfləyən əsas addımlar idi".

Keçmiş maliyyə naziri vurğulayıb ki, ən mühüm addım isə yaxın, orta və uzaq perspektivlər üçün ölkə iqtisadiyyatının inkişafını nəzərdə tutan yol xəritəsinin hazırlanmasına dair qərardır: "Bu qərarın özəlliyi ondan ibarətdir ki, hər üç dövrü əhatə edəcək və ayrı-ayrı sahələrin inkişafını hədəfləyəcək bu proqramlar işlənməzdən öncə yerli və xarici mütəxəssislərin iştirakı ilə hər bir sahənin dərin diaqnostikası keçiriləcək və onun inkişafına maneə olan bütün məqamlar aşkarlanaraq aradan qaldırılacaq".

Ekspert qeyd edib ki, cari ilin birinci yarısının yekunlarına həsr olunan müşavirədə Prezident dünyada baş verən iqtisadi təlatümlərə baxmayaraq Azərbaycan iqtisadiyyatının davamlı və ardıcıl şəkildə inkişaf etdiyini konkret faktlarla hər kəsə göstərib: "Bəli, ümumi iqtisadiyyatda müəyyən geriləmələr var, ancaq bu, ilk növbədə neftin dünya bazarlarındakı qiymətlərinin kəskin düşməsi və onun hasilatının azalması ilə bağlı olan bir məsələdir. Cari ilin birinci yarısında iqtisadiyyatın qeyri-neft sektorunun əksər aparıcı sahələrində isə nəticələr pozitivdir. Əgər keçən illə müqayisədə qeyri-neft sənayesi, kənd təsərrüfatı istehsalı, nəqliyyat, informasiya və rabitə xidmətləri, pərakəndə ticarət və s. sahələr üzrə ciddi irəliləyişlər ola bilibsə, bu, o deməkdir ki, Azərbaycan hökuməti postneft dövrünün nəbzini vaxtında və çox dəqiq tuta bilib və onun bu dövrdə apardığı islahatlar mövcud vəziyyətə tam adekvat islahatlardır. Bunun belə olduğunu və Azərbaycan hökumətinin postneft dövründə apardığı iqtisadi islahatların əhəmiyyətini dünyanın iki ən böyük maliyyə institutunun - Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının rəhbərlikləri də artıq rəsmi bəyan ediblər.

İndi Azərbaycan hökuməti bu yolda daha inamla irəliləmək və postneft dövrünün islahatlarını maksimum qısa zaman kəsiyində başa vurmağı hədəfləyir. Ölkə Prezidentinin müşavirədə dediyi kimi, islahatların əsas hədəfi bir neçə il ərzində dövlət büdcəmizin gəlirlərini qeyri-neft sektoru hesabına təmin etmək olmalıdır. Bu baş verdikdən sonra isə dünya bazarlarında neftin qiymətlərinin qalxıb-düşməsinin heç bir əhəmiyyəti olmayacaq".

Ceyhun ABASOV

 





15.07.2016    çap et  çap et