525.Az

Bakıda yeni mütaliə mərkəzi - “Açıq kitabxana” istifadəyə verildi


 

Bakıda yeni mütaliə mərkəzi - <b style="color:red">“Açıq kitabxana” istifadəyə verildi</b>

Ötən gün Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə Milli Kitabxananın birgə reallaşdırdığı “Açıq kitabxana” mütaliə mərkəzinin açılış mərasimi keçirilib.
 

“Açıq kitabxana”nın “Mən oxudum, sən də oxu!” devizi altında fəaliyyət göstərəcəyi bildirilib. Sərbəst istifadə və kitab mübadiləsinə şərait yaradılan mərkəzə hər kəs günün istənilən vaxtı müraciət edə bilər.

Kitabxanada “Poeziya gecələri”, yazıçılar, şairlər və naşirlərlə görüşlərin keçirilməsi nəzərdə tutulur.

Həmçinin yaxın günlərdə kitab satış məntəqəsi, digər ölkə və şəhərlərdən onlayn kitab sifarişi də həyata keçiriləcək.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qırmızı lenti kəsərək yeni mütaliə mərkəzini açıq elan edib. Ə. Qarayev bu layihənin dünyada tətbiq olunan təcrübə olduğunu deyib:

“Mən düşünürəm ki, açıq kitabxanalar təkcə burada təşkil olunmamalıdır. Azərbaycanın müxtəlif bölgələrində, parklarında, insanların asudə vaxtlarını keçirdiyi yerlərdə bu cür mərkəzlər yaradılmalıdır. Bu layihə əhalinin kitaba münasibətinin dəyişməsinə çox müsbət töhfə verə bilər”. Mərasimin aparıcısı - Milli Kitabxananın direktoru Kərim Tahirov layihənin gerçəkləşdirilməsi barədə danışıb.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar bu təşəbbüsü yüksək qiymətləndirib:

“Kitabla bağlı hər tədbir, hər təşəbbüs yazıçıları sevindirir. Müasir texnologiyalar kitabları bir az sıxışdırır. Belə şəraitdə kitab və mütaliə mərkəzlərinin yaradılması çox təqdirəlayiq haldır”.

Millət vəkilləri Nizami Cəfərov, Qənirə Paşayeva, Hikmət Babaoğlu, AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru Leyla İmanova, Səbail rayon icra hakimiyyəti başçısının müavini Eldar Ağayev çıxış edərək layihənin və yeni mütaliə mərkəzinin əhəmiyyətindən danışıblar.

Müşfiq ŞÜKÜRLÜ

 





15.07.2016    çap et  çap et