525.Az

“Tələbələrimiz bir çox ölkələrin universitetlərilə tanış olmaq imkanı qazanırlar”


 

“Tələbələrimiz bir çox ölkələrin universitetlərilə tanış olmaq imkanı qazanırlar”  Müsahibimiz Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU)  beynəlxalq əlaqələr üzrə prorektoru, hüquq elmləri üzrə fəlsəfə doktoru Mehdi Abdullayevdir.   

– Mehdi müəllim, məlum olduğu kimi, bir neçə gün öncə Azərbaycanla  qardaş Qazaxıstan arasında mədəniyyət, o cümlədən, elm, təhsil sahəsində əlaqələri daha da möhkəmləndirmək  məqsədi ilə  Abay adına Qazaxıstan Milli Pedaqoji Universiteti və ADPU əməkdaşlıq müqaviləsi imzaladı.  Təmsilçisi olduğunuz təhsil ocağının – ADPU-nun beynəlxalq əlaqələrinin coğrafi sərhədlərini genişləndirmək baxımından bu müqaviləni necə  qiymətləndirərdiniz?

– İlk öncə onu qeyd edim ki, əməkdaşlıq çərçivəsində tədris-metodiki, elmi mübadilələr, müəllim və doktorantların, eləcə də tələbələrin mübadiləsi nəzərdə tutulub.  Yəni, 5 il müddətinə bağlanmış bu müqaviləyə görə, professor və müəllimlər, habelə doktorant və tələbələr nümayəndə qismində universitetlərin işində iştirak edəcək, tədris-metodiki iş təcrübələrini bölüşəcək, elmi-tədqiqat işləri sahəsində əməkdaşlığı və qarşılıqlı tələbə təhsili işini yerinə yetirəcəklər. Eyni zamanda  qeyd edim ki, universitetlər arasında elmi mübadilənin istiqamətləri daha genişdir. Burada müxtəlif elmlər üzrə mövzuların işlənib hazırlanması, universitetlərin elmi jurnal və məcmuələrində müəllim və doktorantların elmi-tədqiqat işlərinin birgə dərc edilməsi, müəllim və doktorantların qarşılıqlı olaraq elmi konfranslara dəvət olunması və sair nəzərdə tutulub.

– Yeri gəlmişkən, məlum sazişə qədər ADPU hansı ölkələrin təhsil ocaqları ilə əməkdaşlıq sazişləri  imzalamışdı?

– ADPU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor Yusif Məmmədov universitetin Avropa təhsil məkanına inteqrasiya olunmasına xüsusi önəm verir və bu məsələni daim diqqətdə saxlayır. Eyni zamanda, yüksək təşkilatçılq keyfiyyətlərinə malik olan Yusif müəllim son illər universitetimiz beynəlxalq əlaqələrinin coğrafi sərhədlərini genişləndirib, mədəniyyət, elm və təhsilin inteqrasiyasının səmərəli təşkilinə önəm verir. Elə məhz bunun nəticəsidir ki, universitetimiz ilə qardaş-dost Türkiyənin Mehmet Akif Ersoy Universiteti arasında 02.10.2009-cu il tarixində elm və təhsil sahəsində əməkdaşlıq haqqında müqavilə imzalanıb. Həmçinin, ADPU ABŞ səfirliyi ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində “Fullbrayt” proqramına da qoşulub. Eləcə də, ADPU ilə Rusiyanın Tatarıstan Dövlət Humanitar Pedaqoji Universiteti arasında 2010-cu ilin may ayının 13-ü tarixində əməkdaşlıq müqaviləsi imzalanıb. Bununla yanaşı, Rumıniyanın, eləcə də Avropanın çox nüfuzlu və qabaqcıl ali təhsil müəssisələrindən olan Babeş-Bolyai Universitetinin Türk və Mərkəzi Asiya Araşdırmaları İnstitutunun təşəbbüsünü nəzərə alaraq, ADPU və Babeş-Bolyai Universiteti arasında elm və təhsil sahəsində əməkdaşlığı, müəllim-tələbə mübadiləsini, o cümlədən,  Azərbaycan və Rumıniya arasında qarşılıqlı anlaşmanı inkişaf etdirmək məqsədilə 2011-ci ilin 31 may tarixində müqavilə imzalanıb. Onu da xüsusi qeyd etmək istərdim ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Avropanın tanınmış bu ali təhsil müəssisəsində ilk dəfə azərbaycanşünaslığın tədrisi və təbliğ olunması milli və dövlət maraqlarımız baxımından mühüm  əhəmiyyət kəsb edir. Bundan əlavə, Azərbaycan Respublikasında elm və təhsil əməkdaşlığını genişləndirmək məqsədilə səfərdə olan Tacikistanın təhsil işçilərindən ibarət nümayəndə heyəti də universitetimizdə olub. Səfər çərçivəsində Tacikistanla  təhsil sahəsində qarşılıqlı anlaşmanı inkişaf etdirmək, müştərək maraq sahələrində elm və təhsil fəaliyyətini genişləndirmək məqsədilə ADPU ilə Kulyab Dövlət Universiteti arasında  04.10.2011-ci il tarixində müqavilə imzalanıb. Yaxın gələcəkdə əməkdaşlıq proqramı çərçivəsində hər iki universitetin professorlarının və tədqiqat heyətinin mübadiləsi, birgə tədqiqatların aparılması, müştərək konfransların, konqreslərin, simpoziumların keçirilməsi, elmi kəşflərin, nəşrlərin, digər məlumatların, eləcə də mühazirələrin mübadiləsi nəzərdə tutulub. Bir faktı da qeyd etmək yerinə düşər ki, Bakı şəhərində 10-12 noyabr 2011-ci ildə “Müəllim hazırlığında yeni forma, metod və üsullar: Şərqi Avropa təcrübəsi” mövzusunda beynəlxalq konfrans keçirilib. Həmin konfrans zamanı Ukrayna, Moldova, Gürcüstan və Rumıniyanın  nümayəndələri ADPU-da olub, universitetin beynəlxalq əlaqələri ilə yaxından tanış olublar.  Bununla bərabər,  dil biliklərinin təkmilləşdirilməsi üçün ABŞ-ın və Fransanın dil üzrə mütəxəssisləri universitetimizin tələbələrinə dərs deməyə cəlb olunub.  O cümlədən, təhsilin idarə edilməsi üzrə menecment ixtisası hazırlığı istiqamətində işlərin təkmilləşdirilməsi, həmin ixtisasa müvafiq olaraq müəyyən dəyişikliklərin edilməsi, təhsilin idarə olunması sahəsində həm bakalavr, həm də magistr pillələrində tədris planlarının layihələrinin və strukturunun hazırlanması, yaxın gələcəkdə həmin tədris planlarının tətbiqi və bu istiqamətdə tədbirlərin həyata keçirilməsi üzrə universitetimizin müəllimlərinə Litvanın Vilnüs Pedaqoji Universitetinin ümumi tədqiqatlar üzrə prorektoru Rimantas İelvis treninqlər keçib. Universitetimizdə 7 fevral 2012-ci ildə Qafqaz Universitetinin təşəbbüsü ilə E-NOTES (European Computer Driving License National Operator and Test Centers in Azerbaijan) layihəsinə qoşulmaq üçün Mandat imzalanıb. Bu layihə universitetimizin beynəlxalq əlaqələrinin Avropa standartlarına uyğun inkişaf etdirilməsi və təhsilin inteqrasiyası üçün yeni istiqamətdir. Türkiyə Cümhuriyyətinin Hacəttəpə Universitetilə ADPU arasında əməkdaşlıq əvvəllər olduğu kimi hal-hazırda da davam etdirilir.  Nəzərinizə çatdırım  ki, 22.06.2012-ci il tarixində Hacəttəpə Universitetilə Akademik Əməkdaşlıq və Mübadilə Protokolu imzalanıb. Birgə əməkdaşlıq çərçivəsində nəzərə alınıb ki, tələbə mübadiləsi proqramlarını təkmilləşdirmək üçün hər iki ölkənin qanunvericiliyinə uyğun olaraq,  Təhsil Nazirliyinin və Türkiyə  Ali Təhsil Şurasının (YÖK) razılığı ilə ikili diplom almaq imkanını təmin edən proqramlar hazırlansın. ADPU həm də Rusiya Elmlər Akademiyasının Radiotexnika və Elektronika Universiteti ilə də kadrların ixtisaslaşması ilə bağlı elmi əməkdaşlıq müqaviləsi imzalayıb. Eyni zamanda, Birləşmiş Krallıq, Uels-də yerləşən Cardiff Universiteti ilə də tələbə mübadiləsi proqramlarını təkmilləşdirmək üçün danışıqlar aparırıq.

– ADPU-da nə qədər əcnəbi vətəndaş təhsil alır və onlar əsasən hansı ölkələrin vətəndaşlarıdır?

– Öncəki illərdə olduğu kimi, bu gün də xarici ölkələrdən gələn əcnəbi vətəndaşların universitetimizdə təhsil almalarına böyük diqqət yetirilir. Hazırda Türkiyədən universitetimizin müxtəlif fakültələrində 150 nəfərə yaxın tələbə təhsil alır. Türk tələbələrinin Azərbaycanın ictimai-siyasi həyatına daha sıx inteqrasiyası məqsədilə müəyyən tədbirlər görülür. Türk tələbələrinin millət vəkilləri, tanınmış ictimai-siyasi xadimlərlə mütəmadi görüşləri təşkil olunur.

–Məqamı düşmüşkən, ADPU qarşıda hansı ölkələrin təhsil ocaqları ilə əməkdaşlığı planlaşdırır?  Universitetiniz beynəlxalq əlaqələri necə qurur, hansı əməkdaşlıq proqramları üzərində işləyirsiniz?

– Təhsil Nazirliyinin və ADPU-nun səlahiyyətli nümayəndələrinin dəstəyi ilə tələbələrimiz bir çox ölkələrin, o cümlədən, Cənubi Koreya və Litva universitetlərinin mədəni fəaliyyətləri ilə yaxından tanış olmaq imkanı əldə edirlər. 2013-cü ilin fevral ayında Norveçin Trentheim şəhərində keçiriləcək 12-ci Beynəlxalq  Tələbə Festivalında tələbələrimizin də iştirakı nəzərdə tutulub. Universitetimizin gələcək beynəlxalq əlaqələri çərçivəsində Pakistan, Yunanıstan, Macarıstan və Qırğızıstan universitetləri ilə elmi əməkdaşlıq müqavilələri bağlamaq üçün layihələşdirmə işləri aparılır.

KAMİL
 





26.09.2012    çap et  çap et