525.Az

“Odlar Yurdu” Gənclər İctimai Birliyinin fəaliyyəti müzakirə olundu - Foto


 

“Odlar Yurdu” Gənclər İctimai Birliyinin fəaliyyəti müzakirə olundu - <b style="color:red">Foto</b>

İyulun 15-də Bakıda “Odlar Yurdu” Gənclər İctimai Birliyinin dörd illik fəaliyyətinin yekunlarının müzakirəsinə həsr olunmuş hesabat yığıncağı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Birliyin sədri Nigar Ələsgərova iştirakçılara rəhbərlik etdiyi qurumun 4 illik fəaliyyəti və qarşıda duran planlar barədə məlumat verib. Bildirilib ki, təşkilatın məqsədi gənclərin inkişafı, onlar arasında vətənpərvərliyin təbliği, milli mənəvi dəyərlərin qorunması, gənclərin cəmiyyətin digər sahələrinin inkişafına cəlb edilməsi, könüllülük işinin təşkili və gənclərin beynəlxalq əməkdaşlığının genişlənməsinə töhfə verməkdir.

Diqqətə çatdırılıb ki, “Odlar Yurdu” Gənclər İctimai Birliyi son dövrdə ölkəmizdə müşahidə olunan ictimai prosesləri, dövlətin gənclər siyasətinin əhəmiyyətini və bunun gənclərin inkişafı üçün yaratdığı imkanları, gənclər təşkilatlarının respublikanın ictimai-siyasi həyatında fəal iştirakını, həmçinin Gəncə şəhərinin 2012-ci ildə “Azərbaycanın gənclər paytaxtı” seçilməsini nəzərə alaraq həmin il təsis edilib. Fəaliyyəti müddətində bir çox uğurlu layihə reallaşdıran İctimai Birlik iki beynəlxalq layihəni Gəncədə həyata keçirib. Birlik ümumilikdə dörd il ərzində 17 yerli layihə həyata keçirib, 84 tədbir təşkil edib. Qurum, həmçinin Avropada həyata keçirilən beynəlxalq layihələrin rəsmi tərəfdaşı olub. Təşkilat region gənclərini əhatə edən uğurlu fəaliyyətinə görə bir sıra qurumlar tərəfindən təltif olunub.

Mərasimdə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov, “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyasının sədri Nurəddin Mehdiyev, Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov və digərləri çıxış edərək təbriklərini çatdırıblar. Çıxış edənlər Azərbaycanda həyata keçirilən uğurlu dövlət gənclər siyasəti və bu siyasətin fonunda inkişaf edən gənclər təşkilatları, o cümlədən “Odlar Yurdu” Gənclər İctimai Birliyinin fəaliyyətini yüksək qiymətləndirib, müvəffəqiyyətlər arzulayıblar. Qeyd edilib ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində yetişən istedadlı, vətənpərvər gənclər ölkəmizin təbliğində fəal rol oynayırlar.

Diqqətə çatdırılıb ki, ölkəmizdə uğurlu gənclər siyasəti nəticəsində regionlarda 30-dan çox Gənclər mərkəzi fəaliyyət göstərir. Bölgələrdə fəaliyyət göstərən gənclər təşkilatları öz tədbirlərini məhz həmin mərkəzlərdə keçirirlər. Qeyd olunub ki, Azərbaycanda gəncləri əhatə edən müxtəlif dövlət proqramları həyata keçirilir. Dövlətin gənclər təşkilatlarına göstərdiyi dəstək bu gün öz bəhrəsini verir. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun keçirdiyi qrant müsabiqələri paytaxtla yanaşı, regionda yaşayan gəncləri də əhatə edir. Bu il “Gəncə-2016 Avropa Gənclər Paytaxtı” layihəsi çərçivəsində silsilə tədbirlərin təşkilində İctimai Birlik də fəal rol oynayır.

Çıxışlardan sonra Birliyin fəaliyyəti və beynəlxalq əməkdaşlığından bəhs edən videoçarx nümayiş olunub.

Sonra İctimai Birliyin fəaliyyətinə göstərdikləri dəstəyə görə bir sıra qurumların və təşkilatların təmsilçilərinə, o cümlədən, media nümayəndələrinə təşəkkürnamələr təqdim olunub.


























 





15.07.2016    çap et  çap et