525.Az

Rektor: "Hədəfə çatmaq üçün gənc kadrlara ehtiyacımız var"


 

Rektor: "Hədəfə çatmaq üçün gənc kadrlara ehtiyacımız var"<b style="color:red"></b>

İyulun 15-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov dünyanın nüfuzlu universitetlərinin məzunları ilə görüşüb.

Universitetdən 525.az-a verilən məlumata görə, rektor gənclərə UNEC-in fəaliyyət istiqamətləri, strateji hədəfləri və son illərdə əldə edilən nailiyyətlərindən danışıb.

Bildirib ki, regionun iqtisad yönümlü ən böyük təhsil ocağı sayılan, dörd dildə təhsil verən UNEC-də tədrisin yeni keyfiyyət standartı olan “Elektron Universitet” modeli tətbiq edilir.

Rektor ölkədə ali təhsilin modernləşdirilməsi prosesinə mühüm töhfə verən differensial əmək haqqı sisteminin universitetdə tətbiqindən söz açıb.

“İstəyirik “Narxoz” adı universitetimizin üzərindən götürülsün”, deyən Ə.Muradov bu məqsədlə İqtisad Universitetinin brendləşdiyini bildirib:
 
“UNEC (University of Economy) İqtisad Universitetinin brendidir”.

Əldə edilən uğurlar bizi sevindirir, amma qane etmir, deyə bildirən rektor universitetin hədəflərini açıqlayıb:

“Başlıca məqsədimiz UNEC-i dünya səviyyəli universitetlər sırasında görməkdir. Hədəfə çatmaq üçün UNEC-in gənc kadrlara ehtiyacı var. Bu məqsədlə universitetdə “gənc müəllim” və “gənc professorlar” layihələri həyata keçirilir. Son iki ildə UNEC-ə dünyanın nüfuzlu ali məktəblərinin məzunları olan 200-ə yaxın gənc cəlb edilib və proses bundan sonra da davam etdiriləcək”.

Avropanın nüfuzlu universitetlərindən məzun olan və ölkənin dövlət və özəl sektorunda müxtəlif vəzifələrdə çalışan gənclər UNEC-lə əməkdaşlığa maraq göstərdiklərini, universitetdə pedoqoji və inzibati işlərdə çalışmaq niyyətində olduqlarını bildiriblər.

Gənclər UNEC-də maliyyə, marketinq, menecment və digər ixtisaslar üzrə Azərbaycan, ingilis və rus dillərində dərs demək istədiklərini bildiriblər. Onlar əsasən Beynəlxalq İqtisadiyyat Məktəbi, UNEC Biznes Məktəbi və SABAH qruplarından dərs deməkdə maraqlı olduqlarını qeyd ediblər.

Ə.Muradov bildirib ki, dünya səviyyəli universitetlər sırasına yüksəlməkdə iddialı olan UNEC bacarıqlı gənclərlə əməkdaşlıq etməkdə maraqlıdır.

Rektor gənclərlə mütmadi görüşəcəyini, universitetlə bağlı fikirləri dinləməyə hazır olduğunu və ən qısa zamanda onların təkliflərini dəyərləndiriləcəyini bildirib.

 





15.07.2016    çap et  çap et