525.Az

Tarif dəyişikliyi “Azərişıq” və “Azərenerji”nin dövlətdən asılılığını azaldacaq


 

“DEVALVASİYADAN SONRA İDXAL AVADANLIQLARI VƏ VASİTƏLƏRİ ÜÇÜN ÖDƏNİLƏN XƏRCLƏRİN MANAT İFADƏSİNDƏ ARTIMI SƏBƏBİNDƏN BU ADDIMI ZƏRURƏT KİMİ TƏQDİM ETMƏK OLAR”

Tarif dəyişikliyi “Azərişıq” və “Azərenerji”nin dövlətdən asılılığını azaldacaq<b style="color:red"></b>

Məlum olduğu kimi, Tarif Şurası ölkədə elektrik enerjisinin topdansatış və pərakəndə satış qiymətini artırıb.

Şura “Azərişıq” və “Azərenerji” Açıq Səhmdar Cəmiyyətlərinin müraciətlərini nəzərə alaraq elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə qərar qəbul edilib.
 
Qərara əsasən, bir kilovat-saat elektrik enerjisinin topdansatış tarifi 4,3 qəpik, pərakəndə satış tarifi isə 7 qəpik müəyyən edilib. Qeyd edək ki, bundan əvvəl elektrik enerjisinin pərakəndə satış tarifi 6 qəpik olub.

Qərarda qeyd olunub ki, Azərbaycanda elektrik enerjisinə görə tariflər son dəfə 2007-ci ildə dəyişdirilib, ötən 10 il ərzində digər ölkələrdə qiymətlərin böyük faizlərlə və yaxud bir neçə dəfə artmasına baxmayaraq, Azərbaycanda qiymətlər sabit saxlanılıb.

2015-ci ilin statistikasına görə, elektrik enerjisinin tarifləri Ukraynada 48 faiz, Moldovada 34 faiz, Latviyada 20 faiz, Belarusda 16 faiz, Türkiyədə 14 faiz, Bolqarıstanda 13 faiz, Böyük Britaniyada 11 faiz, Rusiya və Qazaxıstanda isə 8 faiz artıb. Hazırda Azərbaycanda elektrik enerjisinin 1 kilovatına görə qiyməti əksər dünya ölkələrindən aşağıdır. Məsələn, eləcə region ölkələrini götürsək, Ermənistanda istehlakçılar 1 kilovat elektrik enerjisinə görə 12.7 qəpik, Gürcüstanda isə 11.2 qəpik ödəməlidirlər.

Bildirilir ki, tarif dəyişikliyi “Azərişıq” və “Azərenerji”nin gəlirlərinin artmasına, onların dövlət büdcəsindən asılılığının azalmasına şərait yaradacaq: “Tarif dəyişikliyi elektrik enerjisi istehsalı və təchizatı sahəsində çalışan 18 min nəfərdən artıq insanın əmək haqlarının artırılması və onların sosial müdafiəsinin gücləndirilməsi üçün tədbirlər həyata keçirməyə imkan verəcək”.

Məsələ ilə bağlı iqtisadçı ekspert Rövşən Ağayev qeyd edib ki, elektrik enerjisinin qiyməti təxminən 17 faiz yüksəlib: “Enerji sektorunun üzləşdiyi borc böhranı, devalvasiyadan sonra idxal avadanlıqları və vasitələri üçün ödənilən xərclərin manat ifadəsində artımı səbəbindən bunu zərurət kimi təqdim etmək olar. Amma qiymət artırmaqla yanaşı hökumət enerji sektorunda menecmenti dəyişməli, dövlətsizləşdirməyə və qiymət artımından dolayı gəlirlərin indeksasiyasına getməlidir”.

Onun sözlərinə görə, devalvasiyadan sonra iqtisadiyyatın inflyasiya həssaslığı əhəmiyyətli dərəcədə yüksəlib: “Belə şəraitdə tarifləri dövlət tərəfindən tənzimlənən məhsulların və xidmətlərin qiymətinin artırılması baza inflyasiyasının artırmaqla ölkədə ümumi qiymət səviyyəsinin yüksəlməsini şərtləndirir”.

1 qəpiklik artımın iqtisadiyyat və ev təsərrüfatlarına yaradacağı əlavə xərclərdən danışan ekspert bildirib ki, rəsmi məlumata görə, hazırda ölkə üzrə təxminən 17 milyard kv.saat elektrik enerjisi istehlak edilir: “Bu köhnə tariflərlə 1.020 milyard manat edirdi. Yeni tariflərlə 1.190 milyard manat edəcək. Yəni 1 qəpiklik artım iqtisadiyyat və ev təsərrüfatları üçün əlavə 170 milyon manat xərc yaradacaq.

Əhalinin enerji istehlakı təxminən 7 milyard kv.saat, iqtisadiyyatın sektorlarının istehlakı isə 9 milyard kv.saat təşkil edir. Artan tarifə görə xərclərin 70 milyon manatını əhali, 100 milyon manatını isə müəssisə və təşkilatlar ödəyəcək.

Aydındır ki, müəssisə və təşkilatlar öz artan xərclərini məhsul və xidmətlərin qiymətinə əlavə etməklə əhalidən alacaqlar. Nəticədə əhali təkcə özü istehlak elədiyi 7 milyard kv.saata görə deyil, iqtisadiyyatdan aldığı məhsul və xidmətlərin yaradılmasına sərf edilən enerjiyə görə də xərcə düşəcək. Azərbaycanda 2.5 milyon enerji alan ailə təsərrüfatının olduğunu nəzərə alsaq, 1 qəpiklik artım birbaşa və dolayı yolla hər bir ailəyə ayda təxminən 7-8 manat zərər vuracaq”.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban isə qeyd edib ki, elektrik enerjisinin xərcindəki artımı ən çox o ailələr hiss edəcəklər ki, onlar mənzillərinin qızdırılmasında birbaşa elektrikdən istifadə edirlər: “Yəni, evlərin mərkəzləşdirilmiş isitmə sistemi yoxdur və ya binalara qaz verilməyib. Bölgələrdə bu vəziyyət xüsusilə mürəkkəbdir”.

Ekspert bildirib ki, elektrik enerjisinin artımı istənilən halda zəncirvari xarakter daşıyacaq: “Yəni, tədricən mal və xidmətlərin qiymətlərində istər-istəməz özünü göstərməlidir”.

İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun aparıcı elmi işçisi, iqtisadçı ekspert Pərviz Heydərov isə yaranan vəziyyətdən çıxış yolu kimi “Azərenerji”nin özəlləşdirməyə çıxarılmasını təklif edir. O bildirib ki, bu gün ölkəmizin enerji sisteminin əsasını 10-dan çox su, 14 istilik elektrik stansiyası təşkil edir ki, bu da təqribən 7,1 min meqavatdan çox güc deməkdir: “Buna 2005-ci ildən bəri sözügedən sahədə görülən işlər nəticəsində 40 faiz artım əldə edilməklə nail olunub. Ancaq generasiya güclərinin istehsal etdiyi elektrik enerjisinin əhalinin rifahına düşən səviyyəsinə görə inkişaf etmiş ölkələrə çatmağımız üçün isə enerji sistemimizin gücü 10 min meqavatdan yuxarı təşkil etməlidir. Buna nail olmaq mümkündür, yalnız o haldaki inkişaf etmiş ölkələrdəki kimi bizdə də enerji istehsalı ilə istehlakında səmərəlilik iqtisadiyyatın inkişafında bir nömrəli vəzifəyə çevrilsin. Ancaq gəlin görək, bizdə vəziyyət necədir. Rəsmi açıqlamaya əsasən, 2016-cı ilin yanvarın 1-nə “Azərenerji” ASC-nin dövlət büdcəsinə olan borcunun məbləği 799 milyon 795,9 min manat təşkil edib ki, bu da dövlət mülkiyyətində olan vergi ödəyicilərinin ümumilikdə mövcud borclarının 68,2 faizi deməkdir. Bundan əlavə, adı çəkilən qurumun cari ilin ilk 3 ayının nəticəsi də nəzərə alınmaqla SOCAR-a da 350 milyon manat borcu olduğu bildirilmişdi. Hansı ki, bunun da 30 milyon manata qədər hissəsi təkcə, bu ilin ilk 3 ayında yaranıb.

Yeri gəlmişkən, 2015-ci ilin yanvarın 1-nə isə “Azərenerji” ASC-nin Neft Şirkətinə 4,6 milyon manat borcu olub. Hansı ki, həmin vaxt manat hələ heç bir devalvasiyaya uğramamışdı. Yəni, 1 ABŞ dolları 0,78 azn-ə bərabər idi. Sözügedən borc vəsaiti ilə əlaqədar problem isə SOCAR-ın vitse-prezidenti Süleyman Qasımovun apreldə verdiyi açıqlamada söylədiyi sözlərə görə, keçən ilin dekabr ayında Ali Məhkəmə səviyyəsində həll edilib. Hələ bundan sonra, 314 milyon manat səviyyəsində yeni borc yaranıb”.

P.Heydərov bildirib ki, iki il öncə “Azərenerji”nin SOCAR-ın tərkibində olan “Azəriqaz”a təxminən yarım milyard manat borcu var idi: “Bu cür qarşılıqlı iqtisadi və istehsal əlaqələrində olan sahələr üzrə borc vəsaitlərinin yığılıb qalması sonradan dövlətin özü üçün əlavə yükə çevrilir ki, belə sahələrdə problemi birdəfəlik həll etməyin yolu isə məhz özəlləşdirilmədən keçir. Odur ki, istehsal 10 və 20 min meqavata çatdırılsa da, xeyri olmayacaq. Çünki generasiya layihələri investisiyalar nəticəsində reallaşdırıldığından istehsal xərci ödənilməlidir. Bizdə isə iqtisadiyyatda ən böyük itki enerji istehlakı nəticəsində əldə olunduğundan ciddi problem mövcuddur. Ona görə də, öncə, təkrar edirik ki, enerji səmərəliliyini artırmağı Azərbaycan iqtisadiyyatında bir nömrəli vəzifəyə çevirməliyik”.

Ekspert deyib ki, enerji istehlakında səmərəliliyə nail olmaq təkcə yığımda maksimum nəticə əldə etmək, qiymətləri artırmaq və sairədən ibarət deyil: “Bu gün Azərbaycanda istehlak olunan enerji resurslarını 50 faizədək azaltmaq mümkündür. Bunun çox hissəsini isə istehsal xərclərini azaltmaqla əldə etmək olar.

Ancaq bizdə, məsələyə çox vaxt başqa cür yanaşılır. Belə ki, istehsalda səmərəliliyə nail olmaq dedikdə dərhal tariflərə diqqət çəkilir və artırılır. Halbuki, alıcını qənaətə sürükləmədən öncə, istehsal xərclərini azaltmaq lazımdır.

Bəli, generasiya layihələri investisiyalar sayəsində reallaşdırıldığından xərc ödənilməlidir. Ancaq bütün bunlar dövlət büdcəsindən alınan vəsaitlər və eyni zamanda, dövlət zəmanəti ilə verilən kreditlər hesabına həyata keçirilirsə, paralel olaraq ölkədə enerji istehlakından yığım səviyyəsi də yaxşıdırsa necə olur ki, sistemdaxili borclar yaranır?”.

Keçən ilin fevralın 10-da Prezidentin müvafiq Sərəncamı ilə “Azərişıq” ASC-nin yaradıldığını xatırladan P.Heydərov qeyd edib ki, “Azərenerji” ASC tərəfindən həyata keçirilən elektrik enerjisi ilə istehlakçıların təmin olunması fəaliyyəti ona ötürülməklə onun balansındakı istehlakçıların elektrik enerjisi ilə təchizatı üçün zəruri olan bütün əmlak və avadanlıqlar da “Azərişıq”a verilib: “Çox yaxşı. Ancaq bu islahatın davamı olmalıdır. Belə ki, ölkədə ümumən enerji istehsalı və istehlakında səmərəliliyi artırmaq və iqtisadiyyatın inkişafında bir nömrəli vəzifəyə çevirmək məqsədilə sektorda özəlləşdirilmə də aparılmalıdır. 2016-cı ilin yanvar 1-ə “Azərenerji” ASC-nin aktivləri 4 milyard 259,591 milyon manat təşkil edib ki, bu da 2015-ci ilin əvvəli ilə müqayisədə 23,21 faiz azalma deməkdir. Ümumiyyətlə, “Azərenerji” ötən ili 870 milyon manat zərərlə başa vurub. Odur ki, sözügedən qurum təcili olaraq satılmalıdır”.

Qeyd edək ki, yeni tariflər 2016-cı il 15 iyul tarixindən qüvvəyə minəcək. Bu tarixədək istehlak olunan elektrik enerjisinə görə yaranan borclar əvvəlki tariflə ödəniləcək.

Ceyhun ABASOV

 





16.07.2016    çap et  çap et