525.Az

Gəncədə media ilə bağlı konfrans keçirildi


 

Gəncədə media ilə bağlı konfrans keçirildi<b style="color:red"></b>

Dünən Gəncədə “Yerli icra hakimiyyəti orqanları ilə KİV-lər arasında əməkdaşlığın genişləndirilməsi” mövzusunda konfrans keçirilib.

Movqe.az-ın məlumatına görə, Gəncə Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşkilatçılığı ilə keçirilən konfransda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, Azərbaycan Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov, ölkənin aparıcı media orqanlarının baş redaktorları, jurnalistlər və Gəncə ictimaiyyəti iştirak edib. Konfransı açıq elan edən Gəncənin icra başçısı Elmar Vəliyev qonaqları salamladıqdan sonra belə bir möhtəbər tədbirin Gəncədə keçirilməsinin böyük əhəmiyyət daşıdığını söyləyib. Milli Mətbuatın yaranmasının 141-ci illiyi ərəfəsində Gəncədə baş tutan konfransın bir neçə gündən sonra Bakıda daha geniş şəkildə qeyd ediləcəyini söyləyən icra başçısı bu münasibətlə media nümayəndələrini təbrik edib. Ölkəmizin sosial-iqtisadi inkişafının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu, bu gün ölkə başçısı tərəfindən davam etdirildiyini söyləyən E.Vəliyev bu inkişafın Gəncədə də hiss olunduğunu dilə gətirib. Daha sonra aprel döyüşlərində hadisələrin inkişafının media tərəfindən geniş işıqlandırıldığını söyləyən başçı bu dövrdə medianın öz üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəldiyini vurğulayıb. Ölkədə azad mediaya  dövlət qayğısından danışan E. Vəliyev bu gün də ölkə başçısı tərəfindən bu dəstəyin davam etdirildiyini vurğulayıb.

Konfransda çıxış edən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev dövlətin, xüsusilə Prezident İlham Əliyevin medianın inkişafına, jurnalistlərə diqqət və qayğısından söhbət açıb. Şöbə müdirinin müavini bildirib ki, Azərbaycanda azad medianın yaradılması ulu öndər Heydər Əliyevin fəaliyyətinin əsas istiqamətlərindən biridir. Məhz Ümummilli Lider yenidən hakimiyyətə qayıtdıqdan sonra kütləvi informasiya vasitələrinin inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılıb, senzura ləğv edilib, demokratik qanunvericilik bazası formalaşıb. Bu gün ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev də medianın inkişafına böyük diqqət göstərir. Sonra çıxış edən KİVDF-nin icraçı direktoru Vüqar Səfərli çıxışında Gəncə Şəhər İcra Hakimiyyəti ilə Fondun  birgə təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsindən söz açdı. “ Biz artıq ikinci dəfədir ki, Gəncə Şəhər İcra Hakimiyyəti ilə birgə bu cür müsabiqə təşkil edirik. Bu, icra başçısı E.Vəliyevin media ilə yüksək səviyyədə əməkdaşlığından xəbər verir. Gəncə Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsinə 30 KİV-dən 44 yazı daxil olub.  Müsabiqədə  10 həvəsləndirici yer nəzərdə tutulsa da, yazılar hamısı eyni bal topladığından həvəsləndirici yerlərin sayı 16-ya artırıldı. Beləliklə, “Gəncə şəhərinin sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər”  mövzusunda elan olunmuş müsabiqəyə təqdim olunan yazılardan 6-sı əsas, 16-sı  həvəsləndirici yerə laiq görülüb. Biz bu gün əsas qaliblərə mükafatları bu konfransda təqdim edəcəyik. Amma daha bir mükafatı media ilə yüksək əməkdaşlığına görə Elmar Vəliyevə təqdim edirik”.

Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov konfransdakı çıxışında Azərbaycan mətbuatının keçdiyi inkişaf yolundan danışıb. O deyib ki, hər bir xalqın inkişafında mətbuatın mühüm rolu var. Azərbaycan xalqının inkişafında da “Əkinçi” qəzeti mühüm rol oynayıb. Bir neçə gündən sonra ölkəmizdə bu qəzetin yarandığı gün - Milli Mətbuat Günü qeyd ediləcək. Çıxışlardan sonra mövzu ətrafında müzakirələr aparılıb.

Daha sonra “Gəncə şəhərinin sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər” mövzusunda müsabiqənin qaliblərinə mükafatlar təqdim edilib.

 





16.07.2016    çap et  çap et