Nəzakət QAFQAZLI
Filologiya elmləri doktoru
Son vaxtlar keçən əsrin əvvəllərində fəaliyyətə başlamış milli mətbuat orqanlarımızın latın qrafikasıyla yenidən nəşr olunması işinə xüsusi önəm verilir. Əlbəttə, bu təqdirəlayiq haldır və həm tariximizin, həm ədəbiyyatımızın, eləcə də bütövlükdə dövrün sosial-ictimai, mədəni durumunun öyrənilməsi baxımından çox böyük əhəmiyyət daşıyır. 2012-ci ildə “İpək yolu” nəşriyyatında Türkiyə Respublikası Başbakanlık Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi və Gəncliyə Yardım Fondunun dəstəyi ilə çap olunmuş “Qardaş köməyi” (1917) məcmuəsi də belə töhfələrdəndir.
Məcmuəyə ön sözü Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim, “Türkiyə-Azerbaycan etle tırnak, ayrılmız iki parça” məqaləsini TBMM Adana Millət vəkili, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu Başkanı Necdet Ünüvar, Təqdimatı Atatürk Universiteti Kazım Karabekir Eyitim Fakültəsi Tarix Eyitimi Anabilim Şöbəsi Başkanı Betül Aslan yazmışdır. Mətni transliterasiya edən Arif Həşimov, Sedat Demir, İbrahim Eroldur. Məcmuədə Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun həmsədri professor Nizami Cəfərovun adından “Qardaşlıq borcu, insanlıq vəzifəsi” məqaləsi də çap olunmuşdur.
“Qardaş köməyi”nin yeni nəşrinin müsbət tərəflərindən çox danışmaq olar. Himayədarları və qayğısını çəkənlərin sayəsində doğrudan da bu nümunə maraqlı və nəfis tərtibatda, ətraflı, orijinalda verilmiş fotoların belə (hətta aydınlığı qüsurlu olsa da) yerli-yerində dürüstlüklə yerləşdirilməsi, orijinalın əski əlifba ilə əks olunmuş mətnlərinin həm Azərbaycan, həm türk dilində latın qrafikası ilə verilməsi işin dəqiqlik və ciddiliyinə rəğbət doğurur və müəlliflərə bu layiqli işə görə minnətdarlığımızı bildiririk.
İş ondadır ki, 10 il bundan öncə (2002-ci ildə) bu məcmuənin belə nəfis tərtibatda olmasa da, biz də latın qrafikasına çevirib çapa hazırlamışıq. Kitabın əvvəlində “Bu kitab millət vəkilləri, Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan-Türkiyə Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupunun rəhbəri Anarın, qrupun üzvləri Bəxtiyar Vahabzadənin, Zeynəb Xanlarovanın, Zəlimxan Yaqubun, Nizami Cəfərovun, Nizami Xudiyevin, Şamil Qurbanovun, Mayis Səfərlinin, İsmayıl Ömərovun, Famil Məmmədovun, İqbal Ağazadənin təşəbbüsü və şəxsi vəsaitləri hesabına nəşr olunur” yazılmışdır.
Elmi redaktorları: Akademik Kamal Talıbzadə, Paşa Əlioğlu.
Transliterasiya edəni, ön sözün müəllifi və müəlliflər haqqında məlumatların tərtibçisi filologiya üzrə fəlsəfə doktoru Nəzakət Qafqazlı.
Üz qabığının üstündəki “Qaçqın” portretinin müəllifi rəssam Bəhruz Kəngərlidir (1892-1922).
Bakı, “Nurlan” nəşriyyatı, 2002
Nəşrləri bu cür təfərrüatla təsvir etməyimizin məqsədi var.
Əvvəlki nəşrdə kitabın üzərində əməyi olan hər bir şəxsin (hətta kitabın üz qabığında fonda verilmiş portretin müəllifinin belə) adı layiqincə qeyd edilmiş, hörmətlə xatırlanmışdır. Belə bir ənənənin xələfi və daşıyıcısı kimi maraqla yeni nəşri vərəqləyərkən on il əvvəlin təşəbbüskarlarının heç olmasa hörmətlə yad olunmasından əsər-əlamət görmədik. Nəzərləri deşən ən böyük xəta isə hörmətli xalq yazıçımız, 2002-ci ildə çap olunmuş variantın nəşrinin təşəbbüskarı və təşkilatçısı Anar müəllimin adının çəkilməməsi bir yana, kitabın sonunda verdiyi “Qardaşlıq borcu, insanlıq vəzifəsi” adlı məqaləsinin çox kobud bir “redaktə” çərçivəsində əvvəlindən iki abzas, sonundan bir abzas hesabıyla bir giriş sözü kimi professor Nizami Cəfərovun adından təqdim edilməsi idi. Axı bunun Anara bir hörmətsizlik olduğu (yəqin ki, Nizami Cəfərovun heç bundan xəbəri də olmayıb) açıq-aşkardır. Digər tərəfdən, Nizami Cəfərovun bu şəkildə quraşdırılmış yazıya nə ehtiyacı var idi ki... Anar müəllimə, elə N.Cəfərova da olunan bu “hörmətin” fonunda, mən də daxil olmaqla, digərlərinin əməyinin xatırlanmamasını daha şükürlü bildim.
Daha sonra kitabın bol redaksiya heyəti içərisində fəaliyyətimizlə bağlı (transliterasiya edən və sadələşdirən Arif Həşimov, Sedat Demir, İbrahim Erol) çalışma qrupunun işinin keyfiyyətilə maraqlandım. Fikirləşdim ki, bəlkə bizim variantımızdakı transliterasiya və şərhlərdən əlavə yeni tapıntılarla rastlaşarıq. Çox heyif ki, burada da gümanımız doğrulmadı. “Sadələşdirmə” nəyə deyilirdisə bilmədim, amma kitabda hər bir mətnin türk dilində təqdimatından başqa nə bir yeni şərh, nə də “sadələşmə” görmədim. Bu nəşrdəki transliterasiya və şərhlər başdan-başa 2002-ci il nəşrindən köçürülmüşdü, bir dənə də olsun yeni bir təqdimat və yanaşmaya yer verilməmişdi, əksinə, nəzərimizdən qaçan bəzi səhvlər də (tam yəqinlik üçün buna xüsusi diqqət yetirdik) elə yerli-yerində nəzərlərə təqdim edilmiş və bizim kimi “diqqətdən kənarda qalmışdı”. Bir sözlə, belə bir təşəbbüskarlığın və qeyrətin içərisində bu cür naqislik çox böyük təəssüfümüzə səbəb oldu. Ən azı həmkarlıq baxımından bu cür hörmətsizliyə layiq görülməyimizin səbəbini heç cür anlaya bilmədim.
çap et