525.Az

"Torpağında müharibə gedən ölkənin jurnalisti özünü səngərdə hiss etməlidir"


 

"Torpağında müharibə gedən ölkənin jurnalisti özünü səngərdə hiss etməlidir"<b style="color:red"></b>

Milli mətbuat günü ərəfəsində jurnalistlər hansı ovqatla yaşayır, onları nə düşündürür, nə rahatsız edir?

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Akademik Yusif Məmmədəliyev adına mükafatın laureatı, jurnalist Arif Quliyevlə söhbətimiz də elə bu barədədir.

- Mübaliğəsiz demək olar ki, təməli 1875-ci ildə qoyulan "Əkinçi" qəzeti bugünkü kütləvi informasiya vasitələri üçün bir örnəkdir.
 
Bu gün tək-tək qəzet tapılar ki, "Əkinçi"nin səhifələrində yer alan informasiyalar qədər enerjiyə və istehlak dəyərinə malik yazılar dərc etsin. Həsən bəy Zərdabi vətənpərvər bir insan olaraq öz qəzetində xalq üçün faydalı, gərəkli, əhəmiyyətli, mühüm informasiyalar dərc edib. Sözsüz ki, medianın faydalı işinin həcmi ilk növbədə ona rəhbərlik edən şəxsin vətənsevərliyindən, yüksək intellektə və dünyagörüşünə sahib olmasından asılıdır.
 
Hər bir informasiya vasitəsi, kimə, hansı ictimai-siyasi zümrəyə mənsub olmasından asılı olmayaraq, ölkəmizin, dövlətimizin maraqlarını hər şeydən uca tutmalı, insanların maariflənməsi, rifahının yaxşılaşması, firəvan yaşaması və bəşəriyyətin tərəqqisi üçün çalışmalıdır. Bu baxımdan təəssüf ki, kütləvi informasiya vasitələrimizin çoxunun faydalı iş əmsalı aşağıdır. Mediamız potensial imkanlarından yetərincə yararlanmır.

Bunun da bir sıra obyektiv və subyektiv səbəbləri var. Media qurumlarında bir çox hallarda yüksək ixtisaslı peşəkar jurnalistlər deyil, ali ixtisas təhsili olmayanlar da çalışırlar. Kütləvi informasiya vasitələrinin çoxu hələ də sovet dönəmindən qalma stereotiplərdən yaxa qurtara bilmirlər. Media ilə dövlət,  hökumət qurumları arasında qarşılıqlı faydalı əməkdaşlıq zəifdir. Medianın nüfuzu isə onun cəmiyyətdə formalaşdırdığı ictimai rəyin rolundan asılıdır.

Bu gün Azərbaycanda senzura yoxdur və senzuranın olmaması media mənsublarinin məsuliyyətini birə-beş  artırıb. Bununla belə, ermənilərlə sonuncu döyüş zamanı hərbi senzuranın olmaması məni çox həyəcanlandırdı.

Ona görə ki, jurnalistlərin heç də hamısı dövlət sirri və hərbi sirr haqqında qanunlardan xəbərdar deyillər.

Mən bilmirəm, media rəhbərlərinə hərbçilər tərəfindən təlimlər keçilir, yoxsa yox? Keçilməsə belə, "Dövlət sirri haqqında" və "Hərbi sirr haqqında" qanunların icrasına nəzarət gücləndirilməlidir. Sovet dönəmində senzura təkcə hərbi və dövlət sirlərini qorumurdu, vahimə yaradan informasiyaların qarşısını da alırdı. İndi vəziyyət dəyişib. Kiminsə barəsində dəqiqləşdirilməmiş informasiya da vermək olar, yalan məlumat da. Amma yalan çıxan xəbəri, məlumatı təkzib etməklə iş bitmir.
 
Əgər kütəvi informasiya vasitəsində kiminsə barəsində yanlış informasiya yer alıbsa və ya kiminsə haqqı, hüququ pozulubsa, təkzib verilməsi və ya zərərçəkəndən üzr istənilməsi zamanı zərərçəkənin haqqı tam təmin olunmur. Hadisə barədə informasiyanı qəbul edən şəxslərin heç də hamısı aldıqları ilkin məlumatı yeniləmək həvəsində olmurlar. Verilən ilk informasiya yalan, iftira da olsa, yaddaşlarda müəyyən iz qoyur və insanlar həmin informasiyanın yaratdığı düşüncədən çox zaman xilas ola bilmirlər. Bunu ermənilərin bizə qarşı apardığı informasiya müharibəsinə də şamil etmək olar. İnformasiya məkanında  erməni təxribatının qarşısını almağın ən yaxşı yolu isə informasiyanın  önlənməsidir.

- Yəni hər dəfə ictimai-siyasi vəziyyətin dəyişməsi kütləvi informasiya vasitələrinin qarşısında yeni vəzifələr qoyur, eləmi?

- Kütləvi informasiya vasitələri çoxfunksiyalı bir orqandır. Sovet dönəmində onların işi təbliğat və təşviqat aparmaq idisə, hazırda informasiya vasitələri mövcud sosial, ictimai-siyasi durumdan asılı olaraq bir neçə vəzifəni yerinə yetirir. Media dövlət, hökumət qurumlarının, həmçinin özəl sektorun fəaliyyətinə ictimai nəzarəti təşkil edə bilir. Həmçinin, istehsalçı ilə istehlakçı arasında əlaqə yaratmaq, bilik və bacarıqları, ideyaları ötürmək, qarşılıqlı anlaşma və əməkdaşlığa yardım etmək imkanına malikdir. Kütləvi informasiya vasitələri ətrafımızda və bütün dünyada baş verən ən mühüm hadisələr barədə insanları məlumatlandırır.

Bu yolla onlar qeyri-müəyyənliyi aradan qaldırırlar. Eyni zamanda, təşkilatçılıq imkanına malikdirlər. Onlar müvafiq qurumlarla qarşılıqlı, faydalı əməkdaşlıq şəraitində dövlətin idarə olunmasına köməklik göstərirlər.

Həmçinin, insanların istirahəti və əylənməsi üçün əvəzedilməz bir vasitədirlər. Müharibə şəraitində isə onların üzərinə daha bir yük düşür. Hər bir kütləvi informasiya vasitəsi düşmənin informasiya zərbələrinin qarşısını almaqla yanaşı, ona sarsıdıcı əks zərbələr endirməlidir. Düşmənin yalanlarına qarşı Azərbaycan həqiqətlərini qoymalı, işğalçının bütün mənfur xislətini açıb onu dünya ictimaiyyətinə tanıtmalıdır. Ölkənin müdafiəsinə qalxmaq, Vətənin təəsübünü çəkmək hər birimizin borcudur. Bu işdən kənarda qalmaq fərariliyə bərabərdir. Torpağında müharibə gedən ölkənin jurnalisti hər saat, hər gün özünü cəbhədə, səngərdə hiss etməlidir.

Sevil QULUBƏYOVA

 





19.07.2016    çap et  çap et