525.Az

Şəhidlərin cərgəsində, qəhrəmanların sırasında...


 

GİZİR SEYMUR BAXIŞOV ŞƏRƏFLİ ÖMÜR VƏ DÖYÜŞ YOLU KEÇƏRƏK ƏBƏDİYYƏTƏ QOVUŞUB

Şəhidlərin cərgəsində, qəhrəmanların sırasında... <b style="color:red"></b>

O gənc gəlin, indi sevdiyini, başının tacını, ona sona qədər yol yoldaşı olmayan həyat yoldaşını axtaranda Sumqayıtdakı Şəhidlər Xiyabanına gedir.

Qucaqlayır baş daşını, ağlayır, yaman ağlayır. 1994-cü ildə Bakıdakı Şəhidlər Xiyabanına gedəndə də bir sarısaçlı gözəlin başdaşını qucaqlayıb ağladığını görmüşdüm. Aynuru da elə gördüm...

Baxışovlar ailəsi ilə söhbətimin davamını evlərində etdim. Şəhid Seymur Baxışovun iyulun 12-si 29 yaşı tamam oldu. Ailə üzvləri həmin gün bir daha doğum gününü qeyd etməyə gəldilər. Daşla danışdılar, daşa dönmüş Vətənin bir parçasına baş əydilər.

Seymur 1987-ci ildə Sumqayıtda doğulmuşdu. Köhnə Sumqayıtda yaşayırdı. Onların yaşadıqları 4-cü mikrorayon əslində köhnə sumqayıtlıların yurd yeridir. Bu məhəllə və mikrorayonda yaşayan sumqayıtlılar Sumqayıtı qurub-tikənlərdirlər. 4-cü mikrorayon həm də fəhlələrin yaşadıqları ünvandır. Seymurun atası Qulamhüseyn və anası Zemfira xanım da hərbçidirlər. Böyük qardaşı Samir də hərbçidir. Bu ailə Azərbaycan Ordusuna könül verənlərdəndir. Ancaq indi ata-anası təqaüdə çıxıblar. Qardaşı Samir Baxışov isə, bu gün də Azərbaycan Ordusunun zabitidir. Seymur Baxışov cəbhədən ən gec qayıdan şəhid oldu. Onu bütün Azərbaycan intizarla gözlədi.

Anası Zemfira Baxışova:

- Aprelin 3-dən sonra, oğlumla əlaqə qura bilmədik. Lakin son günə qədər, tabutu bu evə gələnə kimi ürəyimdə bir ümid, bir işıq var idi. Fikirləşirdim ki, erməni tərəf bəlkə əsir götürüb, yəqin ki dövlətimizin səyi sayəsində yaralı da olsa, qaytarılacaq...

Bacısı Səbinə Baxışova:

- Samir evimizin kiçiyi idi. Ancaq sevinclərimizin çoxusu onunla bağlıdır. Əsgərliyini çəkib gələndən sonra 2006-cı ildə yenidən orduda qulluğa getdi. Biz kasıb yaşamışıq. Seymur aldığı aylıq əməkhaqqı ilə hamımızı sevindirməyə başladı. Bir də gördük ki, anama və mənə palto alıb gətirib. Böyük qardaşıma da əl yetirirdi. Qazancı da o qədər bərəkətli oldu ki, hamımıza çatdı. Hətta mənə ev tikməyə də kömək etdi. 2009-cu ildə onu evləndirdik. Noyabrın 8-də toy elədik. Aynurla Seymura baxanda özümü lap xoşbəxt hiss edirdim. Bu iki cütlük bir-birinə qoşa göyərçinlər, qumrular kimi bağlanmışdılar. İtkin xəbəri çıxandan sonra, qohum-əqraba, dost-tanış gəlib gedirdi evimizə. Kimsə "həlak oldu, erməni tərəfindədir hələ"- deyəndə, az qalırdım, həmin adamı parçalayam. Evdə hamımız havalı kimi idik. Böyük qardaşım hərdən deyirdi ki, "Özünüzü ələ alın, hazır olun...". Sözünü ağzında kəsirdim. Barışmaq istəmirdim, eşitmək istəmirdim. Aprel ayının 18-də qardaşımı gətirdilər. Ancaq tabutu açmağa qoymadılar. Xatirimdə sağ görünüşü ilə qalıb. Onu ölmüş vəziyyətdə təsəvvür edə bilmirəm. Bu gün də qardaşımın yoxluğunu qəbul etmirəm.

Anası Zemfira xanım:

- Gözüm elə qapıdadır. Elə bilirəm ki, girəcək içəri, yenə evimiz işıqla, sevinclə dolacaq. Yəqin ki, öldüyüm günə qədər gözüm onu son dəfə salamat yola saldığım qapıda qalacaq. Oğlu Amin əvvəllər kürlük elədi. İndi isə atasının adını çəkəndə hirslənir. Elə bilir ki, onu atıb gedib. Daha heç bir reaksiya vermir, heç kimdən soruşmur atasını. Ancaq hərdən "Ana, mən şəhid oldum"- mahnısını oxuyur. Bilmirəm, haradan, nə zaman öyrəndi bu mahnını. Oturub ailə üzvləri birlikdə xatirələrimizi danışırıq, bir-birimizə sual veririk ki, niyə belə oldu. Cavab tapa bilmirik.

Səbinə qardaşından danışanda gözlərində bir işıq , bir sevinc oyanır. Elə bil ki, bu dəqiqə, qapını açıb içəri girəcək qardaşını gözləyir. İstəmir, inanmaq istəmir yoxluğuna.

Aynur Seymurun səs yazısını dinlədir mənə. Onunla sonuncu dəfə danışdığı səs yazısı da qalıb telefonunun yaddaşında, başqa səs yazıları da var. Təhərindən-tövründən anlayıram ki, bu taleyi kəm, bəxti yarımçıq gəlin indi Seymurun səsinə sığınıb, gecələr tək qalanda Seymurun səsini qucaqlayır, səsini bağrına basıb ağlayır, hönkürür... Seymur isə daha başqa heç nə danışmır. Elə aprelin 1-nə qədər dediklərini təkrar edir.

Gözlərində bir dünya kədər-qəm var. Adama elə gəlir ki, o gəlinin gözlərini sevinc birdəfəlik tərk edib.

Seymurun həyat yoldaşı Aynur:

- Cürbəcür şaiyələr gəzirdi ki, Seymurun bədəni tanınmaz haldadır, bəlkə də özü deyil. Lakin mənə məhkəmə tibb ekspertlərinin çəkdikləri şəkilləri göstərdilər... O idi! Mərmi qəlpələri zirehli gödəkçəsindən açıqda qalan yerləri yaralamışdı. Var olsun dövlətimiz ki, onun cismini, 20 gündən sonra da olsa, tapıb bizə qaytardılar...

Gizir Seymur Qulamhüseyn oğlu Baxışov 1994-2005-ci illərdə 14 saylı orta ümumtəhsil məktəbində oxuyub. Atası Qulamhüseyn Baxışov arzulayır ki, oğlunun oxuduğu 14 saylı orta məktəb indi şəhid Seymurun adını daşısın. Şəhidliyindən sonra "Hərbi Xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı indi Seymurun şəxsi əşyaları arasındadır.

Balaca Amin hələ bunların fərqində deyil, uşaqlar bəzən unudurlar, Amin isə incidiyindən unutmaq istəyir. Gözlədiyi atasının gəlmədiyini görüb və gözlərini yoldan çəkib. Böyüyəndə biləcək ki, indi Şəhidlər Xiyabanında uyuyanların, Azərbaycanın qəhrəmanlıq tarixini yazanların sırasında onun atası, heç vaxt otuz yaşını qeyd eləməyəcək Seymur Baxışov da var.

Gözləri qapıdan yığılmayan Zemfira xanım, oğlundan sonra qaməti bükülən Qulamhüseyn kişi, sevgilisinə həsrət qalan Aynur isə axtardıqları sualların cavabını onda tapacaqlar ki, uğrunda canları qurban gedən şəhidlərin qanı alınsın, Vətən torpaqları düşməndən alınsın. O zaman Xəzərlə üzbəüz, Sumqayıtdakı Şəhidlər Xiyabanında uyuyan şəhidlərimizin də ruhu bayram edəcək!

 





21.07.2016    çap et  çap et