525.Az

Ulu keçmişin əbədiyaşar nişanələri


 

VƏ YA YURD YADDAŞINDAN LÖVHƏLƏR

Ulu keçmişin əbədiyaşar nişanələri<b style="color:red"></b>

(Əvvəli 14 iyul sayımızda) 

Çar Rusiyası dövründə buraya rus mütəxəssislər, əsgər və fransalı bir zəngin iş adamı Laçın-Xankəndi tərəflərə gəlib, o yerləri atla qarış-qarış gəzib, yaratdığı müəssisənin işçilərinin və yerli fəhlələrin iş şəraitinin təşkil olunması üçün Norəddin kəndində və Dəvəboynu adlanan sahədə dörd otaq inşa etdirmişdi. Həmin bina yumurta sarısı və əhənglə inşa edilmiş, gözəl bəzədilmişdi. 

Üst hissəsinə, yağış-qar suyu binanın içərisinə dammasın deyə, palıd ağacından hazırlanan taxtalar döşənmişdi.

Ümumiyyətlə, o iş adamı öz istehsal sahəsinə uyğun olaraq, meşələrdə qırmızı palıd ağaclarının kəsdirib araba ilə daşıtdırmışdı. Qırmızı palıd ağacları kəsilərək, 2 metr ölçüdə doğranaraq, oduncaq, yerli ifadəylə desək, girdın halına salınarmış. Həmin materiallar araba ilə daşınıb dəzgah olan sexə gətirilərmiş, eni 10-20 sm ölçüdə, qalınlığı isə 3-5 sm ölçüdə hazırlanaraq at, öküz arabalarına yüklənib, Xankəndi istiqamətinə yola salınarmış.         

Bu məqsədlə Xankəndindən başlayaraq, "Çayqovuşan"dan "Taxtazavod", "Ballıca", "Rus otağı", "Qacaqlar talası", "Qara gav", "Pəricahan ölən", "Salman ölən", "Ayğır talası", "Ayğır bulağı", "Qəbirli gədik", "Piyadalar" və "Dəvəboynu"na, Nurəddin, Fərraş kəndlərinə qədər, həmin ərazini birləşdirmək məqsədilə araba yolu çəkilmişdi. Qeyd edim ki, qırmızı palıddan xüsusi ustalıqla taxta materiallar hazırlayaraq yeyinti sənayesində işlədər, xüsusən şərab istehsalı zamanı içkiləri uzun müddət saxlamaq üçün çəlləklər düzəldərmişlər.

Yeri gəlmişkən, bu tarixi faktlar bir başqa maraqlı mənbədə də öz əksini tapıb. Görkəmli müğənni, SSRİ Xalq artisti Rəşid Behbudov vaxtilə Fransada Mədəniyyət və İncəsənət Günləri zamanı şahidi və iştirakçısı  olduğu bir əhvalatı nəql edərkən bildirib: "...Böyük konsert proqramı ilə çıxış etdik. Fasilə zamanı foyedə dincəlirdik... Yaşlı bir nəfər bizə yaxınlaşdı, fransız dilində bizi salamladı. Sonra isə rus dilində söhbət etməyə başladı. Mənimlə tanış oldu, Bakıdan olduğum üçün mənə daha da yaxınlaşdı, əl uzatdı, görüşdük. Respublikamızla çox marağlandığını bildirdi. Ata babası zadəgan, ziyalı olmuşdu. Onun Qafqazda da olduğunu söylədi. Atla bu yerləri, dağları, meşələri qarış-qarış gəzdiyindən danışdı. Bizi öz  evinə dəvət etdi. Səhərisi bizim yaşadığımız mehmanxanaya rəsmi dəvətnamə gəlmişdi... Ertəsi gün saat 11-də xidməti maşın bizi gözləyirdi, heyət üzvlərindən bir nəfər də məni müşahidə edirdi. Maşın şəhərdən kənara çıxdı, gözəl mənzərəli  yerlərin yanından ötüb keçirdik, buraların təbiəti bizim yerlərə oxşayırdı. Maşın bir şəxsi malikanənin qarşısında dayandı. Həmin adam bizim yolumuzu gözləyirdi. Bizə "xoş gəldiniz" dedi, evə dəvət etdi. Halbuki Fransada bu işləri ancaq xidmətçilər edərdi. Malikanə üçmərtəbəli  idi, zala daxil olduq, ziyafət təşkil olunmuşdu. Baş tərəfdə bir portret asılmışdı, onu göstərərək sözə başladı:

- Fotoportretdə olan şəxs mənim ata babamdır. O, Çar Rusiyası zamanı Qafqazda, sizin vətəninizdə olmuşdur. Xeyli müddət sizin yerlərdə, həmçinin Şuşada yaşamışdır. Savadlı mühəndis texnoloq idi... Babam işi ilə əlaqədar olaraq Qafqaza göndərilib və dağ-mədən, meşə təsərrüfatı sənayesində çalışıb. Sizin dağlar, meşələr faydalı təbiət möcüzələri ilə zəngindir. Orada elə bir ağac növü tapıbdır ki, onu Fransaya gətirmək qərarına gəlib. Xüsusi icazə almaq üçün Çar Rusiyasına vəsait ödənilib. Sonra Qarabağdan, Şuşadan, Qurdqacıdan (Laçın rayonu Qurdhacı kəndi-N.B.) qırmızı palıd ağaclarını kəsdirib, hazırlanan materialları Fransaya gətiriblər..."

Nurəddin kəndinin yaxınlığında "Dəvəboynu" adlanan yer var. Orada fəhlələrə və ümumən işlərə nəzarət etmək iki nəfər fransıza - ata və oğula həvalə olunubmuş. Qəza nəticəsində həlak olan həmin ata və oğul elə oradaca dəfn edilirlər. Həmin vaxtdan oraya "Qoşa qəbir" deyilir.

Bizə qədər gəlib çatmış bir sıra misilsiz tarixi abidələr - Ağoğlan qəsr-monastrı, Qurdhacı və Ərdəşəvi kəndinin yaxınlığındakı monastrlar Qafqaz Albaniyası mədəniyyətinin qalıqlarıdır. Gümüşlü Alı bəyin səcərə cədvəlini vərəqləyəndə məlum olur ki, bu yerlərdə vaxtilə, Qafqaz Albaniyası zamanından Türk tayfalarının yaşayış məskənləri olub. Fərraş və Nurəddin kəndlərinin sakinləri həmin Alı bəyin nəslindən olanlar, onun nəslinin törəmələridir. Nurəddin kənd sakini, İkinci Dünya müharibəsində əsl qəhrəmanı kimi döyüşmüş, Gümüşlü Alının yeddinci nəsildən törəməsi olan Əsədov Yusif Vəli oğlu bu camaatın qürur ünvanlarından biridir...

Sarıbaba dağı Heydərbaba dağı ilə sonsuz kainatda heç bir canlının görə bilmədiyi, ünsiyyət vasitələrinin  iştirakı olmadan görüşürlər, salamlaşırlar. Çünki onlar bizdən çox-çox yüksəklikdədirlər, göylərin ənginliyinə doğru hələ də baş vurmaqda davam edirlər...

Sarıbaba dağı dəniz səviyyəsindən 2334 metr yüksəklikdə yerləşir. Şuşa və Laçın rayonlarının sərhədlərində qərar tutmuş bu dağ ətəklərindəki yamyaşılçəmənliklərdə mal-qara, qoyun-quzu bəslənməsi üçün geniş imkanlar vardır. Sıx meşə örtüyünə bürünmüşdür. Adi palıd, qırmızı palıd, dəmir ağaz, çökə, ulaş, ağcaqayın, gərviş, alma, armud, alça, qoz, fındıq, əzgil və s. növ ağaclarından insanların qidalanması üçün, odun kimi və tikinti-abadlıq işlərində geniş istifadə edilirdi...

Məşhur Sarıbaba dağının zirvəsində "Sarıbaba" piri vardı. İnsanlar niyyət tutub onun ziyarətinə getsəydilər, hasil olardı. İnanılmış, hörmət sahibi olan Seyidlərin ocaqları, ziyarətgahları idi o yerlər.

Sarıbabanın ətəklərində məskən salmış Aybazarı, Kavanlı, Zəkir, İpəklər kəndləri kolxoz təşkil olunan zamanlarda köçürülərək mərkəz kimi Bülündüz kəndi formalaşdırılmışdı. Yerli sakinlər ayda bir dəfə Aybazarı kəndindəki bazara alış-veriş üçün toplaşırdılar.

Zerti kəndi sarı qayalarla əhatə olunmuşdu. Kəndin adı da "zərli", "qızıl" torpaq mənasında işlənib.

Qarıkaha kəndi Laçın rayon mərkəzi ilə Şəlvə dərəsini birləşdirən magistral avtomobil yolunun sol, Həkəri çayının sağ tərəfində yerləşən yaşayış məntəqəsi idi. Kəndin yaxınlığında qədim bir kaha vardı. Orada arxeoloji qazıntılar aparan rusiyalı tədqiqatçılar 1897-ci ildə kahada Qafqaz Albaniyasına aid döyüşçü geyimləri, çıraq tapmışdılar, məlumata görə, o tapıntılar hazırda Sankt-Peterburqda, muzeydə saxlanılır.

Sarıbaba dağının qoynunda yerləşən yaşayış məntəqələri - Miralılar, Qaradağlı, Ağbulaq, Şəfilər, Xırmanlar, Dərəboğazı və başqa kəndlərin ətrafında mineral bulaqlar qaynayırdı. Oradakı Kor bulağın qəribə bir xüsusiyyəti vardı. İlin yay aylarında qaynayıb torpağın üst qatına çıxardı, qış fəslində isə suyu quruyardı.

Dağlar qoynunda maraqlı adlarla tanınan Səbətkeçməz, Qaradağ, Hacı yolu, Ağgüney, Yazyurdu, Piroğlu, Kolavat, Pirqayası, Alıqulu bərəsi, Əkənək, Qaradağ, Dörd qardaş yolu, Orucun qabı, Yüktökən, Qaradağlı yolu, Satılbulaq, Şişqaya kimi keçidlər əsrarəngizliyi ilə seçilirdi.

O yerlərə qonaq gələn, oraları gəzib dolaşaraq, gözəlliklərini seyr edən görkəmli şəxsiyyətlər sırasında böyük ədibimiz Əbdürrəhim bəy Haqverdiyev və dünya şöhrətli alimimiz Xudu Məmmədov xüsusi yer tutur.

Haqqında söz açdığımız o gözəl, tarixi yurd yerlərimiz neçə illərdir ki, düşmən əsarətindədir və bizi gözləyir, azad olunacağı günün intizarını çəkir. İnanırıq ki, o günə çox qalmayıb. Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində tezliklə o doğma ərazilər düşmən tapdağından azad ediləcək, səfalı Sarıbaba və Qırxqız dağları yenidən bizim ellərin oylağı olacaq və oraların tarixinə yeni şanlı səhifələr yazılacaq.

Nemət BƏXTİYAR
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 





21.07.2016    çap et  çap et