525.Az

Ermənistanda əhali qiyamçıları müdafiə edir


 

"DÜŞMƏN ÖLKƏDƏ BAŞ VERƏN HADİSƏLƏR AZƏRBAYCANIN APARDIĞI HAQQ DAVASININ XEYRİNƏDİR"

Ermənistanda əhali qiyamçıları müdafiə edir<b style="color:red"></b>

Ermənistanda etirazlar böyüyür. "Yeni Ermənistan" İctimai Xilas Fondunun silahlı üzvlərinin İrəvanda polis bölməsini ələ keçirib, polis əməkdaşlarını girov götürməsindən 4 gün keçməsinə baxmayaraq silahlıları zərərsizləşdirmək mümkün olmayıb.

Ermənistanın Milli Təhlükəsizlik Xidməti bəyanat yayaraq silahlıları təslim olmağa çağırıb, zəbt edilən patrul-mühafizə polkunun Erebuni rayonunda yerləşən binasının qarşısına hərbi texnika yeridilib. Binanın həyətinə iki zirehli maşın daxil olub. Lakin vəziyyət dəyişməyib.

Polis patrul-mühafizə alayına basqın edən şəxslər silahlı qiyamın başladığını bildirib, hakimiyyətdən istefa verməyi tələb ediblər. Hücum nəticəsində polkun ərazisində bəzi şəxslər girov götürülüb, polis əməkdaşı polkovnik Artur Vanoyan isə öldürülüb.

Bu barədə Ermənistan polisinin rəis müavini Hunan Poqosyan erməni mətbuatına məlumat verib. Onun sözlərinə görə, polis polkovniki Aram Hovanesyan, polkovnik-leytenant Hraç Xosteqyan və praporşik Qaqik Mkrtçyan güllə yarası alıblar.

Basqın iştirakçıları - iyunun 20-də həbs edilən Ermənistan müxalifətinin təmsilçisi, cinayətkar dəstənin təşkilində ittiham olunan Jirayr Səfilyanın tərəfdarları onun azadlığa buraxılması tələbini səsləndiriblər.

Silahlılarla görüşən Ermənistan parlamentinin deputatı Nikol Paşinyan yerli mətbuata açıqlamasında həmin şəxslərin Prezident Serj Sarkisyanın istefasını və yeni hökumətin qurulmasını tələb etdiklərini bildiriblər.

Artıq neçə gündür ki, Ermənistan prezidenti Serj Sarkisyanın harada olduğu da məlum deyil. Silahlı üsyanın davam etdiyi bütün bu günlər ərzində o bəyanat verməyib.

Jurnalistlərin suallarını cavablandıran prezidentin müşaviri Alik Sarkisyan bildirib ki, ölkə prezidenti işinin başındadır, lazım gələrsə, bəyanat verəcək. Bununla birlikdə, müşavir sonuncu dəfə prezidenti nə vaxt görməsi ilə bağlı verilmiş suala cavab verməkdən yayınıb.

Məlumata görə, İrəvanda polis bölməsinin binasını zəbt etmiş silahlı qrupun lideri Pavlik Manukyan daha bir girovu sərbəst buraxmaq təklifini rədd edib: "Əgər siz həmkarlarınıza görə belə narahat olursunuzsa, polis rəisi Vova Qasparyan özü gəlib onları əvəz etsin. Gəlsin yanımıza, bütün girovları azad edək". Hadisənin qarşısının hələ də alına bilməməsinin səbəblərdən biri də narazı xalq kütlələrinin qiyamçılara dəstək olması, Sarkisyan hakimiyyətinə qarşı etiraz aksiyaları keçirməsidir. Ermənistanda hakimiyyət əleyhinə çıxış edən aksiyaçılar artıq ruslara qarşı aqressiv davranışlarla da yadda qalıblar. Mitinq iştirakçıları Rusiya hakimiyyəti ilə yanaşı, rus millətinə qarşı təhqiredici ifadələr işlədiblər. Buna cavab olaraq bir çox ruslar sözü gedən vəziyyətin Qarabağ məsələsinin müzakirəsində Ermənistanın lehinə olmayacağına dair rus və erməni KİV-lərinə fikir irəli sürüblər. Lakin erməni təxribatçıları iddia edirlər ki, aksiyaçılar Rusiya əleyhinə ciddi bəyanatlar verməyiblər və ona görə olanların Qarabağ məsələsinə heç bir aidiyyatı yoxdur.

Məsələ ilə bağlı Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib ki, Ermənistanda əhalinin polis bölməsinə hücum edib hüquq-mühafizə orqanı əməkdaşlarını girov götürən bir qrup silahlını müdafiə etməsi, dəstəkləməsi bu ölkədə vəziyyətin nə qədər acınacaqlı olmasından xəbər verir: "Hazırda sanki Ermənistanda xalqın identifikliyinin müəyyənləşdirilməsi prosesi gedir. Təsəvvür edin ki, işğalçı ölkə əhalisi terrorçuluğu dəstəkləyir. Ermənistanın bizə düşmən ölkə olmasına baxmayaraq fakt faktlığında qalır ki, bir qrup silahlı şəxsin polis bölməsini zəbt etməsi terror hadisəsidir. Bu əslində erməni xalqının mahiyyətini üzə çıxarır. Bu hadisənin baş verdiyi ilk günlərlə hazırkı vəziyyəti eyniləşdirmək olmaz. İndi onların müdafiəsinə böyük xalq kütlələri qatılıb".

M.Əhmədoğlunun sözlərinə görə, burada mühüm məqam ondan ibarətdir ki, iyunun 20-də həbs olunan Jirayr Səfilyan terrorçu kimi ittiham olunur: "Lakin bu adam 1988-ci ildə də terrorçuluqla məşğul olurdu. 1992-ci ildə Qarabağ müharibəsi zamanı Şuşa işğal olunanda da bu adam erməni hərbi birləşmələrinin tərkibində azərbaycanlılara qarşı terrorçuluqla məşğul olub. Ermənilər məgər bilmirdilər ki, Səfilyan Livanda hansı məktəbi keçib? İndi ermənilərin bir qismi ayılıb başa düşür ki, Qarabağda döyüşən ermənilərin böyük əksəriyyəti terrorçu idi. Xüsusilə nəzərə almaq lazımdır ki, polis bölməsində girov götürən silahlı şəxslərlə danışıq aparanlardan biri ASALA terror şəbəkəsinin rəhbərlərindən biri olmuş Alik Yeniqomşuyandır".

Ermənistandakı məlum hadisələrin Dağlıq Qarabağ münaqişəsinə təsirlərindən danışan politoloq bildirib ki, ümumilikdə bu hadisələr göstərir ki, ermənilər heç vaxt haqq, beynəlxalq hüquq uğrunda mübarizə aparmayıblar: "Ermənilər terrorçudurlar. Onların işi yalnız terrorizmlə müqayisə oluna bilər. Artıq düşmən ölkə əhalisi Azərbaycanla ədavəti arxaya qoyub, bir-biri ilə didişir. Təbii ki, bütün bunlar Azərbaycanın apardığı haqq davasının xeyrinədir".

Mərkəz sədri əvvəlcə İrəvanda polis bölməsinə basqın hadisəsinin Ermənistan hakimiyyəti tərəfindən planlaşdırıldığını fikirləşdiyini deyib. O bildirib ki, Serj Sarkisyan beynəlxalq ictimaiyyətə, xüsusilə də Rusiya, ABŞ prezidentlərinə cavab verməlidir: "O isə bu cavabı verə bilmir. Ona görə də, vaxt qazanmaq üçün bu cür oyun ortalığa atıb".

Politoloq qeyd edib ki, hazırki hadisələr isə onu deməyə əsas verir ki, artıq ölkədəki vəziyyət Ermənistan prezidentinin nəzarətindən çıxıb: "Artıq Rusiya da Ermənistanda baş verən hadisələrlə bağlı böyük narahatlığını ifadə edib. Hətta rəsmi Moskva vəziyyətin belə davam edəcəyi təqdirdə İrəvana öz hərbçilərini  göndərməyi də nəzərdən keçirir".

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli isə bildirib ki, Ermənistanda cinayətkar bir rejim hakimiyyətdədir: "Bu rejimə Azərbaycan torpaqlarının işğalında, Xocalı soyqırımının törədilməsində bilavasitə iştirak etmiş Serj Sarkisyan rəhbəlik edir.  Bu hakimiyyətin başında duranlar vaxtilə Ermənistan parlamentində silahlı hücumun təşkil edilməsi, Dağlıq Qarabağ və ətraf yeddi rayonun işğalı, erməni xalqının aclıq, səfalət içində yaşaması, bu ölkənin bütün regional layihələrdən təcrid olunması, sosial-iqtisadi problemlərin getdikcə daha da dərinləşməsində günahkardırlar".

Hərbi ekspert bildirib ki, aprel ayında cəbhə boyu baş verən döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin göstərdiyi böyük şücaət, qısa zaman ərzində iki min hektar ərazinin işğaldan azad edilməsi işğalçı rejimin uydurduğu mifləri alt-üst edib: "20 ildir ki, Ermənistan hakimiyyəti xalqı inandırmağa çalışırdı ki, guya onların güclü ordusu, keçilməz müdafiə xətləri var. Bütün bunların yalnız mifdən ibarət olduğunu aprel ayında baş verən dördgünlük müharibə zamanı Azərbaycan əsgəri ortalığa qoyub. İki saat ərzində ermənilərin keçilməz Ohanyan xətti ordumuz tərəfindən darmadağın edilib, düşmən böyük itki verərək geri çəkliməyə məcbur olub. Bu məğlubiyyət ermənilərə həm də psixoloji zərbə vurub. Bu hadisələr Ermənistan əsgərinin döyüş ruhunun olmamasını, dövlət səviyyəsində hərbi hazırlığın qeyri-mövcudluğunu ortaya qoyub. Əksinə dördgünlük müharibə ilə Azərbaycanda vətəndaş həmrəyliyinin, güclü dövlətin, vahid komandanlığa əsaslanan ordunun olması bir daha öz təsdiqini tapıb".

E.Həsənli bildirib ki, nəticədə gözlənildiyi kimi Ermənistanda əhali ayağa qalxıb, hətta dövlətə qarşı silahlı təxribatlar da həyata keçirilir: "Ermənistandakı proseslər çox pis məcraya doğru gedir. Onlar gec-tez bu vəziyyətə düşməliydi. Onlar beynəlxalq hüquq, insanlığa qarşı heç vaxt ədalətli mövqe tutmayıblar". Ermənistandakı məlum hadisələrin Dağlıq Qarabağ münaqişəsinə təsirlərindən danışan hərbi ekspert qeyd edib ki, Ermənistanda kimin hakimiyyətdə olmasından asılı olmayaraq işğalçı ölkə Dağlıq Qarabağı qısa zamanda boşaltmağa məcburdur: "Bunun alternativi yoxdur. Azərbaycan bu qədər silah-sursatı, hərbi texnikanı sərgi üçün almadığını aprel ayının əvvəllərində ortaya qoyub. Dünya birliyi də gördü ki, münaqişə bu vəziyyətdə qala bilməz. Proses mütləq ədalətli həllini tapmalıdır".

E.Həsənli deyib ki, vasitəçilik missiyasını həyata keçirən dövlətlərin Ermənistan və Azərbaycan prezidentlərinin Vyana, Sankt-Peterburq görüşünü təşkil etməsi, daha sonra Almaniya xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank Valter Ştaynmayer, eləcə də Rusiya xarici işlər naziri Sergey Lavrovun regiona səfər etməsi deməyə əsas verir ki, münaqişə ədalətli şəkildə həll edilməlidir. Bunun yeganə yolu torpaqların işğaldan azad edilməsidir".

Ceyhun ABASOV

 





21.07.2016    çap et  çap et