525.Az

Bir dünya istəyirəm...


 

Bir dünya istəyirəm...<b style="color:red"></b>

“Musiqi ümumbəşəri dildir”
Henri Vodsvord Lonqfello   

İnsanın könül dünyası səma ilə yer arasındakı müvazinət və ahəngin rəmzi sayılan musiqi ilə nəfəs alır. Bəşər övladının qəlbinə bahar havası gətirən musiqi dillərin fövqündə dayanan bir lisandır, kimsə ona biganə qala bilməz. Bir musiqi əsəri hansı dildə ifa edilir-edilsin, hər kəsə əyandır. Dünyanın harasında olur-olsun, hər insan musiqinin dilindən anlayır. Məşhur Amerika şairi Henri Vodsvord Lonqfello (Henry Wadsworth Longfellow) gözəl deyib: “Musiqi bəşərin ümumbəşəri dilidir”. Musiqi yer üzünün bütün sakinlərini birləşdirdiyi kimi, adəm oğlunu kainatla bütövləşdirən bir bağdır. Əslində, musiqi həm də kainatın dilidir.

Kainatın xəlqindən bəri musiqi insan övladı üçün ümumbəşəri bir dil, bir yol, bir sənət və bir ehtiyac olmuşdur. Demək ki, musiqi çox əhəmiyyətli bir sahədir. Elə isə dərin mənalı, dərin ideyalı, insanın hislərini, düşüncələrini zənginləşdirən əsərlər bəstələmək gərək. Növündən asılı olmayaraq ifa edilən musiqi əsərində güclü mənanın olması zəruridir. Onu dinlərkən bir tərəfdən hislər cuşa gəlməli, digər tərəfdən də əsərin dərin mənası insanı düşündürməli, təfəkkürə sövq etməlidir. Yəni musiqinin əsas ünsürləri sayılan səs, musiqi və sözlər ahəng təşkil edərsə, insanda dərin təəssürat oyadar. Söz, səs və musiqi ahəng təşkil etmədikdə isə insanın hiss dünyasında boşluqlar açar. Belə ki, bəzi musiqi əsərlərində söz ahəngə, məzmun musiqiyə üsyan edir. Bəzən də söz, səs və musiqi elə bütövləşir, bir-biri ilə elə həmahəng olur ki, ruhun səsi kainatı lərzəyə gətirir.   

Sözügedən meyarlar əsasında böyük zəhmətlə ərsəyə gətirilən, insanlığı sülhə səsləyən bir musiqi əsəri barədə çıxan xəbərdən sonra bu yazını qələmə almağa qərar verdim. Yaxşı bəs xəbər nədən ibarətdi? Xəbərə sözləri millət vəkili Qənirə Paşayevaya, musiqisi Tünzalə Ağayevaya aid “Bir dünya istəyirəm” adlı mahnının televiziya kanallarında layiqli diqqəti görməməsi haqda idi. Öz-özümə düşündüm, görəsən, bəşəriyyəti müharibəsiz, sülh və sevgi dolu bir dünyaya səsləyən bu əsərə niyə televiziya kanallarımız biganə yanaşır? Məgər insanlığı sülhə haraylayan bu əsər bayağı hisləri körükləyən mahnılar qədər də ekranda qalmağa layiq deyil?

Üstəlik musiqinin insanın hisslərinə nə qədər təsir etdiyini bilə-bilə... Düşünün ki, insanlar əsgər marşı ilə ölümün üstünə yeriyir, kilsələrdə, məscidlərdə, sinaqoqlarda ilahilərlə ölümdən sonrakı həyat təsvir edilir... Romantik mahnılar insanın ayağını yerdən üzür, rəqs musiqisi isə onu səhnəyə atır. Fizika və biologiya elmi musiqinin insan beyninə və vücuduna güclü təsirini açıq-aşkar göstərdiyi halda niyə bəşəriyyətin ən böyük problemlərini işıqlandıran bu əsərlərə arxa çıxmırıq?

Bir misal çəkim: Həyəcan keçirən, rəqs edən, qaçan bir insanın ürəyi dəqiqədə ortalama 124 dəfə döyünür. Buna görə də bəzi mistik dini ayinlərdə ifa edilən parçalar 124 ritmdən ibarət olur. Bu bioloji həqiqət zikrdən zənci qəbilələrinə məxsus vuduyadək belədir. Zərb alətinin səsi ilə qəlbin döyüntüsü birləşəndə insan hipnoz olur, huşunu itirir, özündən gedir. Bu gücdən təkcə mistiklər yararlanmır, diskotekalarda da istifadə edirlər. Əlləri yuxarı qaldırır, musiqinin ritminə paralel çılğıncasına rəqs edirlər.

Musiqinin təsir gücü insanın zahiri və batini dünyasında meydana gətirdiyi titrəyişdə gizlidir. Ümumiyyətlə, bütün sənət sahələrinin ümdə amacı insanı müharibə zəminindən uzaqlaşdırıb, sülhə səsləməkdir. Bu isə insanlığı sülhə çağıran nümunəvi əsərlərlə mümkündür. Gözəl bir musiqi əsəri gözəl düşünən, gözəllik axtaran gözəl insanların işidir. Könül dünyasının qapılarını gözəlliklə açırlar. Könülləri musiqi ilə fəth edirlər. Gəlin birlikdə əl-ələ, könül-könülə verib bütün insanlığın qəlbini fəth edərək bizi sülh məşəlinin başına səsləyən bu əsərlərimizə sahib çıxaq.

Mustafa Saatci   [email protected]

 





28.02.2013    çap et  çap et