525.Az

"Türk xalqının birliyi sübut etdi ki..."


 

"Türk xalqının birliyi sübut etdi ki..."<b style="color:red"></b>

Müsahibimiz Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimovdur. 

- Eldar müəllim, qardaş və dost Türkiyədə baş verən məlum 15 iyul hadisələrindən 10 günə yaxın vaxt keçsə belə, hələ də həm Türkiyə, həm Azərbaycan cəmiyyətində ciddi müzakirə mövzusu olaraq gündəmdə qalmaqdadır. Siz bu hadisələr barədə nə deyərdiniz-onu çevriliş, qiyam cəhdi hesab edirsiniz, yoxsa?..

- Həqiqətən də, Türkiyə bizə dost və qardaş ölkədir, biz, ümummilli liderimiz H.Əliyev demişkən "iki dövlət-bir millətik", bizim kimi bu gün dünyada bir-birinə bu qədər yaxın olan ikinci dövlətə  rast gələ bilməzsən. Türkiyənin sevinci bizim sevincimiz, Türkiyənin kədəri bizim kədərimizdir. Türkiyədə baş verən hadisələri də  hər zaman diqqətlə və həssaslıqla izləyirik. Bu baxımdan, iyulun 15-də yaşanan qanlı hadisələri, bir qrup hərbçinin ötən əsrin 60,70 və 80-ci illərində olduğu kimi, dövlətə, qanuni hakimiyyətə qarşı qiyama, çevrilişə cəhd hadisəsini çox narahatlıq və təəssüf hissi ilə izlədik. Türkiyə cəmiyyəti kimi biz də hələ bu hadisənin şokunu yaşayırıq. Çünki çox gözlənilməz və ağlagəlməz bir hadisə idi, kimsə Türkiyədə bir daha belə bir hadisənin yaşanacağını təxmin belə etməzdi. Türkiyə 23 illik AKP hakimiyyəti dövründə çox inkişaf etdi, dünyanın ən inkişaf  etmiş ölkələri sırasında yerini bərqərar etdi. Odur ki, yenidən Türkiyədə hərbi çevrilişə cəhdin yaşanacağı mümkünsüz görünürdü... Ancaq çox təəssüf ki, iyulun 15-i tarixində həm Türkiyə, həm Azərbaycan cəmiyyətini dərindən üzən hadisələr yaşandı. Fikrimcə, tarix çətin ki, 15 iyulda qardaş Türkiyədə baş verən ağır və fəlakətli hadisəni unuda bilsin. Bu, sadəcə mümkün deyil. Türkiyənin bağrına elə bir xəncər saplandı ki, hələ uzun zaman onun yarası qaysaq bağlamayacaq. Qanuni hökuməti, seçilmiş prezidenti devirmək üçün nədən bu qan töküldü? Kimlər bu xəyanəti hazırladı? Təkcə Fətullah Gülənmi ? Bu sualların cavabı hökmən tapılacaq və qəsdə duranların  cəzası hökmən veriləcək. Ordunun içərisindən ayrılan bir hissənin hökumətə qarşı çıxmasına, günahsız insanlara silah qaldırmasına heç bir bəraət, haqq qazandırmaq olmaz. Lakin Türk xalqının birliyi isbat etdi ki, Türkiyəni silahla, bombalarla qorxutmaq, onu təməl prinsiplərindən çəkindirmək mümkünsüzdür...

 - Bəziləri Azərbaycan hakimiyyətini 15 iyul hadisələrinə gec reaksiya verməkdə qınadı. Bu haqda nə deyə bilərdiniz?

- Tamamilə əsassız və həqiqətlə heç bir bağlılığı olmayan cəfəng fikirlər, ittihamlardır. Azərbaycan hakimiyyəti Türkiyədə yaşananlara ən ilk, ən çevik, ən düzgün reaksiya verən ölkə oldu. Çünki bunun əksini gözləmək də mümkün deyil. Azərbaycan dövləti, Azərbaycan hakimiyyəti, Azərbaycan iqtidarı hər zaman bütün məsələlərdə Türkiyə dövləti, Türkiyə cəmiyyəti və onun səs verib hakimiyyətə gətirdiyi qanuni hakimiyyətin yanında yer alıb. Konkret olaraq, Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov mətbuata açıqlama verərək prezident İlham Əliyevin Türkiyədə baş vermiş hadisədən ciddi narahat olduğunu və dövlət çevrilişi cəhdini qətiyyətlə pislədiyini bildirdi.

O, açıqlamasında bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bütün gecə qardaş Türkiyədə baş verən hadisələri həyəcanla izləyib və yaşanan proseslərdən dərin narahatlıq keçirib. "Azərbaycan prezidenti bu hadisəni birmənalı şəkildə dövlət çevrilişi cəhdi kimi qiymətləndirərək qətiyyətlə pisləyib, onu Türkiyə xalqının milli maraqlarına, ölkənin demokratik əsaslarına və hüququn aliliyinə qəsd kimi dəyərləndirib.

Prezident İlham Əliyev Azərbaycanın Türkiyə dövlətinin və xalqının yanında olduğunu, Türkiyə vətəndaşlarının demokratik yolla seçdiyi hakimiyyəti hərtərəfli dəstəklədiyini bəyan edib, bununla bağlı ölkənin müvafiq orqanlarına lazımi tapşırıqlar verib" - deyə, o, sonra bəyan etdi.
 
Bunun ardınca Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov Azərbaycan dövləti və dövlət rəhbərinin qətiyyətli, birmənalı mövqeyini bir daha səsləndirdi, Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan dövlətinin adından rəsmi şəkildə Türkiyədəki çevriliş cəhdini pisləyən bəyanatla çıxış etdi. Bundan aydın, birmənalı mövqe, çevik reaksiya nə ola bilərdi? Və yaxud da, dövlət başçısı özü iyulun 18-də Türkiyə  prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edərək, bir daha Türkiyədə hərbi çevriliş cəhdini qətiyyətlə pisləyərək bəyan etdi ki, Azərbaycan xalqı və dövləti həmişə olduğu kimi, Türkiyə xalqı və dövlətinin yanındadır.

Prezident həmçinin, əminliyini ifadə etdi ki, Türkiyəni bundan sonra da heç bir qüvvə inkişaf və demokratiya yolundan döndərə bilməz. Eyni zamanda, Rəcəb Tayyib Ərdoğan da İlham Əliyevin və Azərbaycan xalqının göstərdiyi qardaşlıq mövqeyini yüksək qiymətləndirərək bildirdi ki, Türkiyə rəhbərliyi ölkədə vəziyyəti normallaşdırmaq üçün bütün lazımi tədbirləri görməkdədir. İndi bundan sonra bu ittihamları səsləndirənlər görəsən nəyə əsaslanıb belə əsassız, gülüş doğuran ittihamlarla çıxış edirlər? Bu adamların məqsədi sadəcə, bulanıq suda balıq tutmaq və ya suyu bulandırmaqdır. Ancaq həmin adamlar bununla heç nəyə nail ola bilməyiblər və ola da bilməzlər. Onların çirkin niyyətləri baş tutmayıb və tutmayacaq. Əslində onların Türkiyədə qiyama cəhd edənlərdən, qanuni hakimiyyəti qeyri-qanuni, zorakılıqla devirməyə çalışanlardan heç bir fərqi yoxdur. Qoy Allah belələrinə ağıl versin!

- Eldar müəllim, Türkiyədə yaşananları 1994-95-ci illərlə Azərbaycanda baş verən hadisələrlə də müqayisə edənlər var.Yəni, daha çox  mərhum dövlət başçısı Heydər Əliyevin həmin vaxt qiyam cəhdlərinin qarşısını necə qətiyyətlə dəf etdiyini, onun xalqa müraciətini, 15 iyul qiyamının qarşısının alınmasında məhz həmin addımlardan yararlanıldığını xatırladanlar da vardı...

- Doğrudan da, Türkiyədə baş verən məlum hadisələr zamanı Azərbaycanda baş verən qiyam, çevriliş cəhdləri mənim də yadıma  düşdü, gözümün önündən gəlib keçdi. Düzdür, o zaman qiyama cəhd edən cinayətkarlar cəzalandırıldı, Ulu Öndər Heydər Əliyevin bir çağırışı ilə on minlərlə vətəndaşımız qanuni hökuməti qorumaq üçün Prezident sarayının qarşısına toplaşdı. Bu da onu sübut etdi ki, ölkəmizdə hakimiyyətin mənbəyi xalqdır və Heydər Əliyevi Azərbaycan xalqı özünə rəhbər seçmişdi. Oxşar hadisələr də Türkiyədə baş verdi və Rəcəb Tayyib Ərdoğanın xalqa müraciəti böyük dəstək qazandı. Bu isə dövlət çevrilişinin qarşısını alan əsas amillərdən biri oldu. Bu baxımdan hesab edirəm ki, qardaş ölkədə demokratiya və hüququn aliliyi tezliklə bərqərar olacaq. Türkiyə Cümhuriyyətinin qurucusu Qazi Müstafa Kamal Atatürkün qurduğu dövlət gələcəkdə daha möhkəm, daha hürr yaşamağa layiqdir. Lakin onun yaratdığı Böyük  Millət Məclisinin göydən bombalanmasını da bu günlərdə ürək ağrısı ilə yad etməmək mümkün deyildi. Bu bombalar qanunun, demokratiyanın, insan hüquq və azadlıqlarının, türk xalqının tələb və istəklərini qoruyan müqəddəs bir ocağın üzərinə atıldı...  Kimlər buna imza atdı, hansı ağılsız başlar buna qərar verdi? İnsanı içindən parçalayan, damarlarında qanını donduran belə iyrənc tərz Türkiyənin tarixinin heç bir  dönəmində baş verməmişdi. Burada sıravi Türk əsgərinin günahlandırılması, toplum şəklində Türkiyənin bütün Silahlı Qüvvələrinin bəzi provakasion  hədəflərə məruz qoyulması qəbuledilməzdir... Ancaq inanıram ki, Türkiyə bu günləri də keçib gedəcək və öz sabitliyinə tam qovuşacaq, demokratiyanın, insan haqlarının, hüququn üstünlüyü qalib gələcək...

KAMİL

 





26.07.2016    çap et  çap et