525.Az

Pedaqoji Universitetdə baza məktəbi ilə bağlı tədbir - Fotolar


 

Pedaqoji Universitetdə baza məktəbi ilə bağlı tədbir - <b style="color:red">Fotolar</b>

Təhsil naziri Mikayıl Cabbarov iyulun 20-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) baza məktəbi barədə əmr imzalayıb.

İyul ayının 27-də ADPU-da universitetin rektoru, professor Cəfər Cəfərovun rəhbərliyi ilə təhsil nazirinin bu əmrindən irəli gələn vəzifələrin həlli ilə bağlı tədbir keçirilib.
 
Universitetin Mətbuat və informasiya şöbəsinin məlumatına görə, tədbirdə ADPU-nun prorektorları, fakültə dekanları, dekan müavinləri, aparıcı kafedraların müdirləri, struktur bölmələrinin rəhbərləri, mütəxəssislər, Bakı şəhərindəki Məmməd Rahim adına 7 nömrəli tam orta məktəbin rəhbərliyi, müəllimləri və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri ştirak ediblər.

ADPU-nun rektoru, professor Cəfər Cəfərov tədbiri giriş sözü ilə açaraq təhsil nazirinin əmrini iclas iştirakçılarının diqqətinə çatdırıb.

Rektor bildirib ki, əmrdə ümumi təhsil sahəsində nəzəri ideyaların, pedaqoji yeniliklərin və innovativ layihələrin təcrübədə reallaşdırılması, tələbələrin pedaqoji bacarıqlarının formalaşdırılması üzrə eksperimentlərin aparılıb nəticələrin qiymətləndirilməsi və müvafiq inkişafyönlü təkliflərin hazırlanması istiqamətində pedaqoji ali məktəblərlə ümumi təhsil müəssisələrinin işgüzar əməkdaşlığının təmin olunmasına etibarlı zəmin yaratmaq məqsədilə Bakı şəhərindəki Məmməd Rahim adına 7 nömrəli tam orta məktəbin 2016-2017-ci tədris ilindən etibarən ADPU-nun baza məktəbi hesab edilməsi müəyyən olunub. Əmrdə ADPU-nun və Bakı şəhərindəki Məmməd Rahim adına 7 nömrəli tam orta məktəbin rəhbərliyinin birlikdə həyata keçirilməsi nəzərdə tutulan pedaqoji eksperimentləri və qarşılıqlı əməkdaşlığın perspektiv istiqamətlərini əhatə edən Fəaliyyət planını hazırlayıb yerinə yetirilməsini təmin etmələri, əmrlə əlaqədar müəssisələrin nizamnamələrində müvafiq dəyişikliklər aparmaları, görülmüş işlər barədə hesabatlar hazırlayıb Nazirliyin rəhbərliyinə təqdim etmələri və digər məqamlar öz əksini tapıb. Rektor qeyd edib ki, bu əmrin verilməsi ölkəmizdə ardıcıl şəkildə həyata keçirilən təhsil islahatlarının, eləcə də yüksəkixtisaslı pedaqoji kadrların hazırlanması prosesinin tərkib hissəsidir və nəticə etibarilə təhsilin keyfiyyətinin

yaxşılaşmasına xidmət edir. Rektor bu əmrin verilməsinə görə təhsil naziri Mikayıl Cabbarova təşəkkürünü bildirib.

C. Cəfərov çıxışı zamanı deyib ki, bugünkü tədbirin keçirilməsində məqsəd əmrin icrası ilə bağlı üzərimizə düşən vəzifələri müəyyənləşdirmək, Fəaliyyət planının hazırlanması üçün təkliflər verməkdir. ADPU-nun filialları və ADPU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan Dövlət Pedaqoji Kolleci də Məmməd Rahim adına 7 nömrəli tam orta məktəblə sıx əməkdaşlıq etməli, bu prosesin fəal iştirakçısı olmalıdır. Biz bütövlükdə ADPU-dakı fəaliyyətimizi qabaqcıl dünya təcrübəsinə uyğun qurmalı, yeni təşəbbüslər, təkliflər, mütərəqqi ideyalar irəli sürməliyik. ADPU-nun professor-müəllim heyətinin bu vəzifəni həyata keçirməsi üçün yüksək potensialı var və bu potensial yeniləşməyə, müasirləşməyə yönəlməlidir. Bunu bizdən ölkə rəhbərliyi, həmçinin ümummilli və dövlət maraqlarımız tələb edir.

Tədbirdə ADPU-nun Elmi işlər üzrə prorektoru, professor Asəf Zamanov, Tərbiyə işləri üzrə prorektoru, professor Fikrət Rzayev, ADPU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov, Fizika və texnologiya fakültəsinin dekanı, professor Mirzəli Murquzov, Filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov, Riyaziyyat və informatika fakültəsinin dekanı, dosent Maqsud Nəcəfov, Magistratura və doktorantura şöbəsinin müdiri, professor İbrahim Bayramov, Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müdiri, professor Əzizxan Tanrıverdiyev, Ümumi pedaqogika kafedrasının müdiri, professor İramin İsayev, İbtidai təhsilin pedaqogikası və metodikası kafedrasının müdiri, dosent Yaqut Rzayeva, Fizikanın tədrisi metodikası kafedrasının müdiri, dosent Rasim Abdurazaqov, Məktəbəqədr təhsilin pedaqogikası və metodikası kafedrasının müdiri, dosent Müseyib İlyasov, “İKT, Monitorinq və Qiymətləndirmə Mərkəzi”nin direktoru, dosent İlham Əhmədov, Fizika və texnologiya fakültəsinin dekan müavini, dosent Xankişi Məmmədov, Məmməd Rahim adına 7 nömrəli tam orta məktəbin direktoru Könül Həsənova və başqaları çıxış edərək qarşılıqlı işgüzar əlaqələrin qurulmasının vacibliyini bildiriblər. Çıxış edənlər baza məktəbin mahiyyəti, funksiyaları, qarşılıqlı fəaliyyətin forma və istiqamətləri, bu qarşılıqlı əməkdaşlıq zamanı əsas hədəflərin müəyyən edilməsi, orta məktəblə ali məktəb arasında varisliyin qorunması, gənclərin peşəyönümü ilə bağlı işin qurulmasının zəruriliyini önə çəkiblər.

Onlar eyni zamanda, Məmməd Rahim adına 7 nömrəli tam orta məktəbin qabaqcıl müəllimlərinin ADPU-nun kafedralarının iclas və seminarlarında iştirak etmələri, paralel olaraq universitetin tanınmış və nüfuzlu müəllimlərinin bu məktəbin Pedaqoji Şuralarının və metodşuralarının iclaslarında iştirakı, adıçəkilən orta təhsil müəssisəsində ustad dərsləri keçmələri, birlikdə proqram və metodik vəsaitlərin hazırlanması, müsabiqələrin, olimpiadaların, elmi-praktik konfransların, respublika və beynəlxalq miqyaslı konfransların və digər tədbirlərin keçirilməsi, tədris proqramlarının kurikulum əsasında yenidən yazılması, müştərək elmi-tədqiqatların aparılması, universitetin alim-mütəxəssisləri tərəfindən məktəbin müəllimləri üçün elektron dərsliklər, elektron lövhələr hazırlanması, qarşılıqlı dərs prosesinin təşkil olunması, pedaqoji təcrübənin daha səmərəli qurulması, şagirdlərdə müəllim peşəsinə marağın yaradılması, gənclərin kreativ düşüncə tərzinin formalaşması, innovativ orta məktəb modelinin yaradılması və birgə həyata keçirilən tədbirlərin mediada işıqlandırılması təkliflərini irəli sürüblər.

Rektor C.Cəfərov tədbirə yekun vuraraq səslənən bütün fikir və təkliflərin qarşılıqlı fəaliyyət zamanı hər iki tərəf üçün faydalı olacağını, qarşıya qoyulan hədəflərə nail olunmasına səmərəli təsir edəcəyini bildirərək bu işə sistemli və kompleks şəkildə yanaşmanın vacibliyini vurğulayıb. İclasda hər iki təhsil müəssisəsinin nümayəndələrindən ibarət işçi qrupunun yaradılması qərarı alınıb.

 





28.07.2016    çap et  çap et