525.Az

Hərb və dövlətçilik tariximizdə möhtəşəm bir imza


 

KƏNGƏRLİ SÜLALƏSİNİN DÖRDÜNCÜ GENERALI HÜSEYN XAN NAXÇIVANSKİNİN ÖMÜR VƏ FƏALİYYƏT YOLU HAQQINDA QEYDLƏR

Hərb və dövlətçilik tariximizdə möhtəşəm bir imza<b style="color:red"></b>

(Əvvəli ötən sayımızda)

Rus-yapon müharibəsində Landunqou kəndinin yaxınlığında Hüseyn xan Naxçıvanski göstərdiyi rəşadətə görə Rusiya ordusunun ən ali hərbi ordeninə - dördüncü dərəcəli "Müqəddəs Georgi" ordeninə layiq görülür.

"Müqəddəs əzabkeş və qalib Georgi" ordeni-çar Rusiyasında 4-cü dərəcəli hərbi ordeni - 1760-cı ildə II Yekaterina təsis etmişdir. Bu ordenlə əsasən general və zabit heyəti, həmçinin hərbi hissələr təltif olunurdu. 1913-cü ildən bu orden "Georgi Xaçı" adlandırıldı.

17 dekabr 1905-ci il qəhrəmanımızın taleyindən qırmızı xətt kimi keçir. Bu ordenin sahibləri Rusiya zadəganlığının qanuni varisi sayılırdılar. Rusiya tarixşünaslığında bu ordenin tədqiqinə dair maraqlı monoqrafiyalar yazılıb. Onlardan birini də ("Qeorqievskie kavalerı - azerbaydjançı") Rusiyada yaşayan azərbaycanlı tarixçi-tədqiqatçı E.E.İsmayılov qələmə alıb.

Hüseyn xan Naxçıvanskinin Yaponiya müharibəsində göstərdiyi qəhrəmanlıqlar V.A.Pottonun tərtib etdiyi "Əlahəzrətin Nijeqorod Draqun polkunun tarixindən" çoxcildliyində böyük məhəbbətlə vəsf edilib: "Polk komandiri Komstadiusun yerinə 24 noyabr 1905-ci ildə polkovnik Hüseyn xan Naxçıvanski təyin edilib. O, bizim tariximizdə məşhur olan Ehsan xan Naxçıvanskinin varisidir..."

Müharibə qurtarandan sonra Hüseyn xan 14 fevral 1906-cı ildə 44-cü Nijeqorod Draqun polkunun komandiri vəzifəsinə təyin olunur.

1906-cı il martın 21-dən aprelin 29-dək Peterburqda ezamiyyətdə olan Hüseyn xan Qafqaz Süvari Briqadasının nümayəndə heyətini imperatora təqdim etmək üçün hazırlıq görür.

V.A.Potto davam edərək yazır: "Əlahəzrət imperatorun icazəsi ilə Peterburqa gələn nümayəndə heyətindəkilər: polkun komandiri Xan Naxçıvanski, podpolkovnik Qlonti, rotmistrlər Kobiev və Kusov, polk komandirinin yavəri ştabs-rotmistr knyaz Trubeçkoy, poruçik Den və knyaz Çavçavadze. Nümayəndə heyətinin qəbulu 5 aprel 1906-cı ildə Çarckoye Seloda oldu...

Hökmdar Nijeqorod polkunun geyimində həyat yoldaşı ilə birlikdə heyətin qarşısına çıxdı. Onun qucağında balaca varisi var idi. Polk komandiri şahzadə üçün hazırlanmış miniatür nijeqorodçu mundiri (hərbi paltarı - müəllif) balaca varisə gətirdi. Mundir bayramsayağı bəzədilmişdi. Süngü isə balaca idi - Şahzadəyə gətirilən digər süngü isə Xan Naxçıvanskiyə məxsus əsl döyüş süngüsü idi. Əla, qədim tiyəsi vardı. Hökmdar ehtiramla gətirilənləri qəbul etdi, nijeqorodçulara xanımı və varisi adından təşəkkür etdi və polkun komandirinə dedi: "Bugünkü gündən xatirə olaraq sizi mən fligel-adyutant təyin edirəm". O, komandiri qucaqladı və üzündən öpdü...

8 aprel 1906-cı ildə Hüseyn xan Naxçıvanski fligel-adyutant təyin edilməklə bərabər, həm də 44-cü Nijeqorod Draqun polkunun komandiri vəzifəsini daşımaqla hərbi fəaliyyətini davam etdirirdi.

4 iyul 1906-cı ildə saray qvardiyasının Süvari polkuna komandir Hüseyn xan Naxçıvanski təyin olunmuşdur.

20 iyul 1907-ci ildə Hüseyn xana general-mayor hərbi rütbəsi verilir. 6 dekabr 1910-cu ildə birinci dərəcəli "Müqəddəs Stanislav" ordeni ilə təltif edilən Hüseyn xan Peterburq hərbi dairəsinin sərəncamına göndərilir. Burada müxtəlif hərbi təlimlərdə olan Xan Naxçıvanski 18 aprel 1912-ci ildə Əlahiddə Birinci Süvari Briqadasının rəisi təyin olunur. Onun bu illərdə çəkdiyi zəhmət yenə öz bəhrəsini verir. 6 dekabr 1913-cü ildə onu birinci dərəcəli "Müqəddəs Anna" ordeni ilə təltif edirlər. Hüseyn xan Naxçıvanskiyə hərbi xidmətdə fərqləndiyindən 16 yanvar 1914-cü ildə general-leytenant rütbəsi verilir. O, İkinci Süvari Diviziyasına rəis təyin edilir və bu diviziya ilə Birinci Dünya müharibəsində döyüşə yollanır. 13 oktyabr 1914-cü ildə Hüseyn xan Naxçıvanskiyə İkinci Süvari Korpusunun komandiri vəzifəsi tapşırılır. Bu korpusun tərkibinə 12-ci Süvari Diviziyası da daxil edilmişdi. 12-ci diviziyaya əvvəlcə general A.M.Kaledin, sonralar general, baron Karl Qustav Mannerheym komandirlik edirdi. Qafqaz Yerli Süvari Diviziyası da general-mayor böyük knyaz Mixail Aleksandroviçin komandirliyi ilə bu korpusun tərkibində uğurla döyüşürdü.

22 oktyabr 1914-cü ildə çarın fərmanı ilə Hüseyn xan Naxçıvanskiyə üçüncü dərəcəli "Müqəddəs Georgi" ordeni verilir. Şərqi Prussiyada apardığı uğurlu hərbi əməliyyata görə Hüseyn xan ikinci dəfə bu yüksək ali hərbi ordenin kavaleri olur.

1 may 1915-ci ildə Hüseyn xan "Ağ Qartal" ordeni ilə (qılınclarla birlikdə) təltif edilir. Bu ordeni alan kavaler ən azı general-mayor olmalı idi.

Həmin ilin 1 iyununda Hüseyn xan Naxçıvanski Əlahəzrətin yavəri təyin edilir. Oktyabrın 25-də Qafqaz canişini və Qafqaz ordusunun baş komandanı, böyük knyaz Nikolay Nikolayeviçin sərəncamına göndərilir. Rusiya ordusunu Sarıqamış və Ərzurum döyüş əməliyyatlarında məğlubiyyətdən Hüseyn xan Naxçıvanski xilas edir.

23 yanvar 1916-cı ildə Hüseyn xan Naxçıvanskiyə tam süvari generalı rütbəsi verilir və o, 9 aprel 1916-cı ildə Qvardiya Süvari Korpusunun komandiri təyin edilir.

1917-ci ildə Hüseyn xan Naxçıvanski əvvəlcə Kiyev qərargahında, həmin ilin 23 iyunundan isə Petroqrad (indiki Sankt-Peterburq) hərbi dairəsində ehtiyatda olan hərbçi kimi qeydə alınır.

Bu məsələni də qeyd etmək yerinə düşərdi. 1917-ci ildən sonra Naxçıvanın Kəngərli sülaləsindən Rusiya ordusunda olan hərbçilər, Hüseyn xan Naxçıvanskinin ciddi tapşırığı ilə Azərbaycanın və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanın müdafiəsinə gəlmiş və qəhrəmanlıqla erməni daşnaklarına qarşı döyüşüb onları məğlub etmişlər. Özünə isə Naxçıvana gəlməyi imkan vermədilər. Onu Petroqradda həbs etdilər.

1919-cu ilin yanvarında Hüseyn xan Petroqradda qırmızı bolşeviklər tərəfindən     güllələnmişdir.

Hüseyn xan Naxçıvanski 1889-cu ildə Sofiya Nikolayevna Taube ilə ailə qurmuşdur. Onun arvadı Sofiya Nikolayevna (1864 Peterburq - 1941 Beyrut) məşhur şair, tərcüməçi və naşir Nikolay Vasilyeviç Herbelin qızıdır. Sofiya Taube mühacirətdə dünyasını dəyişmişdir. Onların izdivacından iki oğlu və bir qızı dünyaya gəlmişdir: Nikolay xan (1891 Peterburq -1912 Peterburq), Tatyana xanım (30.06.1894 Peterburq - 3.05.1972 Nitsa, Fransa), Georgi xan (29.12.1889 Peterburq - 8.05.1948 Beyrut, Livan). Onların varisləri indi də Naxçıvanski soyadını daşıyırlar.

20 il Süvari polkunda xidmət etmiş və bütün döyüşlərdə döyüşən ordunun ön sıralarında olan Hüseyn xan Naxçıvanskinin qəhrəmanlığı haqqında hələ çar Rusiyasında onlarla əsərlər yazılmışdır. Təəssüflər olsun ki, Sovet hakimiyyəti illərində ancaq bəzi kitabçada və ensiklopedik nəşrlərdə onun haqqında ötəri məlumat verilib.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra qəhrəman eloğlumuz Hüseyn xanın həyatı və hərbi fəaliyyəti geniş tədqiqata cəlb edilib. Hərbi tədqiqatçılar Ş.Nəzirlinin, F.Nağdəliyevin və digərlərinin yazdıqları əsərlərdə böyük sərkərdənin döyüş hünərlərindən ətraflı söhbət açılsa da onun haqqında mükəmməl əsər - Hüseyn xan Naxçıvanski haqqında hekayət - Rusiya qafqazşünası və tarixçisi R.İvanov tərəfindən yazılmışdır. R.N.İvanovun yazdığı "Qeneral-Adyuntant Yeqo Veliçestva" (Moskva, 2006) adlı 368 səhifəlik kitab azərbaycancaya da tərcümə olunub. ("Əlahəzrətin general-adyuntantı", Naxçıvan: 2008).

Yazılanların hamısını öyrəndikcə hiss edirsən ki, görkəmli sərkərdənin Qafqazdakı hərbi fəaliyyətinin də əhatəli tədqiqinə ehtiyac vardır. Bütövlükdə qəhrəman sərkərdənin həyatına və hərbi fəaliyyətinə dair mükəmməl monoqrafiyanın da yazılması çox vacibdir.

2013-cü il iyulun 28-də görkəmli sərkərdə Hüseyn xan Naxçıvanskinin anadan olmasının 150 illiyi tamam olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı əsasında Hüseyn xanın yubiley tədbirləri bütün rayonlarda hərbi hissələrdə və Naxçıvan şəhərindəki qarnizonda təntənəli surətdə qeyd edilmişdir. Təpədən-dırnağa qədər vətənpərvər, cəsur, sədaqətli döyüşçü olan sərkərdəmizin bütün yüzilliklərdə nəsillərə nümunə olacaq həyatı və fəaliyyəti vardır.

Rusiyanın hərbi tarixşünaslığı ilə tanış olan hər kəs bilir ki, ali mükafatlar ən yaxşı xidmətə və cəsurluğa görə verilir. Cəsur döyüşçü son nəfəsinədək içdiyi hərbi anda sadiq qalıb. İgidlər-igidi, döyüş cəbhələrində göstərdiyi çoxsaylı qəhrəmanlıqları ilə öyündüyümüz tam süvari generalı Hüseyn xan Kalbalı xan oğlu Naxçıvanski Rusiya imperiyasının ali hərbi ordenləri ilə yanaşı, Rumıniyanın, Bolqarıstanın, İranın, Avstriyanın, Macarıstanın və Çernoqoriyanın da yüksək dərəcəli ordenlərinin sahibidir, hərbi dillə desək, kavaleridir. Özünün xüsusi hərbi istedadı, yüksək əxlaqı, səmimiliyi, xeyirxahlığı, dəmir iradəsi və tələbkarlığı ilə seçilən Hüseyn xan Naxçıvanski Rusiya ordusunda və imperator sarayında yüksək nüfuz sahibi olmuş yeganə Azərbaycan türküdür.

Hüseyn xan Naxçıvanski ulu əcdadları kimi içdiyi hərbi anda sadiq qaldı. Onun hərbi fəaliyyəti və Vətənə sonsuz məhəbbəti gəncliyə daim nümunə olacaq.

Musa RƏHİMOĞLU (QULİYEV)
AMEA Naxçıvan Bölməsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru

 





29.07.2016    çap et  çap et