525.Az

Söz - (Esse)


 

Söz - <b style="color:red">(Esse)</b>

Qədimdə deyirdilər ki, “söz əməlin obrazıdır”. Yəni söz işin başlanğıcıdır.

Əlbəttə, “əvvəlcə söz olub” fikri metafizik xarakter daşıdığından, “obraz” olduğundan yerüstü işlərin başlanğıcı kimi qəbul edilməməlidir. Çünki “obraz sirdir, ondan hansısa nəticə çıxarmaq, onu interpretasiya etmək mümkün deyil, baxmayaraq ki, simvolu hallandırmaq olur”. Söz obrazdır, simvol deyil! Sözün yaşaması üçün onu əməllə məzmunlandırmaq lazımdır “fəlsəfə sözdə deyil, əməldədir”.

Bəzən biz “torpağı diriltmək üçün onu öldürmək lazımdır” fikrindəki “öldürmək” sözünü çox çılpaq, olduğu kimi qəbul edirik və nə pis ki, bu metodla irəliləyərək sözü “yaşatmaq” üçün, onu “öldürürük”....Sözlər hisslərin qəbirləridir. Hisslər ölərkən, yaxud məzmunlarını dəyişmək anında sözə çevrilirlər - canlı sözə. Yəni hiss ikinci həyatını - söz həyatını yaşamağa başlayır. Həm də söz məqsəd deyil, vasitədir. Məqsəd əməldir! Ona görə də sözdə məqsəd görəndə, nəticəsi xeyirsiz əməl olur və əksinə, xeyirə xidmət etməyən əməldən yalnız ölü söz yaranır.

Babil rəvayətini xatırlayaq: “Hər şeyi bilən” insanlar Allahı görmək üçün qüllə tikmək qərarına gəlirlər. Qüllə ucaldıqca elə düşünürlər ki, Allaha yaxınlaşırlar. Yaradan sözü düzgün anlamayan adamların əməllərinə heyfslənib onlara müxtəlif dillər göndərir. O zamandan Allahı görmək, onunla danışmaq istəyən bəşər indiyə kimi bir-birinin dilini anlamağa çalışır.

“Allah hər yerdədir”. Müxtəlif dilli insanlar bir-birinin dilini biləndə, o dildə düşünəndə İlahi özünü “göstərir” - kitab şəklində, musiqi şəklində, rənglərdə, xeyir əməl şəklində. Adamlar isə yenə də inanmırlar, çünki biz büt yaratmağı çox sevirik. Büt qorxulu deyil, onu istədiyin vaxt sındıra bilərsən. Allah qorxuludur, çünki O görünmür. Bəlkə də elə buna görə insanlar sözlə, musiqiylə, rənglə danışa bilməyəndə, qorxudan, müharibələr başlayır - din uğrunda, soyuq, isti və hətta “insan azadlığı və sülh naminə” müharibələr!

Bir neçə dəqiqədən sonra öləcəyini bilən və yenə də “niyə” sualı haqda düşünən qədim müdrik sözü görürdü - “insan, danış, mən səni görüm”. Yəni, canlı söz görünür. “Söz müxtəlif keyfiyyətlərə malikdir, - onun istisi, soyuğu, ətri, hərəkəti, rəngi, musiqisi, ruhu var”. İnsan kimidir söz, təkcə əməlin deyil, həm də insanın obrazıdır.

“Allah insanı özünə bənzər yaratdı”. Demək, söz həm də Allahın obrazıdır - sirridir.

Bir hədisə görə, Məhəmməd peyğəmbər (s.ə.s) ölüm yatağında ikən qızı Fatimənin (ə.s.) hıçqırıqlarını eşidib soruşur: “Qızım, niyə ağlayırsan?”. “Sənin mübarək simanı bir daha görməyəcəyəm” deyə qızı cavab verir. Peyğəmbər (s.ə.s) Əlini (ə.s.) çağırıb deyir: “Mənim şəklimi sözlə yaradın ki, insanlar o sözləri oxuyub məni görə bilsinlər”. Məlumdur ki, islam aləmində insan surətinin yaradılması qadağandır. Uzaqgörənliklə qoyulmuş “qadağaya” - insansevərliyə heyrətlənməyə bilmirsən - canlı sözü söyləyir, hər kəs deyilən sözün obrazını, şəklini yaradır və yeni ştrixlərlə o obrazı inkişaf etdirir, şəkil isə konkretdir. Hamı onu eyni cür, eyni xətlərlə, cizgilərlə görür, bu isə birgörümlülüyə, eyni fikirliliyə, pərəstişə gətirib çıxarır. Yəni İslam bu qadağasıyla əslində bütpərəstliyin ziyanlı olduğunu sübut etməklə yanaşı, həm də insanları populyarlıq xəstəliyindən, “kumir” olmaq istəyindən, öləri insanın bütləşdirilməsindən qaçmağa səsləyir - həmişə yeni təxəyyül, yeni forma və axtarış tələb edir adamlardan...

Müasir dövrdə söz daha çox informasiyadır. İnformasiya - hər adamın danışa bilməsi, danışmaq istəməsi, danışdığını hamının eşitməsi iddiası! Mən danışmaq istəyirəm, istəyirəm, danışdığımı bütün dünya görsün, mən istəyirəm, dediklərimlə bütün dünya həmrəy olsun, ən avantürist halda mənimlə mübahisə etsinlər (çünki dediyim sözlərin düzgünlüyünə özüm də inanmıram).

Məlumdur ki, informasiya hadisənin səbəblərini, məğzini deyil, yalnız görünən tərəfini təsvir edir. O da məlumdur ki, göz aldadıcıdır. Və bu baxımdan informasiya obyektiv xarakter daşıyır. “Düzgünlük, həqiqilik və obyektivlik deyil, qərəzsiz subyektivlikdir”. Və düşünürəm, görəsən, hansı münasibət, hansı hərəkət ola bilər və ümumiyyətlə, qərəzsiz hər hansı cəhd varmı?!

Çox zaman adamların danışmaq, yazmaq istəyi “bildiyini” ondan başqa heç kimin bilmədiyi əminliyindən doğur. Əslində isə xəbərsizliyini bilmir. Heç nə bilmədiyini anlayırkən Sözü duymağa başlayırsan. Bu isə adama dediyi sözlər, elədiyi əməllər qarşısında məsuliyyət daşımağın nə olduğunu hiss etdirir.

“O yerə çatıbdır indi elmim ki,
Anlayıb bilmişəm hələ nadanam”. 

Bundan sonra ruhi qadağa ilə qarşılaşırsan: “Görəsən, mənim yazmağa ixtiyarım varmı?”, “Mənim düşüncələrim xeyirə xidmət edirmi?” və s. bu kimi cavabsız suallar...

Görünür, “insanı insan edən daha çox onun susmağıdır, nəinki danışmağı” fikrini söyləyənlər heç vaxt səhv etməyiblər, çünki “İnam istəyirsənmi? Biliyi unut”.

Yaxud “inam məsələlərində hər bir qarı istənilən filosofdan çox bilir”.

İnsan fəaliyyətinin hər bir növünü həm peşə adlandırar, həm də onu sənət səviyyəsinə qaldıra bilər. Yəni sənətlə peşənin fərqi ondadır ki, sənətin qəlbi var, sənət düşünür və yalnız buna görə də düşündürür. Peşə isə maddidir, aktualdır, ötəridir. Məsələn, yazıçılıq həm peşədir, həm də sənətdir. Detektivlər, söz yığınları bazara aparır və beləliklə, peşə səviyyəsində qalır. Amma yazıçının iş aləti təkcə qələm deyil (indi isə kompüter), əsas “material” sözdür. Söz demək, Söz yazmaq, Düşündürmək isə yalnız İnsana verilmiş imtiyazdır. Ona görə də onu peşəyə çevirmək olmaz! Pis kitablar yazıb pul qazanmaq çox böyük günahdır. Quranda deyildiyi kimi: “Vay o kəslərin halına ki, öz əllərilə (istədikləri kimi) kitab (Tövrat) yazıb, sonra (onun müqabilində) bir az pul almaqdan ötrü: “Bu Allah tərəfindəndir!” - deyirlər. Öz əlləri ilə (təhrif olunmuş) kitab yazdıqlarına görə vay onların halına! Yazdıqları şey üçün vay onların halına!”.

Bir yazıçıdan soruşurlar: “Siz öz qələminizlə dolanırsınız?” Cavabında söyləyir: “Mən çalışıram, ədəbiyyat yazım, əsl ədəbiyyat isə heç vaxt adamı “dolandırmayıb”. Yaxşı ədəbiyyat ruh üçündür, onun bazarı olmur və əgər hansısa yazı çoxlu pul gətirirsə, deməli, o yazının xarakteri haqqında düşünmək lazımdır”.

Həqiqi incəsənət (sənət) - həmişə gələcək nəsillərə ünvanlanmış sualdır. Cavabı olan sual xüsusilə, faciəyə, sual doğura bilməyən “sənət” isə komediyaya gətirir. Əgər nəzərə alsaq ki, faciə və komediya, necə deyərlər, medalın iki üzüdür, onda medalın hazırlandığı metal haqda düşünməyə məcbur olursan.

Məlumdur ki, dünyanın əvvəlini hərə bir şeydə görür: “Dünyanın əvvəli “torpaqdır”, “sudur”, “oddur”, “havadır”, “hər şey rəqəmdir”, yaxud “əvvəlcə söz olub”, “əvvəlcə musiqi olub”, “əvvəlcə əməl olub” və s. və i. a.

İnsanlar əvvəl haqda danışa bilmirlər, bu haqda xatırlamağı xoşlayırlar, çünki hamımızın aqibəti xatırlamadır. Hər hansı hadisə haqda yazmaq artıq keçmiş, əvvəl barədə yazmaqdır. Yəni mən indi, bu dəqiqə oturub ən yaxşı halda bir dəqiqə əvvəl barədə yaza bilərəm, yaxud, bu dəqiqə, indi həqiqət deyil, indi gələcəkdə həqiqət ola bilər. 

Keçmiş + indi + gələcək = zaman.

“Zaman nədir?” Məndən soruşmayanda mən zamanın nə olduğunu bilirəm. Elə ki, soruşurlar, çaşıb qalıram”.

Düşünürəm ki, zaman anlayışı bəşərin yaddaşından başlayır. Orta əsr rəvayətini xatırlayıram: “Bir ölkənin çox ağıllı elçisi digər ölkədə şahın qonağı olur. Öz vəzirinin müdrikliyilə öyünən ev sahibi ona müraciətlə - vəzir, qonağımızın sualına cavab ver, sən axı hər şeyi bilirsən” - deyir. Vəzir cavabında “şahım, hər şeyi hamı birlikdə bilir, hamı isə hələ anadan olmamışdır” - söyləyir.

Bəli, hər şeyi hamı birlikdə bilir. Yəni zaman əslində ilk adamdan bu günə qədər yaşayanların və bundan sonra yaşayacaq bütün yaradılanların birlikdə yaddaşıdır. Və nə yaxşı ki, bu belədir.

Rafiq HƏŞİMOV
30 iyul 1999-cu il

 





01.08.2016    çap et  çap et