525.Az

Səmimiyyət aşiqi, Vətən sevdalısı


 

Səmimiyyət aşiqi, Vətən sevdalısı<b style="color:red"></b>

Deyilənə görə, akademik Aleksandrov (SSRİ EA-nın sabiq prezidenti), akademik Yakovlevə (Sov.İKP MK-nın sabiq katibi) deyibmiş: “Uzunluğu verilən əyrinin  uzunluğuna bərabər olan düz xətt parçasına bu əyrinin açılışı deyilir.

Açılmış zahirin düz görünsə də, için əyridir”. Hiddətlənən Yakovlev  xəbər alıb ki, bəs sənin haran əyridir? Akademik  Aleksandrov MK katibinin  sözünü belə  kəsib: “Mən Qaus əyrisiyəm! Ehtimalın normal paylanma əyrisi!”.

Növbəti  müşavirələrin birində  Yakovlev  akademik Aleksandrova irad tutub ki, sənin şübhələrin  həmişə əsassız olub. Akademik  özünəməxsus təmkinini pozmadan  “Yenidənqurmanın  memarına” belə cavab verib: “Əsassız olsaydı çoxdan  uçmuşdular. Əksinə, mənim şübhələrim  sənin inamından əsaslıdır. Ona görə də  qorxutmur səni. Niyə də qorxutsun?! Əminsən ki, uçan deyil, altında qalasan”.

Görkəmli Azərbaycan alimi, akademik Midhət Abasovun ömür yolu, sözün həqiqi mənasında,  akademik Aleksandrovun dediyi Qaus əyrisidir! Ehtimalın normal  paylanma əyrisi! Vətəndaş  ehtimalının, ziyalı  ehtimalının, müəllim ehtimalının  normal paylanma əyrisi!

Midhət müəllim öz  ömrü ilə çoxlarına sübut  edə bilərdi ki,  hər bir insanın  içindəki şübhələr, çölündəki inamından  əsaslıdır. Ona görə də akademik Abasov heç zaman haqqı nahaqqa vermədi.  Doğrudur, arabir onun ürəyindən  qənşərdəki “dəmir-beton kəllə sahiblərini” taranlamaq da keçib. Lakin həmən düşünüb ki, taran getmək hər iki tərəfin məhvi deməkdir. Bu dünyada taranlamaq uduzana yaraşır. Məhv olub məhv eləmək, məhv olub məhvə getmək insanlıq yolu deyil. Özü həmişə deyərdi ki,  bax bu cür düşüncə, bu sayaq məntiq peşəkar  ağayanalıq, peşəkar  mənəviyyat,  peşəkar əxlaq sayılmalıdır. Midhət müəllimin  ömür kitabının hər sətrini oxuduqca  çəkdiyi insanşünaslıq  sərgisinin  hər bir  əsərini  seyr etdikcə, bir daha məlum olur ki, bu ömür kitabının  və həyat  sərgisinin  səbəbkarını, onun cismini və ruhunu  bu qoca dünyada  hər hansı  bir işin maddi  cəhətdən mənfəətdar  olması və yaxud  olmaması  qətiyyən  düşündürməyib. Çünki akademik Abasov daima özünü öz ruhundakı sentimentdən  qoruyub.  Rəhmətlik  həmişə deyərdi ki, sentimental adamları həm ucuz satmaq olur, həm ucuz almaq. Sonra da əlavə edərdi ki, sentimental  göz yaşları  teatral göz yaşlarıdır.  Yaylığında qlesirin ətri var.  Özü demişkən, tənasübsüzlük, uyğunsuzluq, əndazəsizlik və həqiqi tən gəlməmək, ağlasığmazlıq, mənasızlıq onun qəlbini üzəndə  belə Midhət müəllim insana və  insanlığa tapınırdı. Çünki onun güvəndiyi  mənəviyyat  və ləyaqət  işığı idi!

Bəli, akademik Abasovun kamilliyi  bu zirvədə daha  gözəl  görünürdü. Dünən də, bu gün də, hətta sabah da Yer  üzündə baş verən dəhşətləri faş eləmək  dönüş nöqtəsi, qiymət  şkalası, əxlaq kriteriyası əldə etmədən mümkün deyil. Çünki dünyanın bütün siyasi, iqtisadi və sosial  problemləri  şəxsiyyətlərin və peşəkarların mənəviyyat işığına  möhtacdırlar. Nəyə və kimə lazım o təkamül və təfəkkür  ki, onun inkişafının maddi tərəfi  mənəvi  tərəfini  üstələyir?

Görkəmli alman filosofu Albert Şveyserin ən kamil  tədqiqatlarından biri  budur ki,  təbiət insana  mənəviyyat dərsi  keçmir. Çünki bu nəhəng  və mürəkkəb  kainat  xeyir və şər  nədir bilmir. Təbiətin qoynundakı  yırtıcı da, bu yırtıcının  şikarı da  ümumi bioloji qanunlara tabedir. Əgər antik dünyada Sokrat qədər yunan  müdrikləri həyatın baş oriyentirini kosmosun qanunlarında axtarırdısa, Sokrat təntənə ilə bildirdi ki, özümüzü dərk edək. Bu hərəkəti ilə Sokrat təbiət  aləmindən  mənəviyyat aləminə ilk addım atdı. Midhət müəllimi bizlərə  sevdirən əsas səbəblərdən biri  budur ki, onun zəngin  təbiət aləmi  daima  müdrik  mənəviyyat  aləmində  addımlayıb. Doğrudur, Midhət müəllimin  elmindən  və təcrübəsindən  faydalanan insanların  eləsinə də rast  gəlmişik ki, onları inamın və imanın  tamamilə başqa formaları  ruhlandırıb. Akademik Abasov üçün bütün bu təzadlar və ziddiyyətlər təbii görünüb: zəkaya inam, elmi-texniki tərəqqiyə inam. Midhət müəllim çoxlarından çox-çox əzəl  dərk edib ki, bütün bu tanrıdan və mənəviyyatdan kənar formalar geci-tezi, kor-koranə bütlərə çevrilib. Akademik Abasovu bütün nəsillərə sevdirən  əsas səbəblərdən biri də budur ki, onun insanlara bəxş etdiyi  ümumbəşəri xeyir-dualar, həyatın yüksək mənasına,  məişətin ali məqsədinə, estetik  tələblərin obyektiv xarakterinə həsr etdiyi klassik və akademik ibadət  məhəbbətin və mərhəmətin  abajursuz lampasında nurlanır. Yalnız nurdan yoğrulan ömür dairəsi və həyat  eşqi  tarixin bütün dövrlərində insan zəkasının  qüdrəti sayılan təfəkkür və  təkamülün  mənbəyini və köklü əsaslarını  təşkil edib, yaradıb, qurub, təkmilləşdirib. Həmişə deyərdi ki,  yalnız Nurun mahiyyəti xeyir və şəri  dərk etməyin ilkin mənbəyi, yeganə müjdəsidir. Deyərdi ki, baxın Allaha, dinə, inam da buna bənzəyir. Quran və Bibliya  onun üçün yalnız din və Allahdan bəhs   edən kitab deyildi, həm də bizdən, insanlardan  söhbət açan, bəşər nəslinin amansız  həqiqətlər güzgüsündə əks etdirən projektor işıqlarıydı.

Dünyanı bürüyən  ruhi düşkünlükdən,  riyakarlıq, saxtakarlıq, əxlaqsızlıq bazarından söhbət düşəndə Midhət müəllim deyirdi ki, əfsuslar olsun ki, müxtəlif  səbəblər üzündən bəzi nur sahiblərimiz  axıracan səmimi olmağı bacarmırlar. Sonra da əlavə edərdi ki,  “Mən Allahı dananlar cərgəsində əxlaqı  təmiz insanlara  rast gəlmişəm, fəqət axıracan səmimi olmayanların cərgəsində  təmiz əxlaq sahibinə rast gəlməmişəm”.

Bəli, akademik Midhət Abasov həm Allahın aşiqi idi, həm də hər kəsə yetəcək qədər səmimiyyətin! Midhət müəllim insanın  dilindəki yox,  qəlbindəkinə qiymət  verirdi. Akademik  insanı hər bir   vəziyyətdə şəxsiyyət görmək istəyirdi, düşünürdü ki, dualizm hər kəsin öz işidir.

Akademik dərk etdiyi həqiqəti  axırıncı mərhələdə axtarmayıb, ömrü boyu  soraqlayıb. Midhət müəllim  hər kəlməsində sanki belə deyirdi: “Ey insan oğlu! İnsanın dünyada ən böyük səadəti faciəni üstələmək hünəridir, çünki dünyanın bütün faciələri səfehlikdən baş verir. Tarix boyu bəşəriyyət  ağlasığmaz  dəhşətlərə can ataraq, müsibətlər pəncəsində qıymalanıb. Fəqət dərd burasındadır ki, çox az müddət keçən  kimi bu yaralar qaysaq tutub, fəlakətlər unudulub, faciələr yaddan çıxıb”.

Mənə söylənildiyinə görə, 1980-cı ildə Gürcüstan səfərindən Vətənə qayıdan Midhət  müəllim yolüstü Zaqatala Turizm Bazasının qonaq evində istirahətdə olan mərhum akademik Ələddin Quliyevi ziyarət edir. Bir də görür ki, bazanın yay  kinoteatrının  səhnəsində qanadları yaralanmış bir ana qartal çırpınır. Ətrafına toplaşan Sovet turistləri  onun yarasına  acımaq əvəzinə, imkansız  çırpınmasına rişxənd  edirmişlər. Bu əcaib mühitdən, yersiz sataşmalardan bezdikcə uçub uzaqlaşa bilməyən qartalın  gözlərinə qan  sızmışdı. Zirvələr fəth eləyən qartal bu yarımlüt   təlxəklərin qarşısında  aciz qalmasına dözə bilmirdi.  Midhət müəllim elə ordaca hirsindən və hikkəsindən qartal dimdiyinin anbaan necə çatlamasının şahidi olur. Elə həmin  anlarda anası Fatma xanım qədər sevdiyi (on bir yaşı olanda Şura hökuməti atasını güllələyib) Azərbaycanı düşünür. Elə ordaca akademik Ələddin müəllimə deyir ki,  qardaş, gün o  gün olsun,  yurdumuzda  qaranquş dimdiklərini  qartalların dimdikləri əvəz etsin.  Azadlıq da,  səadət də, müstəqillik və qüdrət də  qartal yuvasında olur, qaranquş yuvasında yox! Ay Ələddin, arzum budur ki,  xalqımızın “qanadları” hərdən yaralansa belə, bükülməsin, sınmasın, hikkəmizdən dimdiklərimiz çatlamasın.

Alim var ki,  onun elmə yüksək  vəzifə, şan-şöhrət həvəsi gətirir, alim də var ki, Vətən məhəbbəti, millət sevgisi! Akademik Midhət Abasovu elmə bağlayan Tanrı-Vətən-Millət sevdası olub. Midhət müəllimi elmə bağlayan Ata dünyası, Ana laylası, Ömür-gün Leylası olub!

Akademik Abasov müsahibələrinin birində  demişdi ki:  “İnsanın, xalqın və bəşəriyyətin  vəzifəsi mütləq mükəmməllik haqda  səmərəsiz  arzulardan, ölüm kabuslarından, məhdud və şərəfsiz  xidmətdən ibarət deyil, əksinə, insan, xalq və bəşəriyyətin vəzifəsi “yerdə olan hər şeyi” “göydə olan hər şeylə” razılaşdırmaqdan ibarət olmalıdır. Çünki yer üzündə Allahın hökmü, onun göydəki hökmünə tən gəlməlidir”.  Akademik Abasovun ən  böyük qüdrəti bax bu cür  məntiqin yenilməz şeydası olmasındadır.

İtirə-itirə gəldiyimiz  dünyada  dəyərlər də ucuzlaşıb, insan taleyinin əlvan naxışları da. Elə ona görədir ki, seçilmiş insanlara  sağlığında  qiymət verməyi bacarmırıq. Hər şeyə tələssək də, müqəddəsləşən  insanlarımızın  qədir-qiymətini  bilməkdə yaman gecikirik. Qəflət yuxusundan  ayılanda isə çox gec olur. Gecikmiş  canfəşanlıqlarsa  toydan sonrakı nağaradan uzaq gedə bilmir və nə sızıldayan  vicdanları, nə də narahat ruhları xilas edir.

Qoqol Rusiyadan Rusiyaya  çağrılırdı. Keçmiş Rusiyadan gələcək Rusiyaya. Fəqət bu  səfərdə qəza, bəla, faciə və müsibət, fəlakət  və bədbəxtlik  cilidi var... Rusiyanın “ölü canları”. Onun sözünə qüvvət, Mirzə Cəlil  də bizi Azərbaycandan Azərbaycana çağırırdı.  Keçmiş Azərbaycandan gələcək Azərbaycana. Bu səfərdə görünür,  bizim də qəza, bəla, faciə və müsibət, fəlakət və bədbəxtlik  cildimiz vardı...

M.Ə.Sabir sabun bişirəndə kirdən bədənləri deyil, könülləri təmizləməyi düşünüb. Sən də fani dünyamızda cıdıra  çıxmamışdın, ömrün karvan yoluydu. Sən həmişə deyərdin ki,  acgöz atı  yəhərləyib  sərvət və  şöhrət cıdırına  çıxanlar  unudublar ki, mənzil dəvə belindədir. Həm də yalnız asta  dəvə belindədir. Çünki bütün karvanların surətini asta dəvə nizamlayır. Bəzi nadanlar   gileylənirlər ki, mənalı ömürlər də, mənasız ömürlər kimi mənasız ölümlə yekunlaşır.

Bəziləri də deyinirlər ki, bütün ömürlər mənasız olmasalar da, bütün ölümlər mənasızdır. 

Əziz Midhət müəllim! Yerləri, göyləri dərk elədikcə  nə ömürdə məna  gəzdin, nə ölümdə! Dünyada qalacaq qədər dünya üçün, axirətdə qalacaq qədər axirət üçün mətanətin, məhəbbətin, mərhəmətin mübarək!

Rafiq ƏLİYEV
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü

 





01.08.2016    çap et  çap et