525.Az

Sarkisyanın Ermənistanda mövqeləri getdikcə zəifləyir


 

ETİRAZ AKSİYALARI GÖSTƏRİR Kİ, ERMƏNİLƏR ÜÇÜN SARKİSYAN İSTƏNİLƏN TERRORÇUDAN DAHA TƏHLÜKƏLİDİR

Sarkisyanın Ermənistanda mövqeləri getdikcə zəifləyir<b style="color:red"></b>

Ermənistan polisinin patrul-mühafizə alayının İrəvanın Erebuni rayonunda yerləşən binasını zəbt edən silahlı qrup hökumətə təslim olub.

Ermənistan milli təhlükəsizlik xidmətinin yaydığı açıqlamada bildirilib ki, antiterror əməliyyatı başa çatıb, 20 terrorçu saxlanılıb, patrul-mühafizə alayının binası tam təmizlənib.

Bununla 2 həftədən çox hüquq-mühafizə orqanları ilə terrorçu qruplaşması arasında davam edən silahlı toqquşmalar başa çatıb. Terrorçu qrupun rəhbərlərindən biri Varujan Avetisyan bəyan edib ki, təslim olmaq qərarına gəlsələr də, Ermənistanda xalq hərəkatına təkan veriblər.

Siyasi hakimiyyətdən narazı olan Ermənistan əhalisinin terror şəbəkələrinin hökumətə qarşı təşkil etdiyi silahlı üsyanları belə dəstəkləməsi bu ölkədə vəziyyətin nə qədər dözülməz olduğunu göstərir. Belə görünür ki, etirazlar bundan sonra da davam edəcək. Əhali hər an meydanlara axışıb etiraz nümayişləri keçirmək üçün fürsət gözləyir. Artıq ermənilər üçün bu cür aksiyaları kimin və hansı üsullarla həyata keçirməsinin heç bir fərqi yoxdur. Çünki Ermənistan vətəndaşları cinayətkar Sarkisyan rejimini istənilən terrorçudan daha təhlükəli, daha qorxulu hesab edirlər.

Təbii ki, Ermənistanda baş verən siyasi gərginlik Azərbaycanda da diqqətlə izlənilir. Dövlətimizin bir nömrəli problemi - Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqların sürətləndiyi, real nəticə əldə olunmasına yaxınlaşdığımız ərəfələrdə işğalçı ölkədə baş verən qarşıdurmalar, siyasi fəalların, parlamentarilərin qətlə yetirilməsi, həbs olunması kimi hadisələr sistematik hal alır. Buna görə də, Azərbaycan ordusunun düşmənə hazırkı gücünü göstərdiyi aprel döyüşlərindən sonra danışıqların bərpa olunması, demək olar ki, ayda bir dəfə Ermənistan və Azərbaycan prezidentlərinin görüşünün təşkil edilməsi, xarici dövlətlərin rəsmi nümayəndələrinin regiona ard-arda səfərlər həyata keçirməsi fonunda yenidən işğalçı ölkədə gərginliyin yaranması əksər ekspertlərdə eyni fikirlər yaradır: Ermənistanda hakmiyyət Dağlıq Qarabağ danışıqlarından uzaqlaşmaq, münaqişənin həllini yubatmaq üçün növbəti hiyləyə əl atıb.

Məsələ ilə bağlı Yeni Azərbaycan Partiyasının İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib ki, 1996-cı ildə mərhum prezident Heydər Əliyevin səyi nəticəsində Azərbaycan və Ermənistan Dağlıq Qarabağ probleminin həllinə çox yaxınlaşmışdı: "Ancaq Ermənistanın o zamankı baş naziri, Azərbaycanın işğal edilmiş zonalarında keçmiş səhra komandiri olan Robert Koçaryan və ordu rəhbərliyi bunun əleyhinə çıxdılar.

Nəticədə Ermənistan prezidenti Levon Ter-Petrosyan istefaya getməli oldu".

A.Mirzəzadə qeyd edib ki, 1999-cu ildə Azərbaycan və Ermənistan yenidən problemin həllinə çox yaxınlaşdı: "Ancaq həmin ilin oktyabr ayında bir qrup silahlı şəxs Ermənistan parlamentinə hücum etdi və 8 nəfəri, o cümlədən, həmin dövrdə ölkədə nüfuz sahibi olan baş nazir Vazgen Sarkisyanı və spiker Stepan Dəmirçiyanı qətlə yetirdilər. Bununla da ehtimal edilən həll qeyri-müəyyən dövrə saxlanıldı".

Deputat söyləyib ki, bu ilin aprel ayında Ermənistan-Azərbaycan cəbhə xəttində aparılan hərbi əməliyyatlar və ordumuzun əldə etdiyi hərbi uğurlardan sonra Ermənistan kompromislərə hazır olduğunu elan edib: "May və iyun aylarında Azərbaycan və Ermənistan prezidentlərinin görüşləri keçirilib, ATƏT-in Minsk Qrupunun həmsədri Rusiyanın diplomatik fəallığı artıb. Son günlər prezidentlərin yeni görüşünün hazırlandığı və məsələnin həllində ümidlərin artdığı barədə də məlumatlar yayılır. Ancaq bu ərəfədə - iyulun 17-də bir qrup silahlı şəxs İrəvanın mərkəzində yol polisinin post-patrul xidmətinin binasını ələ keçirir. Təsadüfən orda Ermənistan polisinin rəis müavini olan general rütbəli şəxs də olur. Saxlanılan girovlar tədricən azad edilib, ancaq bina uzun müddət silahlıların əlində qalır. Bu nədir, Ermənistan üçün adi bir kriminal hadisə, yoxsa Ermənistan Dağlıq Qarabağşünaslarının Dağlıq Qarabağ probleminin həllinin qarşısını almaq üçün istifadə etdikləri köhnə üsul? Tamamilə mümkündür. Ancaq İrəvanda unudurlar ki, Azərbaycan artıq ötən əsrin 90-cı illərinin Azərbaycanı deyil və işğal edilmiş torpaqlarının həmişəlik Ermənistanın nəzarətinin altında qalmasına dözmək fikri də yoxdur".

"Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu isə bildirib ki, Ermənistanda vəziyyət getdikcə gərginləşir: "Polislə müxtəlif şəhərlərdə nümayişlərə çıxanlar arasında toqquşmaların sayı artır. Ermənistan prezidenti Serj Sarkisyan çətin seçim qarşısındadır. O, bir tərəfdən polis məntəqəsini ələ keçirən silahlı qrupu neytrallaşdırmaq məcburiyyətindədir, digər tərəfdən qan töküləcəyini də bildiyindən hakimiyyətin cəmiyyətin bir hissəsi ilə qarşıdurmasının qaçılmaz olduğunu anlayır".

Politoloqun sözlərinə görə, Ermənistanda hazırkı hadisələr ona görə baş verir ki, birincisi, cəmiyyət indiki hakimiyyəti seçki yolu ilə uzaqlaşdırmağın çətin olduğunu anlayır: "Cəmiyyətin bir hissəsi nümayişlərə və küçə yürüşlərinə üstünlük verir".

E.Şahinoğlunun fikrincə, Sarkisyan əlindən gələn hər şeyi edəcək ki, gələcək hakimiyyət onun və ya varisinin nəzarətində qalsın.

Ermənistan cəmiyyətinin Dağlıq Qarabağdakı aprel uğursuzluğunun səbəbini məhz korrupsiya ilə əlaqələndirdiyini deyən mərkəz sədri qeyd edib ki, ordu o qədər korrupsiyalaşıb ki, hakimiyyət cəbhə bölgəsindəki hərbçilərini qorumaq iqtidarında deyil: "Səfalət fonunda erməni generalların İrəvan ətrafındakı bahalı villaları cəmiyyəti narazı salır. Ona görə də belə vəziyyətdə cəmiyyətin radikal hissəsi silaha əl atır".

Politoloq hesab edir ki, Sarkisyan silahlı müxalifətin iyulun 17-də ələ keçirdiyi polis məntəqəsini azad etsə belə, bu, Ermənistan hakimiyyətinin silahlı müxalifətlə növbəti qarşıdurmasını əngəlləməyəcək: "Ermənistan yeganə ölkədir ki, 1999-cu ildə silahlılar rahat şəkildə parlamentə daxil olaraq ölkə rəhbərliyindəki əsas simaları qətlə yetiriblər. Ermənistan tarixində terror təcrübəsi olan təşkilatlar az deyil. Əvvəllər bu terrorçu təşkilatlar türkləri hədəf alırdılar, Qarabağda qətllər törədirdilər. İndi isə həmin terrorçu təşkilatlar silahları bir-birlərinə qarşı istifadə edirlər və bu da Ermənistanda qətllərin sayının artmasına gətirib çıxaracaq. Bu proses hələ uzun müddət davam edəcək".

E.Şahinoğlu bildirib ki, Azərbaycan Ermənistandakı proseslərin gedişatına mane olmamalıdır: "Əksinə, Ermənistan daxili qüvvələrin bir-birlərini zəiflətməsi Azərbaycanın xeyrinədir. Çünki zəifləmiş Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həllində güzəştə məcbur qala bilər. Buna baxmayaraq, Serj Sarkisyanın diqqəti yayındırmaq üçün növbəti dəfə cəbhə bölgəsində təxribat yaradacağı da istisna deyil. Onun bu təxribatda məqsədi Ermənistandakı bütün siyasi qüvvələrin diqqətini Azərbaycana qarşı yönəltmək ola bilər. Ancaq Azərbaycan ordusu apreldə olduğu kimi Ermənistana cavab atəşi ilə daha böyük zərər verəcək. Bu isə Sarkisyanın hakimiyyətini daha da zəiflədəcək. Vaxtilə Azərbaycanda da eyni proseslər baş verib. İndi növbə Ermənistanındır.

Rusiya Sarkisyanı müdafiə edir. Çünki erməni cəmiyyətində belə fikirlər var ki, Rusiya Ermənistanın maraqlarını satıb. Moskvaya elə gəlir ki, Sarkisyanı əvəzləyəcək qüvvə Rusiyadan uzaqlaşacaq, hətta indinin özündə də rusiyalı siyasətçilərin bəziləri İrəvanda polis məntəqəsinin ələ keçirilməsində Amerikanın izini axtarırlar. İrəvan ətrafındakı polis bölməsinin sistemdənkənar müxalifət tərəfindən ələ keçirilməsində və polislə toqquşmaların təşəbbüskarı Amerika olmasa belə, Vaşinqton Ermənistanın Rusiyanın nəzarətindən çıxmasında maraqlıdır".

Mərkəz sədri, xatırladıb ki, 1993-cü ildə Azərbaycanda qiyam baş verib: "Surət Hüseynov qoşun birliklərini Qarabağdan çıxararaq hakimiyyətə qarşı qiyam planını həyata keçirmək istədi. Surət Hüseynov prezident Əbülfəz Elçibəyi devirmək üçün Rusiya ilə razılaşmışdı. Ermənistan hakimiyyəti Azərbaycandakı bu qiyamdan öz məqsədləri üçün istifadə etdi. Bakıda hakimiyyət uğrunda mübarizə gedərkən Ermənistan ordusu Azərbaycan torpaqlarının işğalını genişləndirdi. İndi eyni situasiya Ermənistanda yaranıb. Bu vəziyyətdə Serj Sarkisyan keçmiş prezident Levon Ter-Petrosyandan fərqli olaraq hakimiyyətdən asanlıqla ayrılmayacaq. Levon Ter-Petrosyan faktiki modern çevrilişə məruz qalıb. Çevrilişi həyata keçirən iki əsas fiqur var idi, biri o zamankı baş nazir Robert Köçəryan, digəri isə indiki prezident, keçmiş daxili işlər və milli təhlükəsizlik naziri Serj Sərkisyan idi. Hər ikisi Levon Ter-Petrosyanın hakimiyyəti tərk etməsi əvəzinə ona toxunulmazlıq status vəd etdilər. Levon Ter-Petrosyandan fərqli olaraq Serj Sarkisyana heç kim hakimiyyətdən gedəcəyi qarşılığında toxunulmazlıq statusu verməyəcək. Sarkisyan bunu bildiyindən hakimiyyətdə ya sona qədər dirənməyə çalışacaq, ya da vəziyyətin çıxılmaz olduğunu anladıqda üçüncü ölkələrdən birinə qaçacaq".

E.Şahinoğlu bildirib ki, Serj Sarkisyanın yerinə hakimiyyətə iki qüvvə gələ bilər: "Birinci qüvvə polis bölməsini nəzarət altında saxlayan sistemdənkənar silahlı müxalifətdir. Bunlar Sarkisyan qədər qəddardırlar və torpaqlarımızın işğalında və qətliamlarda Sarkisyan qədər günahkardırlar. Ona görə də belələrinin hakimiyyətə gəlişi halında onlardan Qarabağ danışıqlarında geri addım atacağını gözləmək yersizdir. İkinci qüvvə Qarabağ klanına aid olmayan Ermənistanın parlament müxalifətindən formalaşanlar ola bilər. Bu qüvvələrlə təmas qurmaq mümkündür. Onlar hər halda münaqişənin davamının Ermənistan üçün necə böyük yük olduğunu anlamamış deyillər".

Azərbaycan və Ermənistan prezidentlərinin gözlənilən Paris görüşü ilə bağlı fikirlərini deyən politoloq hesab edir ki, hələlik prezidentlərin növbəti görüşündən real nəticə gözləmək problematikdir: "Çünki birincisi, Ermənistan hakimiyyəti əvvəlkitək Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasına razı deyil. İkincisi, böyük dövlətlər bu məqsədlə İrəvana təsir və təzyiq etmirlər. Buna baxmayaraq Serj Sarkisyanın Ermənistanda mövqeləri getdikcə zəifləyəcək. Ermənistan faktiki vətəndaş müharibəsi astanasındadır. Belə vəziyyətdə o ancaq hakimiyyətini və ailəsini qorumaq haqqında düşünür. Dağlıq Qarabağ onun üçün arxa plana keçib. Ona görə də Sarkisyanın danışıqlarda geri addım atacağını gözləmək mümkün deyil".

Ceyhun ABASOV

 





02.08.2016    çap et  çap et